Interposta.Info

Bank sektorunun ötənilki durumu ilə bağlı statistika açıqlandı

İqtisadiyyat
 5-02-2018, 09:51     10 413

Natiq Cəfərli: “Problemli kreditlər məsələsinin həlli nə qədər uzansa, dövlətə bir o qədər baha başa gələcək”

Bank sektorunun ötən ili necə başa vurması ilə bağlı statistik göstəricilər açıqlanıb. Belə ki, 2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 775,2 mln. manat (2016-cı illə müqayisədə 11% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 282,7 mln. manat (24,6% az), faiz xərcləri 824,9 mln. manat (24,9% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 mln. manat (19,1% az), qeyri-faiz gəlirləri 938,5 mln. manat (2016-cı ildə zərər olub), qeyri-faiz xərcləri 980,6 mln. manat (1,8% az) təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər yayıb.

Məlumata görə, son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 mln. manat olub. Bununla da, sektorun illik xalis mənfəəti 883,6 mln. manat təşkil edib. Bunun 290,9 mln. manatı dekabrda əldə edilib. Xatırladaq ki, banklar 2016-cı ili 1 667,6 mln. manat xalis zərərlə başa vurmuşdu.

Məlumdur ki, bank sektorunun ötən ili müxtəlif bəndlər üzrə daha aşağı göstəricilərlə başa vurmasının səbəbi bu sektorda yaşanan böhrandır. Hazırda bankların sağlamlaşdırılması istiqamətində iş aparılsa da, hələ ki, nəticə o qədər də ürəkaçan deyil. Bəs görəsən, bank sektorunda son durum nədir və bu neqativ göstəricilər hansı amillərdən doğub?

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bank sektorunda geriləmə devalvasiyadan sonra başladı və artıq üçüncü ildir ki, davam edir: “Əsasən iki istiqamət üzrə problemlər dərinləşdi. Birincisi, toksik kreditlərin geri qaytarılması çətinləşir, geri dönüşü mümkünsüz olan kreditlərin həcmi hər il artır. İkinci istiqamətdə isə ümumi iqtisadi vəziyyətlə bağlı kredit şərtlərinin sərtləşdirilməsi, bankların zəifləməsi nəticəsində yeni kredit xətlərinin açılması xeyli dərəcədə azalıb. Rəsmi rəqəmlərə görə, istehlak kreditləri də, biznes kreditləri də, uzunmüddətli kreditlər də kifayət qədər azalıb. Əgər bir bank verdiyi kreditləri toplaya bilmirsə, yeni kredit aça bilmirsə, təbii ki, bu bank sektorunda ciddi problemlərin də durğunluğun olmasının göstəricisidir. Son açıqlanan rəqəmlərdən də bəlli olur ki, 11 bank ümumiyyətlə ili ziyanla başa vurub. Bank sektorunda ümumi gəlirlilikdə, illik 883,6 mln. manat mənfəət qazanılmasında 3 bank önə çıxıb. O da əsasən dövlət bankıdır. Biri Beynəlxalq Bankdır ki, dövlət dəstəyi ilə ayağa qalxa bildi. Dövlət onun 10 milyarda qədər daxili borcunu 3,3 milyard dollara yaxın xarici borcunu öz üzərinə götürdü. İkincisi, ”Azər Türk Bank"dır ki, o da dövlətin bankı sayılır, nəzarət paketi dövlətin əlindədir. Üçüncüsü, “Kapital Bank”dır ki, o da köklü banklardan biridir. Əsasən büdcə təşkilatlarının maaş dövriyyəsi, təqaüdçülərin pensiyaları bu bankdan keçir deyə bank müəyyən qazanc əldə edə bilir. O qazancı böldükdə əsasən 3 bank önə çıxır. Bu da bank sektorunda problemlərin dərinləşməsindən xəbər verir".

