Interposta.Info

Manatın sabitliyi təmin olunduğu halda, bahalaşmanın əsas səbəbi nədir?

İqtisadiyyat
 16-01-2018, 15:06     10 270

Ekspert: “Bizdə inflyasiyanı doğuran iki əsas səbəb var. Bunlardan biri istehsal üzərində inhisarçıqlıqdır. Digəri isə, xüsusilə gündəlik istehlak malları ilə bağlı idxalın olmasıdır”

“Hökümət bəzən bahalaşmanın qarşısını almaq üçün arada inzibati metodlardan istifadə edir, bazarda “yanğınsöndürmə” əməliyyatları aparmaqla kifayətlənir”.

"XeberBiz" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Məhəmməd Talıblı ötən il ərzaq, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin bahalaşmasına münasibət bildirərkən Pia.az-a açıqlamasında qeyd edib.

Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, 2017-ci ildə ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb. Ötən ilin dekabrında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Rəsmi məlumatda bildirilib ki, ötən ilin dekabr ayında kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, zeytun yağı, çay və qəhvə, banan, alma, armud, nar, qoz, fındıq, şabalıd, xiyar, pomidor, sarımsaq, kartof bahalaşıb.
Qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, minik avtomobilləri üçün ehtiyat hissələrinin də qiymətləri qalxıb.

Məlumdur ki, Mərkəzi Bank inzibati yollarla da olsa, ötən il üçün manatın məzənnəsinin sabitləşməsinə nail olub. Amma bu sabitləşməyə baxmayaraq, ərzaq və qeyri-ərzaq mallarının qiyməti durmadan artır. Maraqlıdır ki, ölkədə istehsal olunan ərzaq mallarının qiyməti xaricdən gətirilən ərzaq mallarının qiyməti ilə eynidir. Hətta bəzən ölkədə istehsal olunan malların qiyməti xaricdən gətirilən ərzaq mallarından daha bahadır. Misal üçün ölkədə qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan “Azərsun Holdinq” MMC-nin bəzi məhsulları devalvasiyadan əvvəlki qiymətlərlə müqayisədə ən azı 3 dəfə bahalaşıb. Nümunə olaraq, Azərbaycanda istehsal olunan çayları göstərmək mümkündür. Əgər devalvasiyadan əvvəl çay məhsulları 0.8-1 manat arasında dəyişirdisə, indi 2.1-2.3 manat arasında dəyişir. Eyni vəziyyəti yağlarla da bağlı da, həmçinin digər ərzaq məhsulları ilə bağlı görmək mümkündür. Bu da əslində inflyasiyanın ötən il proqnozlaşdırıldığından həddindən çox olduğunu göstərir.

Bir çox ekspertlər hesab edirlər ki, qiymətlərin bahalaşması monopoliyanın nəticəsidir. Bahalaşmanın əsas səbəbi nədir və hökümətin bahalaşmanın qarşısını almaq üçün atdığı addımlar reallıqla nə qədər uyğunlaşır?

Məhəmməd Talıblı: “Ölkədə inflyasiyanın real səviyyəsinin bu həddə olması reallıqla uyğun gəlmir”.

İnflyasiyanın yaranmasına səbəb istehsal üzərində inhisarçıqlıq və gündəlik istehlak malları ilə bağlı idxalın olmasını vurğulayan iqtisadçı ekspert Məhəmməd Talıblıya görə, hökumətin çevik və dinamik davranmaması bahalaşmanın yaranmasına şərait yaradır:

“Əvvəla onu qeyd edim ki, ölkədə inflyasiyanın real səviyyəsinin bu həddə olması reallıqla uyğun gəlmir. Alternativ inflyasiya metodologiyası aspektindən yanaşsaq, o zaman vəziyyət fərqli olacaq. Bəs bu metodologiya özündən nəyi ehtiva edir? Biz illik olaraq, 525 adda mal və xidmətlərin illik ortalama olaraq qiymətinin qalxması fonunda manatla alıcılıq qabiliyyətinin ölçülməsinə baxsaq, fərqli nəticələr yaranacaq. Orta statistik azərbaycanlı əsasən hansı mal və xidmətlərdən istifadə edirsə, onların illik qiymət artımları hesablansa, tamam fərqli nəticələr alınacaq.

Digər tərəfdən isə bizdə inflyasiyanı doğuran iki əsas səbəb var. Bunlardan biri istehsal üzərində inhisarçıqlıqdır. Digəri isə, xüsusilə gündəlik istehlak malları ilə bağlı idxalın olmasıdır. Yəni Azərbaycanda qiymətləri azad bazar şərtləri deyil, inhisar şərtləri müəyyənləşdirir. Hökümət bəzən bahalaşmanın qarşısını almaq üçün arada inzibati metodlardan istifadə edir, bazarda “yanğınsöndürmə” əməliyyatları aparmaqla kifayətlənir. Yəni hökümət bazarda sivil tənzimləmə metodlarından istifadə edib, bazarın bahalaşmasından vətəndaşları-istehlakçıları qoruya bilmir. Ümumiyyətlə, bu sahədə hökumət çevik və dinamik davranmır. Bu gecikmə isə bahalaşmaya rəvac verir.

Hökumət bazara daimi inzibati baxımdan müdaxilə etməkdənsə, davamlı və effektiv tənzimləmə alətlərindən istifadə etsə, bazar bu səviyyədə od tutub yanmaz. İnfilyasiya ilə bağlı kompitent davranmayan hökumət eyni zamanda ölkədə yoxsulluğu daha da dərinləşdirməyə rəvac verir. Çünki inflyasiyadan daha çox əziyyət çəkən varlı təbəqə yox, orta və kasıb təbəqədir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26