Interposta.Info

Hasilatın azaldılması

İqtisadiyyat
 6-01-2017, 11:06     497

Hasilatın azaldılması

Ekspertə görə, Azərbaycan neftinin həcmi aşağı düşsə də, qiymətin artması onu kompensasiya edəcək

Ötən illə müqayisədə dünya birjaları 2017-ci ilə neftin nisbətən yüksək qiyməti ilə qədəm qoydu. Hazırda neftin bir barelinin qiyməti 50 dolların üzərindədir.

OPEK və qeyri-OPEK ölkələrinin hasilatın dondurulması ilə bağlı razılıq əldə etməsi, iri neft hasilatçılarının istehsalı azaltması nefti bahalaşdıran əsas amildir. Dekabr ayında OPEC-ə üzv olan ölkələr gündəlik neft hasilatını 310 min barel azaldıb. Nigeriyanın hasilatla bağlı planlarının pozulması bu göstəriciyə bir qədər təsir edib. Afrika ölkəsi dekabrda gündəlik hasilatı 200 min barel azaldaraq 1,45 mln. barelə çatdırıb. Səudiyyə Ərəbistanı gündəlik hasilatı 50 min barel, Venesuela isə 40 min barel azaldıb.

Bu, neft hasil edən ölkələr üçün pozitiv bir proses olsa da, ancaq ötən gündən etibarən neft ucuzlaşmağa başlayıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar azalaraq 53,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 56,30 dollar olub. Belə ki, OPEK ölkələrinin hasilatın müəyyən olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin artması neftin ucuzlaşmasına səbəb olub.

Qeyd edək ki, dekabrın 10-da neft ixracatçısı olan ölkələrin Vyanada keçirilən toplantısında Rusiya və digər qeyri-OPEK ölkələri ilə yanaşı Azərbaycan da neft hasilatını azaltmaq qərarına qoşulmuş 11 ölkənin arasında olub. 11 ölkənin birlikdə ixtisar edəcəyi neft günə 558 min bareldir. Bu, başlanğıcda qoyulmuş hədəfdən - 600 min bareldən azdır. Bunun 300 min bareli Rusiyanın payına düşür.

Bəs görəsən, hasilatın azaldılması bir enerji ölkəsi kimi Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur? Bu bir tərəfdən neftin bahalaşmasına və gəlirlərin artmasına səbəb olduğu kimi, digər tərəfdən də hasilatın məhdudlaşmasına gətirib çıxarır.

Ekspertlər isə bildirirlər ki, Azərbaycanın bu qərara qoşulması simvolik xarakter daşıyır. Çünki Azərbaycanda neft hasilatı təbii səbəblərdən ilbəil azalır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan mövcud hasilat imkanları ilə hasilatın azalması üst-üstə düşdüyü üçün bu qərara qoşuldu: “Azərbaycanda hasilatın imkanları faktiki olaraq məhdudlaşdırılmayıb. Bizdə buna səbəb olan subyektiv faktor var. Bu mənada Azərbaycanı OPEK ölkələri ilə qarışdırmamalıyıq. Nəzərə alsaq ki, Azərbaycan 2016-cı ilin ortasında təqribən 840 min barel neft istehsal etmişdisə, bu, artıq dekabr ayının sonlarında 15 min barel azalmışdı. Burada obyektiv səbəblərdən hasilatın azalması prosesi gedir. Yanvar ayında hasilat 5 min barel də azalacaq. Oktyabr ayı ilə müqayisədə bizdə hasilatın azalması 20 min barelə çatacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycan belə bir öhdəlik götürsə də faktiki olaraq heç bir addım atmayacaq, təbii şərtlər səbəbindən hasilat nəzərdə tutulduğu qədər azalacaq: “Azərbaycan dekabrın 10-da bu öhdəliyə imza atıb və orada 6 ay ərzində hasilatın 35 min barel azalması göstərilib. Reallıqda da Azərbaycanda hasilatın iyun ayına kimi 15 min barel aşağı düşməsi gözlənilir. O baxımdan bizdə obyektiv səbəblər üzündən hasilatın azalması prosesi gedir. Hökumətin proqnozlarına da baxsaq, cari il üçün ölkədə neft hasilatının təxminən 940 min ton azalması nəzərdə tutulub, bu isə sutkalıq 20 min barel azalma deməkdir”.

İlham Şaban vurğuladı ki, hasilatın azaldılmasının Azərbaycan üçün mənfi yox, müsbət tərəfləri var: “Digər tərəfdən, neftin qiyməti dünya bazarında bir qədər yüksəlib. İlin ilk gününə neftin qiyməti 56 dollarla başlayıb. Bu çox yaşı qiymətdir. Nəzərə alsaq ki, ötən il yanvar ayında, il başlayanda dünya bazarında neftin bir barelinin qiyməti 40 dollardan aşağı idi. Yanvar ayının sonunda isə artıq neftin qiyməti 27 dollar idi. faktiki olaraq, neftin qiymətində iki dəfəyə yaxın artım var. Bu baxımdan da Azərbaycan neftinin həcmi aşağı düşsə də, qiymətin artması onu kompensasiya edir və gələn gəlir azalmır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26