Interposta.Info

“Sadələşdirilmiş vergi həddinin artırılması vergidən yayınmanın da qarşısını ala bilər” -

İqtisadiyyat
 15-02-2018, 11:46     8 993

Qalib Toğrul: “Əgər deyilənlər hamısı həyata keçirilərsə, o zaman Vergilər Məcəlləsinə edilən növbəti dəyişiklikdə sahibkarlar üçün müəyyən güzəştlər və üstünlüklər olacaq”

Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Vergilər. Şəffalıq. İnkişaf" mövzusunda konfransda çox önəmli təkliflər səsləndirilib ki, bunlardan biri də Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov tərəfindən təklif edilən sadələşdirilmiş vergi həddi artırılması ilə bağlıdır. Vahid Əhmədov konfransdakı çıxışında bildirib ki, sadələşdirilmiş vergi ilə bağlı dəyişikliklər edilməli, bu verginin tətbiqi ilə bağlı hədd artırılmalıdır. ASK-nın sədri Məmməd Musayev də deputatın təklifini dəstəkləyərək sadələşdirilmiş vergi ilə bağlı həddin indiki 200 min manatdan daha yüksək olmasını zəruri hesab edib.

Bundan başqa, konfransda ƏDV-nin diferensiallaşdırılması məsələsi də müzakirə olunub. Deputat Vahid Əhmədov vurğulayıb ki, Azərbaycanda ƏDV-nin dərəcəsinə yenidən baxmaq lazımdır: “Avropanın ayrı-ayrı ölkələrində ƏDV-nin orta dərəcəsi 15-25% arasındadır. Amma bəzi məhsulları üçün çox aşağı səviyyədədir”

Bəs görəsən, deputatın bu iki təklifi reallaşarsa, bu, real sektorda hansı pozitiv dəyişikliklərə səbəb ola bilər? Sadələşdirilmiş vergi həddinin artırılması zərurəti nədən yaranıb və bu təklif sahibkarlığa nə vəd edir?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qalib Toğrul sadələşdirilmiş vergi həddinin artırılması təklifini müsbət qarşıladı: “Bu təklif çoxdan səsləndirilirdi. Sadələşdirilmiş vergi ödəyicilərinin digər vergi ödəyicilərindən, ƏDV və mənfəət vergisi ödəyicilərindən fərqi var ki, onlarda hesabat formaları sadədir, vergi və mühasibat uçotu ilə bağlı əlavə işlərə ehtiyac yoxdur. Ona görə də sadələşdirilmiş vergi kiçik sahibkarlar üçün nəzərdə tutulmuş vergi növüdür ki, onlar əlavə mühasib saxlamasınlar, sənədləşmə işlərinə əlavə xərc ayırmasınlar, özləri bu işi görə bilsinlər. Çünki kiçik sahibkarların gəlirləri də o qədər yüksək deyil. Vahid müəllimin fikirlərində həqiqət var, doğrudan da sadələşdirilmiş vergi ilə bağlı həddin artırılmasına ehtiyac var. Ancaq konkret olaraq bu məbləğin nə qədər olması ciddi hesablanmalıdır. Vergilər Nazirliyinin keçirdiyi sonuncu konfransda mən də iştirak edirdim. Orada Sahibkarlar Konfederasiyasının sədri Məmməd Rzayev konkret məbləğ təklif etdi və dedi ki, sadələşdirilmiş vergi ilə bağlı hədd 200 min manatdan 500 min manata qaldırılmalıdır. Ancaq mən hesab edirəm ki, bu cür rəqəmlər səsləndirmək doğru deyil. Əgər biz hansısa rəqəm səsləndiririksə, mütləq onu əsaslandırmalıyıq. Əsaslandırma isə ciddi hesablamalara dayanmalıdır. Vergilər Nazirliyi vergi ödəyicilərinin dövriyyəsi ilə bağlı müəyyən hesablamalar aparmalıdır. Onların bunun üçün imkanları və analitik mərkəzləri də var. Bu məlumatlar əsasında vergi ödəyicilərinin dövriyyələri ilə bağlı ümumiləşdirmələr aparmalı, əsaslandırılmış bir rəqəm ortaya qoymalıdır ki, sadələşdirilmiş vergi ilə bağlı hədd bu qədər artırılsın”.

Ekspertin sözlərinə görə, bu hədd artırılarsa, sahibkarlar dövriyyələrini gizlətmək məcburiyyətində qalmazlar: “Sadələşdirilmiş vergi həddinin artırılması ona görə uğurlu ola bilər ki, bu vergi növü ilə işləyən sahibkarlar 200 min manatlıq həddi aşmamaq üçün dövriyyələrinin bir qismini gizlədirlər və vergidən yayınırlar. Əgər biz o dövriyyənin həcmini artırsaq, bunun bir müsbət tərəfi də o ola bilər ki, onlar dövriyyələrini açıq şəkildə göstərəcəklər. İndi sahibkarlar qorxurlar ki, 200 min manatlıq həddi aşsalar, mənfəət vergisi və ya əlavə dəyər vergisi ödəyiciləri olacaqlar. Ona görə də bu dəyişiklik vergidən yayınmanın da qarşısını ala bilər, vergitutma bazasını genişləndirə bilər. Bütün hallarda bu doğru bir təklifdir və Vahid Əhmədovun dediklərində də həqiqət var.”

