Interposta.Info

Qazımız neft itkilərimizi kompensasiya edə biləcəkmi...

İqtisadiyyat
 17-02-2018, 11:28     10 462

“İstənilən halda qaz resursları da ölkəmizindir, ondan əldə olunan gəlirlərin də iqtisadiyyatımıza qatqısı olacaq” - ekspert

Bu ilin ortasında ilk Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsi ilə Türkiyəyə çatdırılacaq. Bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib. O bildirib ki, 2020-ci ilə isə “Şahdəniz” qazı İtaliyanın cənubuna çatdırılacaq.

Pərviz Şahbazovun sözlərinə görə, “Azərbaycan daim neft ölkəsi kimi tanınıb, amma Cənub Qaz Dəhlizi layihəsi ilə təbii qaz hasil edən ölkəyə çevrilir”.

Nazir vurğulayıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə qazını Avropaya ixrac etmək imkanı əldə edib: “Dünya qaz bazarlarına çıxmaq bizim üçün əsas prioritetlərdəndir. Biz bu layihə ilə Avropanın enerji təhlükəsizliyinə töhfə veririk”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazını Gürcüstan, Türkiyə Yunanıstan, Bolqarıstan, Albaniya ərazilərindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya çatdırmağı nəzərdə tutur.

Bəs görəsən, Azərbaycan bundan nə qədər gəlir əldə edəcək? Ölkənin neft hasilatının azaldığı bir dövrdə Cənub Qaz Dəhlizi Bakı-Tiflis-Ceyhan boru kəmərini əvəz edə biləcəkmi? Bu layihə Azərbaycanın Avropadakı nüfuzuna və ölkəmizin demokratik dəyərlərə inteqrasiyasına necə təsir edəcək?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, bu layihənin işə düşməsi Azərbaycanın uğuru kimi qiymətləndirilsə də, ondan gələn gəlirlər neft gəlirlərinə bərabər olmayacaq: “Azərbaycan cəmiyyətində bəzi hallarda yanlış təəssüratın formalaşmasını müşahidə edirik. Bəzi vətəndaşlar hesab edir ki, növbəti dövrdə, məsələn 2020-ci ildən sonra Azərbaycan qazının dünya bazarına çıxış imkanları artdığında ölkənin neft gəlirlərinin azalmasını kompensasiya edəcək mənbəyə çevriləcək. Heç bir halda Azərbaycanın qaz gəlirləri neft gəlirlərini kompensasiya edə bilməz. Çünki Azərbaycan vaxtilə neftin ixracından il ərzində ölkəyə 25-30 milyard dollar həcmində vəsait axınını təmin edə bilib. Ancaq qaz gəlirləri hazırda təxminən illik 1,2 -1,5 milyard dollar arasındadır. Növbəti dövrlərdə, TAP və TANAP layihələri istifadəyə verildikdən sonra Azərbaycanın dünya bazarına təxminən 10 milyard kubmetr qaz ixrac etməsi nəzərdə tutulur. TANAP layihəsinin 2019-cu ilin ortalarında istifadəyə verilməsi gözlənilir. Bu zaman layihə ilə 6 milyard kubmetr qazın ötürülməsi planlaşdırılır. Hər iki layihənin işə düşməsindən sonra hətta Azərbaycan illik 16 milyard kubmetr qaz əlavə olaraq dünya bazarına çıxardıqda, ölkənin qaz gəlirləri hazırki dövrlə müqayisədə ən yaxşı halda 1,7 dəfə artacaq. Bu isə o deməkdir ki, illik qaz gəlirləri 3-3,5 milyard dollar ətrafında olacaq”.

İqtisadçı onu da bildirdi ki, bu layihənin tutumu hələ ki, ancaq Azərbaycan qazının dünya bazarına çıxarılmasını təmin etdiyindən tranzit gəlirlərindən danışmaq tezdir: “Cənub Qaz Dəhlizi layihəsindən Azərbaycan qaz tranzitindən də gəlir əldə edə bilər, bu da müsbət qiymətləndirilə bilər. Lakin kəmərin ilkin gücü o qədər çox deyil. Bu kəmərin ötürmə gücü işlər tam başa çatdıqdan sonra 16 milyard kubmetr olacaq. 16 milyard kubmetr isə ”Şahdəniz 2"-dən sonra, “Abşeron” qaz yataqlarının da istismara verilməsi ilə öz hasilatı hesabına doldurula biləcək həcmdir. Növbəti dövrlərdə isə TAP layihəsinin ötürmə gücü əlavə 10 milyard kubmetr də artırıla bilər, lakin onun nə vaxt həyata keçiriləcəyi hələ dəqiq deyil. Hələlik bununla bağlı hər hansı addım atılmayıb. Bəlkə o zaman Azərbaycan əlavə mənbələr hesabına, məsələn Türkmənistan qazının Azərbaycan üzərindən ötürülməsinə icazə verə bilər və bundan gəlirlər əldə oluna bilər. Lakin bu gəlirləri heç zaman neft gəlirlərini əvəz edə bilməyəcək".

R.Həsənovun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin reallaşmaasına görə, Azərbaycan beynəlxalq maliyyə institutlarından kifayət qədər borc götürüb ki, 2020-ci ildən sonra layihə gəlirlərinin əksər hissəsi bu borcun ödənilməsinə sərf olunacaq: “Onu da nəzərə almaq lazımdır ki, bu layihələrin həyata keçirilməsi zamanı Azərbaycan öz üzərinə çox böyük maliyyə öhdəlikləri götürüb. Bu layihələrin icrası ölkənin neft gəlirlərinin kəskin azalması dövrünə təsadüf etdiyi üçün, işin dayanmaması məqsədi ilə xarici maliyyə institutlarından iri borclanmalar baş tutdu. O borcların növbəti dövrlərdə geri qaytarılması prosesi ölkəyə daxil olan qaz gəlirlərinin əhəmiyyətli hissəsini borcların ödənişinə yönəldilməsinə gətirib çıxaracaq. İstənilən halda qaz gəlirləri neft gəlirlərini əvəz edə bilməz. Qaz satışından Azərbaycan çox da böyük vəsaitlərin daxil olmasını gözləməməlidir. Ölkə başçısı da bu məqamları nəzərə alaraq, Davos forumunda Azərbaycanın karbohidrogen gəlirlərini unutmasını və öz növbəti inkişaf strategiyasını məhz iqtisadiyyatın şaxələndirilməsi yolu ilə digər mənbələr hesabına formalaşmasının zəruriliyini qeyd etdi. Yalnız bənzər yanaşma ortaya qoyulanda, hökumət həqiqətən də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səmimi qərarlar qəbul edib, onların icrasını təmin edərsə, Azərbaycan neft və qaz gəlirlərinin dinamikasına o qədər də diqqət etməyəcək. Bu vəsaitlər ölkə iqtisadiyyatı üçün müəyyən qədər əhəmiyyətini itirməklə dayanıqlı inkişafı sığortalayacaq. Bütün diqqət alternativ sahələrdən gəlirlərin əldə olunmasına yönəldilməlidir. İstənilən halda qaz resursları da ölkəmizindir, ondan əldə olunan gəlirlərin də iqtisadiyyatımıza qatqısı olacaq. Lakin istənilən halda 2015-ci ilə qədərki təcrübədən tamamilə imtina etmək lazımdır. Bu vəsaitlər maksimum səmərəli və əlavə dəyər yaradacaq istiqamətə yönəldilməklə digər sahələrin şəxələndirilməsi və inkişafı üçün maliyyə mənbəyi kimi istifadə edilməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26