Interposta.Info

Fikrət Yusifov:

İqtisadiyyat
 6-06-2017, 09:44     534

“Ölkə prezidenti üçün toxunulmaz heç kim yoxdur”

Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı sərəncamla Prezident Administrasiyasında ciddi islahatlar aparıldı. Belə iddialar var ki, çoxdan gözlənilən ixtisarlara, struktur dəyişikliyinə başlamaqla bütövlükdə idarəçilikdə “ASAN” modelinə keçidin başlanğıcı qoyulub. Son illərdə bu modelin uğurlu nəticələrini alan hakimiyyətin idarəçilikdə də buna üstünlük verəcəyi deyilir. İstənilən halda islahatlara prezidentə ən yaxın qurumdan başlanılması ciddi proseslərin getdiyindən xəbər verir. Əksər ekspertlər “ASAN xidmət” modelinin idarəçiliyə də tətbiqinin ciddi effekti olacağını proqnozlaşdırır.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bildirir ki, kadr islahatları ümumi struktur islahatlarının tərkib hissəsidir:
“Artıq iki ildən çoxdur ki, ölkədə struktur islahatlarına start verilib. Bu islahatların mərhələlərlə aparılması isə çox düzgün seçimdir. Bir qədər öncə mən mətbuat səhifələrində prezidentin təşəbbüsü ilə ölkədə aparılan struktur islahatlarının davamlı olacağına və getdikcə daha da dərinləşdiriləcəyinə dair fikirlər səsləndirmişdim. Dövlət başçısının son qərarları bir daha onu göstərdi ki, islahatların alternativi yoxdur və onlar bundan sonra da davam edəcəkdir. Aparılan struktur islahatlarının son məqsədi dövlət idarəçilik aparatının fəaliyyətinin səmərəliliyini maksimum təmin etməkdən ibarətdir. Bu gün ölkə iqtisadiyyatının əsasını təşkil edən və onun lokomotivinə çevrilməkdə olan azad sahibkarlığın qarşısında dayanan bütün problemlərin qısa zaman kəsiyində aradan qaldırılması iqtisadiyyatın sürətli inkişafına və onun şaxələndirilməsinə meydan açan yeganə düzgün yoldur. Bu səbəbdən də prezidentin atdığı bütün addımlar idarəçiliyin səmərəliliyini yüksəltməyi hədəfləyir. İdarəçilikdə ”ASAN xidmət" modelinin seçilməsi və onun hərtərəfli inkişaf etdirilməsi də məhz bu ali məqsədi reallaşdırmağı nəzərdə tutur. İdarəçilikdə paralelçilik bir qayda olaraq ən adi məsələlərin həllində belə problemlər yaradır. Bu bir həqiqətdir. Elə bu səbəbdən də bir-birinin fəaliyyətini təkrar edən strukturların və ya ayrıca götürülmüş bir dövlət idarəetmə orqanında uyğun vəzifələrin ixtisar edilməsi tamamilə doğru addımdır. Prezident üsul-idarəsi olan bir ölkədə ölkə başçısına daxili və xarici siyasəti həyata keçirmək sahəsində çevik fəaliyyət göstərə bilən mobil bir komanda lazımdır. Çox yaxşı haldır ki, son bir il ərzində bu istiqamətdə kifayət qədər səmərəli addımlar atılıb. Vitse-prezident institutunun təsis edilməsi, kifayət qədər təşkilatçılıq bacarığı olan Mehriban xanımın birinci vitse-prezident vəzifəsinə təyin olunması, birinci vitse-prezident aparatının formalaşdırılması, eyni zamanda Prezident Administrasiyasında ciddi kadr dəyişiklikləri bütövlükdə idarəçilikdə çevikliyin maksimum təmin edilməsini hədəfləyir. İndiki dönəmdə isə bu çox mühüm bir məsələdir. Azərbaycan artıq bölgənin ən qüdrətli dövlətlərindən birinə çevrilib və indi ona ölkə iqtisadiyyatının daha sürətli inkişafını təmin etmək və regional əhəmiyyət kəsb edən nəhəng transmilli layihələri reallaşdırmaq üçün çevik dövlət idarəetmə aparatı formalaşdırmaq olduqca vacibdir".

Sabiq nazir aparılan islahatların verəcəyi töhfələrdən də söz açdı:
“Heç şübhəsiz, aparılan islahatlar idarəçiliyin təkmilləşdirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin həllinə yaxşı töhfə verəcəkdir. Vəzifəsini itirmiş adamları isə ”kadrların vurulması" kimi dəyərləndirməyin əleyhinəyəm. Çünki artıq hər kəs çoxdan yaxşı bilir ki, ölkə prezidenti üçün toxunulmaz heç kim yoxdur və o bunu dəfələrlə bəyan edib. Prezidentin bütün məsələlərdə olduğu kimi, kadr məsələlərində də nə qədər böyük qətiyyət sahibi olduğunu ölkəyə rəhbərlik etdiyi dövrdə biz dəfələrlə görmüşük. Bu səbəbdən də hansısa kadrı işdən uzaqlaşdırmaq xatirinə müəyyən bir qurumun və ya ayrıca götürülmüş bir vəzifənin ləğv edilməsinə ehtiyac yoxdur. Kimsə tutduğu vəzifədə ona edilmiş etimadı doğrultmayacaqsa, prezident onunla yolları ayıracaqdır. İslahatlar davamlı olacaq. Bundan sonrakı dönəmlərdə onların dərinləşdiriləcəyi heç şübhəsizdir. Ölkə konstitusiyasında edilmiş dəyişikliklərə uyğun aparılan bu islahatlar sonda mobil bir dövlət idarəetmə aparatının formalaşmasına gətirib çıxaracaq. Prezident köməkçiləri institutunun möhkəmləndirilməsinə gəldikdə isə bu, ölkə başçısının məsələlərə daha tez münasibət bildirməsinə və onların həlli ilə bağlı daha çevik qərarların qəbul edilməsinə şərait yardacaqdır. Hesab edirəm ki, Prezident Administrasiyasında aparılan bu islahatlar hələ son deyil. Çox güman ki, islahatlar bundan sonra da məntiqi sonluğa qədər davam edəcəkdir. Bu islahatların sonrakı mərhələsinin isə Nazirlər Kabinetində, nazirlik, komitə və digər dövlət idarəetmə qurumlarında və yerli icra hakimiyyətlərində davam edəcəyi gözlənilir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26