Interposta.Info

Neftin qiymətində 1 dollar artım - hər gün 374 min artıq gəlir...

İqtisadiyyat
 1-11-2017, 10:44     8 817

2018-ci ildə büdcədə neft sektorundan daxilolmaların payı builki 49,2 faizdən 55,1 faizə çatacaq

Dünya bazarında Azərbaycan neftinin qiyməti son 2 ildə ilk dəfə olaraq 1 barel üçün 61 dolları keçərək 62 dollara yaxınlaşır. Neftin qiymətindəki hər 1 dollar artım Azərbaycan üçün nə deməkdir? Bu artımdan kim nə qədər qazanır?

Neft sektoru üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, yaxın günlərdə Energetika Nazirliyi Azərbaycanda oktyabr ayı üçün nə qədər neft hasil edildiyi və bunun gündəlik olaraq hansı hissəsinin ixrac olunduğuna dair son məlumatları ictimaiyyətə açıqlayacaq: “Ancaq ötən ayın göstəricilərini əsas kimi götürsək, Azərbaycanda orta hesabla gündəlik neft hasilatı 785,7 min barel olub. Bunun 733 min barelini xam neft, 52,7 min barelini isə kondensat təşkil edib. Gündəlik ixrac həcmləri isə 680 min barel olub. Yəni neft qiymətlərinin gündəlik 1 dollar artımı əvvəlki günə nisbətdə 680 min dollar əlavə qazanc deməkdir ölkəmiz üçün. Ancaq bu, Azərbaycanın mənfəəti deyil. Mənfəətimiz təqribən bu həcmlərin 55 faizi qədərdir”.

Ekspertin qeyd etdiyi rəqəmlər əsasında hesablasaq, neftin qiymətindəki hər 1 dollar artım Azərbaycanın gəlirinin 374 min dollar çoxalması deməkdir. Bu gəlirlərin mühüm bir hissəsi Dövlət Neft Fondunda toplanaraq, oradan həm birbaşa, həm də dövlət büdcəsi vasitəsilə sosial-iqtisadi layihələrin icrasına, həmçinin ölkədə makroiqtisadi sabitliyin qorunmasına sərf olunur.

Bu ilin büdcə proqnozuna görə, Neft Fondundan büdcəyə 7,5 milyard manat köçürülməsi nəzərdə tutulur. Fondun açıqladığı məlumata görə, yanvar-sentyabrda bu məbləğin 4,3 milyardı artıq büdcəyə ödənib. Bundan əlavə, bu il üçün fonddan daha 7 milyard manatın makroqitisadi sabitliyin qorunması üçün Mərkəzi Banka verilməsi nəzərdə tutulurdu ki, 8 ayda bunun da 2,5 milyard manata yaxını təmin olunub.

Dövlət büdcəsinə neft gəlirlərinin birbaşa daxil olduğu daha 2 mənbə var. Bunlardan biri SOCAR-dır. Şirkətin builki büdcə ödənişləri 40 milyon manat artırılmaqla, 1 milyard 280 milyon manat həcmində proqnozlaşdırılıb. Neftin qiymətində müşahidə olunan artım sayəsində şirkət 8 ayda büdcəyə 1 milyard 165 milyon 678 min manat ödəyib.

Neft gəlirlərindən büdcəyə birbaşa çatan daha bir hissə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin xətti ilədir. 2017-ci ildə bu xətt üzrə büdcəyə 475 milyon manatın daxil olması proqnozlaşdırılıb. Neftin qiymətindəki artım bu məbləğin daha yüksək olmasını şərtləndirəcək.

Büdcə layihəsinə görə, 2018-ci ildə büdcədə neft sektorundan daxilolmaların payı builki 49,2 faizdən 55,1 faizə çatacaq. Bu, daha çox Dövlət Neft Fondundan ediləcək 9 milyard 216 milyon manatlıq transfert hesabına olacaq. Bundan əlavə, SOCAR büdcəyə 1 milyard 380 milyon manat, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) isə 500 milyon manat vergi ödəyəcək.

Xatırladaq ki, bu il Azərbaycan “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi üzrə yeni hasilatın pay bölgüsü sazişi imzalayıb. Bəzi mənbələr yeni saziş üzrə xarici şirkətlərin büdcə ödənişləri, həmçinin Azərbaycanın dövlət payının indikindən aşağı olacağını bildirirlər. İ.Şabanın sözlərinə görə, layihədə iştirakçılar eyni, paylar fərqlidir: “Dövlətin payı isə dəyişməzdir, yəni mənfəət payı 75 faizdir, hansı ki, Neft Fondunda toplanır. Ona görə də SOCAR-ın payının 11,6 faizdən 25 faizə qədər yüksəlməsinin Neft Fonduna aidiyyəti olmayacaq. SOCAR-ın gəlirləri özünün mənfəətində əks olunacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26