ƏDV-nin diferensiallaşdırılması ilə bağlı təklifə gəlincə, Qalib Toğrul bildirdi ki, bu, təqdirəlayiq bir təklifdir: “Vahid müəllimin ƏDV-nin diferensiallaşdırılması ilə bağlı təklifini bəzi mətbu orqanlar kontekstdən çıxararaq elə təqdim ediblər ki, guya o, ƏDV-nin artırılmasını təklif edib. Belə təqdim edirlər ki, ƏDV-nin 15-25 faiz dəhlizində dəyişməsi verginin indiki həddən daha yüksək olmasına gətirib çıxaracaq. Ancaq Vahid müəllim belə təklif etmədi, sadəcə olaraq, misallar gətirdi ki, həqiqətən də bu nümunələr düzdür. Bəzi Avropa ölkələrində 25-30 faiz ƏDV tətbiq olunan məhsul növləri var. Bu həqiqətdir. Ancaq vahid müəllimin təklifi belədir ki, ƏDV diferensiallaşdırılsın, bəzi məhsullarda 5 faiz, bəzilərində 10 faiz, bəzilərində isə daha yüksək olsun. Bu da doğru yanaşmadı. Fərqləndirmə isə bu prinsiplərlə həyata keçirilir ki, ərzaq məhsulları, gündəlik tələbat məhsullarına daha aşağı ƏDV tətbiq olunur. Nəşriyyat məhsullarına tətbiq olunan ƏDV-ni azaltmaq və ya tamamilə ləğv etmək olar. Uşaq qidalarına daha aşağı ƏDV tətbiq etmək və ya onu ləğv etmək olar. Bu bütün dünyada sınaqdan çıxarılmış bir praktikadır. Bu təklif ilk dəfə Hesablama Palatası tərəfindən gündəmə gətirilmişdi. Onlar bir neçə il bundan öncə təklif vermişdilər ki, Azərbaycanda ƏDV diferensiallaşdırılmalıdır. Bununla bağlı, mən də daxil olmaqla, 5-6 iqtisadçı ekspertin Vergilər Nazirliyində görüşü oldu. Vergilər Nazirliyində də bu məsələyə çox isti yanaşdılar. Ancaq çox təəssüf edirəm ki, sonradan edilən dəyişikliklərdə bu nəzərə alınmadı. Vaxtilə vergi islahatları ilə bağlı prezidentin tələbi olanda biz Vergilər Nazirliyində görüşlər keçirdik, bu təklifləri orada müzakirə elədik. Nazir müavini səviyyəsində olan bir görüş idi və hiss olunurdu ki, onların da bu məsələdə razılığı var. Lakin sonradan hansı səbəbdənsə bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapmadı”.

Bu təkliflərin nə zaman reallaşması ilə bağlı danışan iqtisadmı ekspert ilin sonuna doğru büdcə paketi ilə birlikdə, Vergi Məcəlləsinə də dəyişiklik ediləcəyi ehtimalını yüksək qiymətləndirdi: “Qanunvericiliyə görə, Vergi Məcəlləsinə ildə bir dəfə dəyişiklik oluna bilər, o da büdcə paketi ilə bir yerdə olmalıdır. Ancaq bizdə son illərin praktikası belədir ki, elə ilin əvvəlində, ortasında, axırında - nə vaxt oldu Vergi Məcəlləsinə dəyişikliklər olunur. Bu sonuncu görüşdə isə yeni nazir də dedi ki, o da Vergi Məcəlləsinə tez-tez dəyişikliklər edilməsinin əleyhinədir. Bildirdi ki, kimin təklifi varsa, martın 31-nə qədər Vergilər Nazirliyinə təqdim edə bilər. İstər ekspert olsun, istər QHT, istər konsaltinq şirkəti olsun fərq etməz, təkliflərini verə bilər. Vergilər Nazirliyi də bunu müvafiq nazirliklərlə razılaşdırdıqdan sonra Nazirlər Kabinetinə təklif etməlidir, sonra yekun dəyişikliklər Milli Məclisə təqdim olunmalıdır. Çox güman ki, bu prosedura əməl olunsa, Vergi Məcəlləsinə növbəti dəyişikliklər büdcə paketi ilə bir yerdə ilin sonunda olacaq. Mən ümid edirəm ki, sahibkarlara vergi güzəştləri ilə bağlı vəd olunan dəyişikliklər də bu paketdə olacaq. Çünki iqtisadiyyat elminin tələbi budur ki, ölkədə böhran varsa, o zaman sahibkarların vergi yükü azaldılmalıdır. Ancaq bizdə əksinə olaraq böhran dövründə sahibkarların vergi yükü daha da ağırlaşdı. Bu da sahibkarların müflis olmasına, sıradan çıxmasına və ya biznesini dayandırmasına səbəb oldu. Nazir öz çıxışında da bildirdi ki, vergilərin məbləği iqtisadiyyatın gücünə adekvat olmalıdır. Əgər deyilənlər hamısı həyata keçirilərsə, o zaman Vergilər Məcəlləsinə edilən növbəti dəyişiklikdə sahibkarlar üçün müəyyən güzəştlər və üstünlüklər olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26