Interposta.Info

Ölkədə meyvə-tərəvəz istehsalı artır, qiymətlər isə enmir – səbəb

İqtisadiyyat
 8-02-2018, 11:03     9 513

İqtisadçı ekspertlər situasiyanı şərh etdilər; “Kiçik ölkələrdəki qiymətləri həm də böyük ölkələrin bazarı tənzimləyir...”

Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb. O sırada meyvə-tərəvəz, bostan məhsullarının istehsalında artımın daha çox olması ilə diqqəti çəkir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında 889.4 min ton kartof, 1370.5 min ton tərəvəz, 437.5 min ton bostan bitkiləri istehsal olunub.

Qeyd olunan dövrdə tərəvəz istehsalı 10.9 faiz, meyvə və giləmeyvə istehsalı 5.4 faiz, üzüm istehsalı 8.4 faiz artıb. İstehsalın artması ilə bərabər, kənd təsərrüfatı məhsullarının ixracında da yüksəliş qeydə alınıb. Ötən ilin yanvar-noyabrında 57.6 min ton kartof, 214.9 min ton tərəvəz-bostan, 220.3 min ton müxtəlif meyvə məhsulları ixrac edilib. Bundan ölkəyə 453 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Bunun 151 milyon dolları pomidor ixracından qeydə alınıb. Bu il isə meyvə-tərəvəz istehsalının daha da artması gözlənilir.

Maraqlıdır ki, istehsalın artmasına rəğmən, ölkədə kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəz və bostan məhsullarının qiymətində azalma müşahidə olunmur. Hətta ötən yay mövsümündə belə meyvə-tərəvəzin satış qiyməti əvvəlki illə müqayisədə xeyli baha oldu. Hazırda da ölkədə meyvə-tərəvəz bahalığı ilə diqqət çəkir. İstixana təsərrüfatlarının sayı artsa da, bazarlarda xiyar-pomidorun satış qiyməti 2 manatdan aşağı düşmür.

Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyevin “Yeni Müsavat”a verdiyi məlumatdan aydın olur ki, tərəvəzin ölkə daxilindəki qiyməti xarici ölkələrə, xüsusilə Rusiyaya satış qiyməti ilə uzlaşdırılır.

Kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov isə bildirir ki, iqtisadi nəzəriyyədə böyük və kiçik ölkələr anlayışı var: “Bu, sübut olunmuş məsələdir ki, kiçik ölkələrdə qiymətlər həmişə böyük ölkələrin bazarları ilə uyğunlaşdırılır. Çünki böyük ölkələrin bazarlarının təchizatçısı kiçik ölkələr olur. Bu şəraitdə kiçik ölkələrin istehsalçılarının iki seçimi olur: ya öz məhsulunu böyük ölkənin bazarına çıxarıb satsın, ya da öz ölkəsində. Bu zaman xaricə satdığı qiymətdən yaxşı gəlir əldə edirsə, çalışacaq maksimum çox məhsul ixrac etsin. Daxildə satacaqsa, daha çox gəlir əldə etmək üçün yüksək qiymətə satmağa çalışacaq. İndi biz meyvə-tərəvəzi daha çox Rusiyaya satırıq və məcburuq qiymətləri oradakına uyğunlaşdıraq. Əgər məhsulumuzu daha çox Gürcüstana ixrac etsəydik, qiymətləri oradakı qiymətlərə uyğunlaşdırmayacaqdıq”.

Mütəxəssisin dediyinə görə, ölkə daxilindəki alıcılıq qabiliyyəti də qiymətlərə təsir göstərən əsas amillərdən biridir: “Əslində bizdə meyvə-tərəvəzin qiymətinin aşağı olması üçün əsas var: dövlət istehsalçılara irihəcmli subsidiyalar ayırır. Yəni istehsalçıların xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. Lakin məsələ burasındadır ki, istehsalçı görür ki, yüksək qiymətlə də məhsulunun alıcısı var, ona görə də alıcı cəlb etmək üçün hər hansı endirimə getmir. Qiymətləri yüksəldən daha bir amil ixracatın çoxalmasıdır. Bildiyiniz kimi, Azərbaycanda ixracatçılara böyük dövlət dəstəyi var, ölkədən kənara mal satmaq istəyənlərə hər cür şərait yaradılır. Buna görə də istehsal olunan məhsulun böyük hissəsi xaricə aparılır, bu isə daxildə qiymətləri yüksəldir”.

Öz növbəsində iqtisadçı-ekspert Natiq Cəfərli adətən Azərbaycanda meyvə-tərəvəzin qiymətinə mövsümi amillərin təsir göstərdiyini dedi: “Hər il yaz-payız mövsümündə qiymətlər ucuzlaşır, qışda isə istehsalın azalması ilə qiymətlər də bahalaşır. Bu amildən başqa qiymətlərə təsir göstərən əsas amil ixracatın artım dinamikası ilə istehsalın artım dinamikası arasında xeyli fərqin olmasıdır. Ötən ilin yekunlarına görə, kənd təsərrüfatında 3 faizdən yuxarı artım qeydə alınıb. Bu, müsbət bir haldır. Lakin ötən il kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəzin ixracında bundan bir neçə dəfə çox artım baş verib. Bu da ondan irəli gəlir ki, dövlət ölkəyə valyuta gəlişini artırmaq üçün ixracatı stimullaşdırır. Nəticədə ixraca yönələn meyvə-tərəvəz daxili bazardan çəkilir. Üstəlik, istehsalçı ixracatdan əldə etdiyi gəliri daxili bazardan da əldə etməyə çalışır. Daxili bazarda məhsulun az olması isə istehsalçının bu istəyini reallaşdırması üçün əlverişli zəmin yaradır. Buna görə də daxili bazarda qiymətlərin aşağı düşməsinə nail olmağın əsas yolu istehsalın daha böyük sürətlə artmasıdır. Bunun üçünsə Azərbaycanda istehsalçıların son məhsula görə subsidiyalaşmasına keçilməlidir. Bildiyiniz kimi, ölkədə əsasən dövlət subsidiyası əkin sahələrinə görə verilir. Bu isə kəndli-fermerlərdə son məhsula marağı azaldır”.

Ekspertin sözlərinə görə, daxili qiymətlərin yüksək olmasında bazarlardakı inhisarlaşma da mühüm rol oynayır: “Alverçilik hələ sovet dövründə də mövcud idi. O zaman da bunun qarşısını tam almaq mümkün olmurdu. İndi də bazarlarda istehsalçı ilə istehlakçı arasında vasitəçilər var. Bu kiçik qrup fermerlərin birbaşa bazara çıxışını əngəlləyərək, arada böyük gəlirlər əldə edir. Buna görə də hökumət fermerlərin bazara birbaşa çıxış imkanlarını genişləndirmək üçün tədbirlər görməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26