İqtisadçının sözlərinə görə, özəl banklar, kiçik və orta səviyyəli banklar daha da pis vəziyyətə düşməkdə davam edir: “Hökumət, Mərkəzi Bank və Maliyyə Bazarların Nəzarət Palatası bankların bağlanmasını sağlamlaşdırma addımı kimi təqdim etməyə çalışır: ”Bəli, bu, ilkin addımdır, çürük banklar bağlanmalı, bazardan çıxmalıdır, dövlət əmanətçilərin hüquqlarını qorumalıdır. Ancaq problemin həlli deyil. Qalan bankların da vəziyyəti getdikcə ağırlaşır, onların xilas yolu öz resursları hesabına baş verməyəcək. Çünki nə əhalidə ciddi gəlir artımı var ki, problemli kreditlər məsələsinə son qoyulsun. Bu, mümkün görünmür. Nə də bankların öz şəxsi vəsaitləri yoxdur ki, birdən-birə milyonlarla vəsait sərf edib güzəştə getsinlər. Əslində xarici valyutada olan problemli kreditlərin həlli üçün əsas təklif məsuliyyətin 3 tərəf- dövlət, banklar və vətəndaş arasında bərabər bölüşdürülməsindən ibarət idi. Ancaq hökumət nədənsə bunu gecikdirir. Ancaq bu proqram nə qədər gec qəbul olunarsa, o qədər də baha başa gələcək. İki il öncə problemin həlli dövlət üçün daha ucuz başa gələ bilərdi. Bu məsələnin belə uzadılmasını anlamaq da mümkün deyil. Artıq xarici reytinq agentlikləri də bu barədə dəfələrlə çıxış ediblər, yerli ekspertlər də dəfələrlə deyiblər ki, daxili resurslar hesabına bankların bu vəziyyətdən çıxması mümkün deyil. Ona görə də, bu il sağlamlaşdırma proqramı çərçivəsində təkcə bankların bağlanması yox, yaranmış ağır məsuliyyətin bölgüsü prinsip ilə hərəkət etməlidir. İndi məsuliyyət vətəndaşın çiynində qalıb. Bankların müraciəti əsasında on minlərlə məhkəmə işləri açılıb, ancaq bunun da xeyri yoxdur. Çünki vətəndaş borcunu qaytara bilmirsə, məhkəmə qərarı olsa da qaytarmayacaq. Yükün əsas bir hissəsi də bankların çiynində qalıb. Banklar çabalayır ki, vəziyyətdən çıxsınlar. O da mümkün görünmür. O səbəbdən bu il sağlamlaşdırma addımları çərçivəsində bankların bağlanması və birləşdirilməsi ilə paralel olaraq, dövlət bir mövqe ortaya qoymalıdır, proqram qəbul eyməlidir. Bu baş verməsə bank sektorunda olan problemlər daha da dərinləşə bilər".

N.Cəfərli vurğuladı ki, hökumətin bu məsələdə gecikməsinin əsas səbəbi Beynəlxalq Bankla bağlıdır: “Dövlət Beynəlxalq Bankın bütün yükünü öz üzərinə götürdü, 10 milyard manat daxili borc, 3,3 milyard dollar isə xarici borc. Bundan əlavə yükü üzərinə götürməkdə də çəkindi. Ona görə də bank sektorunda problemlər dərinləşməyə başladı. Çox güman ki, bu il çürük bankların tamamilə bazardan çıxarılması prosesi baş verəcək. Yerdə qalan 15-16 bankın sağlamlaşdırılması üçün dəstək proqramı qəbul oluna bilər”.

İqtisadçının fikrincə, xarici bankların Azərbaycanın bank sektoruna daxil olması ölkə iqtisadiyyatı üçün müsbət nəticə verə bilər: “Çox təəssüf ki, hökumət və Mərkəzi Bank birbaşa xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə törədir. Çünki yerli bankların rəqabətə davam gətirməyəcəyini anlayır. Xarici banklardan ölkəmizdə ancaq Türkiyənin və Rusiyanın bankları var ki, onlar da Azərbaycan qaydalarına uyğun olaraq yerli bank nümayəndəliyi kimi qeydiyyatdan keçdikdən sonra fəaliyyətə başlayırlar. ”VTB Azərbaycan" adı ilə, “Ziraat bank Azərbaycan” adı ilə fəaliyyət göstərir. Yəni xarici bankların bazara birbaşa çıxışı mümkünsüz görünür. Bu səhv yanaşmadır. Çünki Mərkəzi Bank guya daxili bazarı qoruyur, ancaq bundan ən çox ziyan əhaliyə və bank sektorunun özünə dəyir, rəqabətsizlik mühiti yaradır. Xarici banklar bazara birbaşa daxil olsa, bir çox bankların müflis olması, bazardan çıxması baş verə bilər. Ancaq müştəri olaraq bu hamımızın xeyrinədir ki, xarici banklar, daha güclü banklar ölkəmizə gəlsinlər, kredit faizlərini aşağı salsınlar. Daha uzunmüddətli biznes kreditləri verməyə başlasınlar. Bu da real sektorun inkişafı üçün çox vacibdir. O baxımdan xarici bankların Azərbaycanın bank sektoruna daxil olması labüddür. Amma bunun gecikdirilməsi də hökumət tərəfindən doğru yanaşma deyil".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26