Interposta.Info

Neft Fondunun Rusiyaya yönəlik sərmayə siyasəti

İqtisadiyyat
 21-04-2018, 09:50     10 415

Ekspert: “Bu siyasəti dayandırmaq, əldə olunan dvidentləri daha perspektivli sahələrə yatırmaq lazımdır”
Şimal qonşumuz olan Rusiyada yerli valyutanın dəyər itirməsi bir çox istiqamətlərdə Azərbaycan üçün təsirsiz ötüşmür. Bu istiqamətlər arasında Dövlət Neft Fondunun Rusiyaya yatırdığı sərmayələr mühüm yer tutur. Belə ki, 2013-cü ildən etibarən Neft Fondu Rusiyanın böyük banklarından olan VTB-nin səhmdarına çevrilib. Fond bankın 500 milyon dollardan yuxarı dəyərində səhminə malikdir. Bundan əlavə, Neft Fondu 133 milyon dollara Moskva şəhərində “Tverskaya 16" ünvanında yerləşən ”Qalereya Aktyor" ofis-ticarət mərkəzini əldə edib. Rusiya rublunun dəyərsizləşməsi Fondu nəinki bu yatırımlardan əldə olunası gəlirlərdən məhrum edir, hətta zərərlə üzləşməsinə səbəb olur.

İqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, Neft Fondunun investisiya siyasəti hər zaman diqqət mərkəzində olur:
“Xüsusilə Rusiya və son zamanlar Türkiyəyə sərmayələr yüksək risk kateqoriyasına daxil edilən sərmayələrdir. Neft Fondu VTB-də 3 faizə yaxın paya malikdir. Eyni zamanda Moskvada daşınmaz əmlaka malikdir. Bank VTB dövlət bankı olduğundan ABŞ-ın sanksiyalarının əhatə dairəsinə düşür ki, bu da onun fəaliyyətinə mənfi təsir göstərir. Bu mənfi təsirin isə getdikcə daha da artacağı gözlənilir. Neft Fondu VTB-nin səhmlərini alanda təxminən 500 milyon dollar sərf etmişdi. İndi onları satmaq istəsə, qiymət təxminən 400 milyon dollardan bir qədər çox olacaq. Yəni Neft Fondu bu sərmayədən təxminən 90 milyon dollar itirib”.

Neft Fondunun Rusiyaya yönəlik sərmayə siyasəti

Daşınmaz əmlaka gəlincə, Neft Fondunun ümumilikdə bu yatırımlardan əldə olunan gəliri birinci rübdə təxminən 300 milyon dollar təşkil edib:
“Bu zaman açıqlanmır ki, hansı ölkədəki əmlakdan nə qədər gəlir əldə olunub. Lakin reallıq budur ki, Rusiyada daşınmaz əmlakın dəyərdən düşməsi prosesi gedir. Sanksiyaların təsiri artdıqca bu proses də güclənəcək. Eyni zamanda nəzərə alaq ki, Rusiyadan kənara kapital axını var və onun getdikcə sürətlənməsi proqnozlaşdırılır. Hər bir halda, Neft Fondu Rusiyadakı aktivlərinə münasibətdə siyasəti dəyişməlidir”.

Ekspert hesab edir ki, Neft Fondunun Rusiyaya yatırımları iqtisadi əsaslardan daha çox siyasi səbəblərə bağlıdır:
“Burada iqtisadi dvident əldə olunması prinsipindən yanaşma yoxdur. Reallıqda belə olmalıdır ki, Neft Fondu investisiya qoyuluşu siyasətində Azərbaycan iqtisadiyyatına yaxın olmayan ölkələrə üstünlük verməlidir. Vəsaitin yerləşdirilməsində məqsəd odur ki, ölkə böhrana düşdüyü vaxtlarda Neft Fondunun vəsaitlərindən istifadə edə bilsin - necə ki, istifadə etdi. Rusiyada da bizimkinə oxşar iqtisadiyyatdır. Sabah eyni iqtisadi problemlərlə üzləşə bilərik”.

S.Əlievin sözlərinə görə, Azərbaycan tədricən Rusiyadakı aktivlərdən imtina etməlidir:
“Düzdür, bu gün dünya fond birjalarında vəziyyət elədir ki, gəlir əldə etmək çox çətindir. Lakin bu bizə əsas vermir ki, yüksək riskli iqtisadiyyatlara yatırım edib vəsaitlərimizi itirmək riski ilə üzləşək. Məsələn, birinci rübdə Rusiya rublu 0,6 faiz möhkəmlənib. Lakin təkcə aprel ayının ötən dövründə 3 faizədək dəyərsizləşib. Bu valyutanın perspektivi uğurlu görünmür. Bu baxımdan, Rusiyaya vəsait yatırmaq siyasətini dayandırmaq lazımdır. Fondun açıqladığı məlumatlardan aydın olur ki, VTB-dən əldə etdiyi dvidentləri yenidən rubl formasında bankın səhmlərinə yatırır. Bu siyasəti dayandırmaq, əldə olunan dvidentləri daha perspektivli sahələrə yatırmaq lazımdır”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26