Interposta.Info

“Azərbaycan xalqı çörək israfçısıdır”-

İqtisadiyyat
 8-12-2017, 08:56     10 586

Əsrlər boyu Azərbaycan xalqı çörəyi müqəddəs hesab edib, öpüb gözlərinin üzərinə qoyublar. Hər zaman kəsdiyimiz duz çörək bizim üçün keçilməz və müqəddəs sayılıb. Ancaq bir zamanlar müqəddəs hesab etdiyimiz çörəklərə indi zibilliklərdə rast gəlirik. Paytaxtın müxtəlif yerlərində qurumuş çörək, lavaş, bulka eləcə də digər çörək və un məmulatlarına, həmçinin onların qırıntılarına tez-tez rast gəlmək olar.

Mütəxəssislər qeyd edir ki, son dövrlərdə orta hesabla hər bir zibil qutusuna gün ərzində təxminən 10-15 kiloqram çörək və un məmulatları, eləcə də onların qırıntıları atılır. Təkcə paytaxt sakinləri gün ərzində tonlarla çörəyi zibil qutularına atır. Bir qisim insanlar çörəyi zibilliyə atmasının səbəbini həddən artıq israfçılıqla, bir qisim isə onun çəkisinin çox olması ilə əlaqələnirir. Sayı az olan ailələr var ki, onlara bir dənə çörək çox gəlir. Buna görə də onlar çörəyi atmağa və yenisini almağa məcbur olurlar. Çünki zavod çörəklərini bir gün qaldıqdan sonra yemək mümkün olmur. İçi quruyur, iy verir və ya yapışqan kimi olur.

Qeyd edək ki, mağazalarda çörəyin hansı zavod tərəfindən istehsalından asılı olaraq 350-400 qramlığı 40 qəpik, 600-700 qramlıq isə 50 qəpiyə satılır. Sovet dönəmində istənilən çəkidə çörək satılırdı. Hətta insanlar yarım dənə çörək belə ala bilir və bütöv çörəyin yarı qiymətini ödəyirlər. İndi isə mağazaların heç birində yarım çörək satılmır. Onu da qeyd edək ki, Azərbaycan xalqı çörəyi çox sevən və çox çörək yeyən xalqlardan biridir.

Statistikaya görə, Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Yəni bir azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu günlərdə Türkiyə Çörək İstehsalçıları Federasiyası çörək israfçılığına görə ildə 1,5 milyard dolların çöpə getdiyini, günlük çörək israfının isə Türkiyə üzrə 12 milyon ədəd olduğunu bildirib. Zibilliyə atılan 500 min ton çörək pulu ilə ölkədə 80 xəstəxana tikintisinin mümkün olduğunu bildirilir. Qeyd edək ki, Azərbaycan da çörək israfına görə Türkiyədən heç də geri qalmır.

Maraqlıdır bu israfçılığın qarşısını almaq üçün nə edilməlidir?

Azad İstehlakçılar Birliyinin sədi Eyyub Hüseynov bildirdi ki, çörək israfçılığına son qoymaq üçün onun çəkisinin azaldılmasına ehtiyac var:
“Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, çörəklər kəsilib satıla da bilər. Ancaq qanunvericilikdı olmasına baxmayaraq mağazalar bundan imtina edir. Bazarda kiçik çəkili çörəklərə tələbat var. Azərbaycan xalqı çörəkdən çox istifadə edən, həm də israfçı bir xalqdır. Ona görə də kiçik çəkili çörəklərin olması vacibdir və buna tələbat var. Dövlət tərəfindən çörəyin nə çəkisi, nə də qiyməti tənzimlənmir. Düşünürəm ki, çörək israfçılığının qarısını almaq üçün kiçik çəkili çörəklərə ehtiyac var”.

