Interposta.Info

“Açıqlanan rəsmi rəqəmlər real yox, nominal artımdır” -

İqtisadiyyat
 29-03-2017, 23:15     770

Natıq Cəfərli: “Azərbaycanda işsizliklə bağlı problemlər kifayət qədər böyükdür və statistik rəqəmləri açıqlamamaqla problemlemi həll etmək mümkün deyil”

“Ölkədə 12 faizli rəsmi inflyasiya varsa və rəsmi şəkildə etiraf olunursa ki, ərzaq sektorunda inflyasiya 15 faizdirsə, deməli maaşların 5 faizli nominal artımı əslində azalma deməkdir”.

interposta.info
xəbər verir ki, bu sözləri Pia.az-a Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun son olaraq açıqladığı statistik məlumata münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ötən il Azərbaycanda əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb. Bu rəqəmləri nə qədər real hesab edirsiniz və nazirin söylədikləri ümumi iqtisadi artımla nə uyğunlaşır?
“Açıqlanan rəsmi rəqəmlər real yox, nominal artımdır” -


Natiq Cəfərli: “Mövcud problemləri həll etmək üçün düzgün diaqnoz qoymaq lazımdır.Təəssüf ki, Azərbaycanda bu aparılmır”.

Ekspert açıqlanan statistik göstəriciləri real yox, nominal rəqəmlərlə açıqlanana artım hesab edir. Bu isə mahiyyət baxımından kiməsə və nəyəsə lazım deyil. İqtisadi araşdırmalar, analizlər mövcud, real rəqəmlərlə aparılmalıdır:

“Əslində Azərbaycanda açıqlanan rəsmi rəqəmlər real yox, nominal artım rəqəmləridir. Reallıqda isə gəlirlər və maaşlar azalıb. Çünki ölkədə inflyasiya ikirəqəmlidir. Əgər ölkədə 12 faizli rəsmi inflyasiya varsa və rəsmi şəkildə etiraf olunursa ki, ərzaq sektorunda inflyasiya 15 faizdirsə, deməli maaşların 5 faizli nominal artımı əslində azalma deməkdir. Deməli ərzaqların qiyməti 15 faiz, maaşlar isə cəmi 5 faiz artıbsa, bu nominal artım sayılır. Real görüntüdə isə ölkənin, əhalinin real gəlirləri azalıb. Dünyada belə statistika açıqlanarkən real gəlirlər hesablanır. Nominal gəlirlərin artması kiməsə maraqlı deyil. Dünyada statistik məlumatlar bu yöndə aparılır.

İşsizliyə gəldikdə isə, Azərbaycanda işsizliyin qeydiyyatı ilə bağlı illərdir ciddi problemlər var. İşsiz o kəs sayılır ki, illərlə məşğulluq idarəsinə rəsmi müraciət edir və orada qeydiyyatdan keçir. Bununla da həmin şəxs rəsmi işsizlik status alır. Azərbaycanda isə işsiz real olaraq işsiz olan15 nəfərdən biri bu idarəyə müraciət etmir. Çünki bunun ya yolunu bilmirlər, ya da sənədləşmə ilə bağlı ciddi maneələr olduğundan heç buna vaxt da itirmirlər. Ona görə də rəsmi işsizlik səviyyəsi həmişə belə aşağı səviyyələrdə göstərilir. Əslində isə dünyada işsizliyin hesablanma qaydaları da fərqlidir.Birincisi, kənd təsərrüfatında işləyənləri işsiz siyahısına aid etmirlər.

Azərbaycanda isə kimin torpaq sahəsi varsa və fermer kimi qeydiyyatdan keçibsə, bunları işləyən kimi qeydiyyata salırlar. Azərbaycanda 700 min insanın fərdi torpaq sahəsi var və qeydiyyatdadır. Bu da doğru yanaşma deyil. Və əslində Azərbaycanda işsizliklə bağlı rəqəmlər kifayət qədər böyükdür və belə statistik rəqəmləri açıqlamamaqla problemlemi həll etmək mümkün deyil.Çünki problemləri həll etmək üçün düzgün diaqnoz qoymaq lazımdır. Düzgün diaqnoz üçün isə real rəqəmlərlə aparılan analizə əsaslanmaq vacibdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26