Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...
Ekspert: “Təyinatlı kreditləşmə beynəlxalq praktikada da mövcuddur”
Dünya Bankının məlumatlarına əsasən, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də payı 50 faiz, məşğulluqdakı payı isə 60 faizdən yuxarıdır. Dünyanın inkişaf etməkdə olan ölkələri də iqtisadi dayanıqlılığın gücləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və iqtisadi aktivliyin təmin edilməsi üçün məhz kiçik və orta sahibkarlığın inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirir. Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələrin 99 faizini kiçik və orta müəssisələr təşkil edir ki, bunların da məşğulluqda və ÜDM-də payı 60 faizdən çoxdur.
Azərbaycanda da kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabət qabiliyyətinin artırılması, məşğulluğun və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ölkədə bu istiqamətdə müəyyən addımlar atılır. 2016-cı ildə prezident tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlığın inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər arasında sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi xüsusi yer tutur. Yol xəritəsi təsdiq olunmasından keçən müddət ərzində həmin tədbirlərin reallaşdırılması istiqamətində bir sıra addımlar atılıb. Lakin hələ ki Azərbaycanda kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yetərincə genişləndiyini söyləmək mümkün deyil.
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, sahibkarların kreditə əlçatanlığı Azərbaycan iqtisadiyyatının ən zəif həlqələrindən biridir: “Bu məsələ beynəlxalq hesabatlarda da öz əksini tapır. Məsələn, Dünya Bankının ”Doing Business" hesabatında da bu göstəriciyə görə Azərbaycan 190 ölkə arasında 112-ci yeri tutub. Bu, kifayət qədər zəif göstəricidir. Ölkədə bütün istiqamətlərdə maliyyə əlçatanlığında problemlər var. İstər dövlətin maliyyə mexanimləri, istərsə də özəl maliyyə mənbələri zəif inkişaf edib. Dövlətin güzəştli kreditləşmə mexanizmlərinə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrokreditləriun layihələndirilməsi və dəstək fondu, İnformasiya texnologiyalarına dəstək fondu və sair aiddir. Bundan başqa, Azərbaycan İnvestisiya Şirkəti də müxətlif istiqamətlərdə güzəştli maliyyələşdirmə mexanizmləri tətbiq edir. Amma bu şirkətin vəsaitlərinin demək olar ki, 75 faizi ağır sənaye istiqamətinə yönəldilir. Ümumiyyətlə götürdükdə, bu gün ən aktiv güzəştli kreditləşməni Sahibkarlığa Kömək Milli Fondudur ki, onun da resursları məhduddur. 2014-cü ildən sonra fond vasitəsilə sahibkarlığın maliyyələşdirilməsi kəskin şəkildə azalıb. Əgər 2014-cü ildə Fondun güzəştli kreditləşməyə yönəltdiyi vəsait 300 milyon manat idisə, 2017-ci ildə bu, 146 milyon manata qədər azalıb. Bu, onu göstərir ki, hazırda dövlətin güzəştli maliyyələşdirmə mexanizmləri kifayət qədər məhduddur. Məsələn, ötən il ümumilikdə ölkə iqtisadiyyatına kredit qoyuluşları 5 milyarddan artıq olub. Bu şəraitdə 146 milyon manat çox kiçik rəqəmdir".
Ekspert deyir ki, Azərbaycan kimi bazar iqtisadiyyatına keçid tarixi yaxın olan ölkələrdə ilkin kapital çatışmazlığı ən mühüm problemlərdən biridir: “Çünki burada əvvəlki dövrlərdə kapital toplanması üçün şərait olmayıb. Bura ilk növbədə aiddir postsovet ölkələri. Biznes qurmaq üçün ilkin kapitalın olmaması təşəbbüskarlığın qarşısını alan ən mühüm problemdir. Belə bir şəraitdə təşəbbüskarlığı dəstəkləmək üçün çox güclü maliyyə mexanizmləri təmin olunmalıdır. Burada özəl sektorun təşviq olunması, xarici kapitalın bank sektoruna cəlb edilməsi ilə yanaşı, dövlət özü də güclü və irihəcmli kreditləşmələr həyata keçirməlidir”.
Onu da qeyd edək ki, ölkədə sahibkarlığa yönəlik güəştli kreditləşmə əsasən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu(SKMF) vasitəsilə həyata keçirilir. Ötən il Fond 146 milyon manat güzəştli kredit verib. Fondun ayırdığı kreditlərin 116,87 milyon manatı və yaxud 80,1 faizi 27 iri layihəyə yönəldilib. 8,941 milyon manat və 6,1 faiz vəsaitlər 41 orta layihəyə, 20,189 milyon manatı, yaxud 13,8 faiz isə 1 875 kiçik layihəyə verilib.
Kreditlərin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə paylanmasına gəlincə, ötən il SKMF daha çox kənd təsərrüfatı məhsullarının istehsalçılarına vəsait ayırıb: 1 860 layihəyə 93 625,5 milyon manat. Bu, bütün layihələrin 95,2 faizi, bütün kreditlərin isə 64,1 faizi deməkdir.
Sənaye məhsullarının istehsalçılarına 68 layihə üzrə 33 663,5 milyon manat, kənd təsərrüfatı məhsullarının emalçılarına 11 layihə üzrə 3,356 milyon manat, turizmin inkişafına isə 8 layihə üzrə 5,875 milyon manat ayrılıb.
İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr xidmətindən aldığımız məlumata görə, 2018-ci ilin ötən dövrü ərzində geri qaytarılmış vəsaitlər hesabına sahibkarlara daha 18 milyon manat güzəştli kredit verilib.
Azərbaycan qanunvericiliyində hansısa sahibkara təbəqəsinə güzəştli kredit ayrılması nəzərdə tutulmur. Lakin nazirlikdən bildirildiyinə görə, Fondun vəsaitləri ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
R.Həsənov isə bildirir ki, təyinatlı kreditlər sisteminin tətbiqi beynəlxalq praktikada da mövcuddur: “Dövlət görürsə ki, hansısa sahənin inkişafı üçün maliyyə çatışmazlığı var və həmin sahədə inkişaf potensialı yüksəkdir, onda bu sahəyə öz vəsaitlərini güzəştli şərtlərlə yönəldə bilər. Burada hər hansı problem yoxdur. Hazırda ölkədə prioritet kimi kiçik və orta sahibkarlığın inkişafı götürülüb. Bu, çox vacib məsələdir Azərbaycan üçün. Kiçik və orta sahibkarlığın inkişafı baxımından Azərbaycan dünya üzrə orta göstəricidən 7-8 dəfə geri qalır. Buna görə də bu istiqamətə dövlət dəstəyinin güclənməsi vacibdir. İri sahibkarlığa nisbətən kiçik və orta sahibkarlığın biznes kreditlərinə çıxış imkanları çox məhduddur. Bu şəraitdə sonuncuların maliyyə resurslarına əlçatanlığını dövlət mexanizmləri vasitəsilə gücləndirməklə bərabər, bu sahədə şəffaflığı təmin etmək mühüm əhəmiyyət kəsb edir”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26