Çörəklərin tez xarab olmasına gəlincə E. Hüseynov çörəklərin saxlanma müddətinin 72 saat olduğunu dedi:
“Tez xarab olan çörəklər də bizi narahat edir, uzun müddətli qalıb xarab olmayan çörəklər də. Qısa müddət ərzində xarab olan çörəklərdə kartof xəstəliyi, mikroblarla bağlı digər xəstəliklər ortaya çıxır. Çörək əgər uzun müddət saxlanırsa, demək ki, həmin çörəyin tərkibində qatqılar var. 72 saatdan artıq saxlanıla bilən çörəyin tərkibinə isə kimyəvi maddələr vurulur. Ona görə də çörəklərin saxlanma müddəti maksimum 72 saat olmalıdır və bu ərəfədə o nəmlənməməli, içi yapışqan kimi olmamalıdır”.

Zibilliyə atılan çörək puluna nələr edilə biləcəyinə gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli çörək israfına sərf olunan pulun əhalinin cibi ilə yanaşı iqtisadiyyata da ziyan vurduğunu bildirdi: “Öncə bu israfçılığın nəyə görə baş verməsi araşdırılmalıdır. Mən bunun iki əsas səbəbini görürəm. Birincisi, keyfiyyətlə bağlıdır. Bəzən çörək bişirilən məkanlarda, istər bu böyük zavodlar olsun, istərsə də sexlər keyfiyyətlə bağlı problemlər yaşanır. Çörək bir neçə saat qaldıqdan sonra öz keyfiyyət göstəricilərini kəskin şəkildə itirməyə başlayır. Bu da sonradan istehlak üçün yararsız hala düşdüyü üçün əhalinin bir qismi onu atmağa məcbur olur. İkinci səbəb isə çörəyin digər ərzaq məhsullarına nisbətən ən əlçatan olmasıdır. Çox zaman insanlar lazım olduğundan daha çox çörək alaraq öz gündəlik çörək tələbatını düzgün hesablaya bilmirlər. Bundan başqa toylarda, yas mərasimlərində kifayət qədər un məmulatları istifadə olunur ki, bunun da bir çoxu sonradan atılmaq məcburiyyətində qalır. Bütün səbəblər araşdırılmalı və bunu aradan qaldırmaq üçün addımlar atılmalıdır. Azərbaycanda bu barədə insanları bilgiləndirən sosial çarxlar, reklamlar, müzakirələr yox səviyyəsindədir. Bu çörəyin istehlakı məsələsi də sosial məsələdir və ciddi şəkildə televiziyalarda bununla bağlı müzakirələr olsa, mənə elə gəlir ki, insanları bu yöndə təşviq etmək olar”.

N.Cəfərli bunun ciddi iqtisadi itkiləri olduğunu da bildirdi:
“Türkiyə 80 milyonluq bir ölkədir. Orada bir çox dərnəklər var və bu özəl bir dərnəklərin öz hesablamaları olur. Azərbaycanda isə bu cür dərnəklər yoxdur ki, rəqəmlər alıb hesablamalar aparaq. Amma ən azından ölkə miqyaslı müqayisə etsək, Azərbaycanla Türkiyə əhalisi arasında 10 dəfə fərq var. Türk toplumu ilə Azərbaycan toplumunun bir birinə yaxın istehlak vərdişləri var. Bunları nəzərə alsaq Türkiyə rəqəmlərindən 10 dəfə az rəqəmlərin ortaya çıxması ehtimalı yüksəkdir. Bu da 9-10 milyon əhalisi olan bir ölkə üçün çox böyük bir itki deməkdir. Təqribən günə 1 milyon manatlıq itki olsa, ildə 365 milyon itki deməkdir ki, bu da ölkə iqtisadiyyatı, əhalinin cibi, ölkənin taxıl ehtiyatları üçün ciddi bir rəqəmdir. Onu da qeyd edim ki, ölkədə istehsal edilən çörəyin maksimum 35- 40 faizi yerli buğdadan istehsal olunur. Təəssüf ki, bizdəki buğdanın keyfiyyəti də zəifdir. Təqribən 65-70 faiz çörək xaricdən gətirilən, əsasən də Qazaxıstandan, Rusiyadan və Ukraynadan alınan taxıl hesabına bişirilir. Bu həm də valyuta itkisi deməkdir. Bu həm sosial, həm də iqtisadi məsələdir və hər iki tərəfdən ciddi müzakirə predmetinə çevrilməlidir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26