Interposta.Info

İl dəyişir, “Neftçi” isə yox...

İdman
 15-01-2018, 14:53     10 598

Amal Abuşov

Sizin də yadınızda olar. Ötən ilin yayında, daha doğrusu iyulun 6-da "Neftçi”də struktur dəyişikliyi baş vermişdi. O günə qədər klubun icraçı direktoru kimi fəliyyət göstərən Orxan Hüseynzadə ölkənin ən qocaman klubuna prezident təyin olunmuşdu.

Onsuz da hələ xeyli öncədən daxildə baş verən "saray çevrilişi”ndən sonra Müşahidə Şurası oyundan kənarlaşdırılmış, bütün səlahiyyətlər AFFA-nın baş katibi Elxan Məmmədovun adamına, yəni Orxan Hüseynzadəyə verilmişdi. Amma bununla da ürəkləri soyumadı. Necə də olsa, prezident vəzifəsi, onun kürsüsü şirindi. Baş katibin dostunu bu şirinlikdən məhrum etmək olmazdı.

Hüseynzadənin "Neftçi” prezidenti kimi ilk həftəsi çox rəngarəng keçmişdi. İdman mətbuatının az qala yarısında yeni prezidentə ünvanlanan suallardan və oxşar cavablardan ibarət müsahibələr oxuculara təqdim edilirdi. Həmin o müsahibələrdən ən çox yadımda qalan Orxan bəyin bu cavabıdı: "Səlahiyyət olaraq üzərimdə olan yük təxminən eynidi. Əvvəl insanlarda sual yaranırdı ki, "Neftçi”yə kim cavabdehlik daşıyır, səlahiyyətli şəxs kimi kimdən hesabat alınır, kimdi qərar verən? Bəziləri Müşahidə Şurasını hədəf seçirdi, bəziləri isə icraçı direktoru, yəni məni. Amma prezident təyinatından sonra bütün suallara aydınlıq gəldi. Bundan sonra klub idarəçiliyi, komandanın nəticələri ilə bağlı cavabdehliyi mən daşıyacam”.

Bu müsahibədən, deməli, həm də Orxan bəyin prezident olmasında altı aydan çox vaxt keçib. Yarım il bir igidin ömrüdü. Artıq 2017-ci ili də yola salmışıq, yeni ili qarşılamışıq. "Neftçi”də nə dəyişib? Hüseynzadənin icraçı direktor yox, prezident olması "xalq komandası”na nə verib? 80-ci yubiley ilini boşa verən "Neftçi” bu böhranı unutdurmaq üçün nə edib? Birmənalı cavab vermək heç də çətin deyil: heç nə!

Tərlan Əhmədovun təyinatından sonra "Neftçi”nin nəticələri müəyyən qədər yaxşılaşsa da, təkcə Tərlan bəyin məşqçilik bacarığına arxalanıb uzağa getmək mümkün deyil. "Neftçi” qış fasiləsinə 4-cü pillədəki "Sumqayıt”dan 4 xal geridə yollanıb. Ölkə kubokunun yarımfinalına yüksəlmək ümidverici nəticə sayılsa da, illərdi bu titulun həsrətində olan "Qəbələ” "ağ-qaralar”ın final arzusunun üstünən xətt çəkəcək gücdədi. Bunun əksini arzulamaq üçün isə "Neftçi”ni gücləndirmək lazımdı. Amma kimlərlə? Aşağı divizionda gün keçirənlərlə, yoxsa "Keşlə”da hamının unutduğu müdafiəçiylə?

Görünən odu ki, "Neftçi” güclənmir. Transferlərə ehtiyacı olan klub yeni futbolçuları yanvarın ilk günlərində düşərgəsinə çağırmalı, toplanış başlayan kimi onları məşqçilər korpusunun sərəncamına verməli idi. Həmin futbolçuları oktyabr-noyabr aylarında izləmək, dekabrda danışıqlar yekunlaşdırmaq tələb olunurdu. Hazırda isə "Neftçi” ötən ilin yanvarında olduğu kimi davranır. Onda da klubda söz sahibi Orxan Hüseynzadə idi. Keşən il Antalyada "Neftçi”yə qoşulan əcnəbilərin "xalq komandası”na nə "qazandırdığını” hamımız gördük. Deməli, dərs çıxarmayıblar.

İl dəyişib, Orxan Hüseynzadənin vəzifəsinin adı da dəyişib. Amma "Neftçi” heç dəyişməyib. Bunun da günahkarı elə Orxan bəyin özüdü. Yayda verdiyi müsahibəsində demişdi axı. Unutmamışıq: "Bundan sonra klub idarəçiliyi, komandanın nəticələri ilə bağlı cavabdehliyi mən daşıyacam”. Daşıya bilirsizmi, cənab prezident?!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26