Interposta.Info

Tehran Novruzda Azərbaycana gəlmək istəyənlərə vergini artırdı -

İqtisadiyyat
 16-03-2018, 10:48     10 464

Ekspertlər qeyd edir ki, bu il İrandan gələn turistlərin sayında azalma gözlənilir

Novruz bayramına artıq sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də ölkəmizə ərəb ölkələrindən, Rusiyadan və xüsusən də daha çox İrandan və Cənubi Azərbaycan şəhərlərindən turistlərin gələcəyi gözlənilir. Artıq bayram ərəfəsində çoxsaylı turistlərin ölkəmizə təşrif buyurduğunun şahidi oluruq.

Qeyd etdiyimiz kimi, hər il olduğu kimi, bu il də turistlərin daha çox İrandan gələcəyi gözlənilir. Qeyd edək ki, ötən il təkcə bayram ərəfəsində 14 min İran vətəndaşına viza verilmişdi. Lakin ekspertlər qeyd edir ki, bu il İrandan gələn turistlərin sayında ötən illərlə müqayisədə azalma baş verəcək. Bunun səbəbini isə bu ölkədəki iqtisadi-siyasi proseslərlə bağlıdır.

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov da oxu.az saytına açıqlama verərək bildirib ki, İranda dolların məzənnəsi yüksəlib, bundan əlavə, xaricə gedən hər turistdən alınan verginin məbləğinin dövlət tərəfindən qaldırılması yönündə fikirlər var ki, bütün bunlar İrandan gələn turistlərin sayına təsir edib:

“Nəinki Azərbaycan turizmində, digər ölkələrin bu sektorunda İrandan gələn turistlərin sayında azalma var”.

Məlum olub ki, martın 20-dən İran hökuməti xaricə səyahətə gedənlərə tətbiq etdiyi vergini artıracaq:


“Belə ki, başqa ölkəyə hava nəqliyyatı ilə səfər edənlər 15 dollar deyil, 45 dollar, quru nəqliyyatı ilə səfər edənlər isə 7 dollar deyil, 15-20 dollar ödəməli olacaqlar”.

N.Bağırov bazarda yaranan boşluğu Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Rusiyadan olan turistlər hesabına tarazlaşdırmağa çalışacaqlarını bildirib. Onun sözlərinə görə, hazırda ölkənin turizm bazarında ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edir. Hotellərin qiymətlərinin bayram ərəfəsi necə formalaşacağına gəlincə, N.Bağırov qeyd edib ki, ötən il İran bazarı azaldığı üçün bu il qiymətlər ötən ilə nisbətən aşağı olacaq.

"XeberBiz" xəbər verir ki, turizm üzrə mütəxəssis Çingiz İsmayılov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Bayramda nə qədər turist gələcəyini indidən proqnozlaşdırmaq olmur. Əsas odur ki, turizmin təşkili, serviz məsələsi, qiymətlər müvafiq olsun. Bu zaman xarici ölkələrdən turist axını olacaq. Düşünmürəm ki, İrandan gələn turistlər bu il az olsun. Yəni dəqiqliklə bunu heç kim deyə bilməz. Hazırda turizm sahəsinə dövlət səviyyəsində xüsusi diqqət edilir. Eyni zamanda strukturlar, sahibkarlar artıq bu sahəyə öz diqqətini yönəldib. Bir daha qeyd edim ki, bu məsələdə əsas odur ki, qonşularla rəqabətdə üstünlüyə malik olaq. Əgər biz bunu təmin etsək, turistliklə bağlı narahatçılığımız da olmayacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26