Interposta.Info

“Qarabağ” üçüncü dəfə bizi sevindirəcəkmi? -

İdman
 20-11-2017, 09:26     4 448

Natiq Muxtarlı: “Çelsi” qarşısında nəticə qazanmaq mümkün olacaq"; Aydın Bağırov: “Komanda bu oyuna mütləq xal qazanmaq üçün çıxacaq”

Bu həftə bəlkə də Azərbaycan futbolunun tarixinin ən önəmli oyunu keçiriləcək. Ölkə çempionu “Qarabağ” noyabrın 22-də Bakı vaxtı ilə saat 21:00-da Çempionlar Liqasında İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Hər iki tərəfin ölüm-dirim savaşı kimi baxdığı oyunda qazanılacaq xal və xalların önəmini sözlə ifadə etmək çətindir.

“Çelsi” hazırda C qrupunda 8 xalı olan İtaliya “Roma”sından sonra 7 xalla ikinci sırada qərarlaşıb. “Qarabağ” isə son iki oyunda İspaniya divlərindən olan “Atletiko Madrid”lə ev və səfər oyunlarında 10 nəfərlə qalmasına baxmayaraq, heç-heçə edərək, iki xal qazanmaqla qrupun üçüncüsü kimi Avropa Liqasına düşmək şanslarını son oyunlara daşıyıb. “Çelsi”nin Bakıya yalnız qələbə üçün gəldiyi hər kəsə məlumdur. Belə ki, “Roma” ilə son iki oyunda yalnız bir xal qazanan və qrup liderliyini rəqibə təhvil verən London təmsilçisi Bakıda məğlub və ya heç-heçə edəcəyi təqdirdə böyük ölçüdə liderliyə “əlvida” deyəcək. Hətta “Atletiko Madrid”in “Roma”nı məğlub edəcəyi halda “Çelsi” Madrid təmsilçisi ilə qrupdan ikinci kimi çıxmaq üçün son final oyununa çıxacaq.

İstənilən halda “Qarabağ”a “Çelsi” oyununda ən yaxşı halda qələbə, ən pis halda isə heç-heçə, “Atletiko Madrid”in isə “Roma”ya məğlubiyyəti sərf edir. Madrid nəhənginin məğlubiyyəti isə “Qarabağ”ı bir xal qazansa belə üçüncü sıraya çıxarır, çünki rəqiblə keçirdiyi iki oyunda rəqib meydanında vurduğu bir qol kimi üstünlüyü var.

“Qarabağ”ın məğlubiyyəti böyük ölçüdə bütün ümidlərin dəfn edilməsi deməkdir. Çünki “Atletiko” bizdən bir xal öndədir. Bütün bunları nəzərə alaraq, futbol mütəxəssisləri “Qarabağ”ın rəqibi ilə xal və xallar qazanmaq üçün baş-başa mübarizə aparacağını proqnozlaşdırırlar.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı bildirdi ki, heç bir halda “Qarabağ”ı təzyiq altında saxlamamalıyıq: “Hələ ”Qarabağ" Çempionlar Liqasının qruplarında düşəndə demişdim ki, klubumuzu təzyiq altında saxlamamalı, qrupdan Çempionlar və ya Avropa Liqasına çıxmağı tələb etməməliyik. Amma iştah diş altındadır. Əgər sənin şansın olursa, azarkeş daha çoxunu istəyirsə, o zaman fərqli situasiya yaranır. Unutmayaq ki, “Qarabağ” Çempionlar Liqasındakı işini artıqlaması ilə gördü. “Qarabağ”ın futbolumuz, cəmiyyətimiz, işğal altında olan torpaqlarımız naminə apardığı mübarizəni neçə ildir biz apara bilməmişik. “Qarabağ”ın oyununa bu aspektdən yanaşmaq lazımdır. Sözsüz ki, “Çelsi” ilə oyun sıradan biri olmayacaq. Rəqib həddindən artıq gücü olan və dünyanın ən güclü çempionatı sayılan İngiltərə qalibidir. Açığı, bu oyunda “Qarabağ”dan qələbə gözləmirəm. Amma bütün hallarda inanıram ki, klubumuz “Atletiko Madrid”lə oyunlarda olduğu kimi əzmlə mübarizə aparacaq, bütün oyun keyfiyyətlərini ortaya qoyacaq. “Çelsi” ilə ilk oyunda 0-6 məğlubiyyətdən sonra bildirmişdim ki, bu oyuna aldanmağa ehtiyac yoxdur. Çünki o oyun “Qarabağ” üçün adaptasiya, Çempionlar Liqasına alışmaq oyunu idi. O məğlubiyyət çox təsadüfi idi. Çünki “Qarabağ” elə böyük hesablı məğlubiyyətə uğrayacaq komanda deyil. Noyabrın 22-dəki oyunda komandamızdan layiqli oyun gözləyirəm. Bu oyundur, hansı tərəf ələ düşən şanslardan istifadə edəcəksə, o da qalib gələcək. Sözsüz ki, rəqibin təcrübəsi hədddən artıq böyükdür, ələ düşən şanslardan onların da istifadə etmək şansları yüksəkdir. Bütün hallarda “Qarabağ”ın da şansları olacaq. Həmin məqamlardan istifadə olunsa, müdafiədə ehtiyatlı olsaq, “Çelsi” qarşısında nəticə qazanmaq mümkün olacaq. “Qarabağ” Çempionlar Liqasında növbəti təcrübəsini qazanmalıdır ki, növbəti illərdə təmsilçimiz daha yüksək nəticələr qazanmaq şansları artsın".

Qol.az saytının baş redaktoru Aydın Bağırov “Atletiko Madrid”lə oyunlardan sonra “Qarabağ”dan hər bir nəticəni gözləməyin mümkün olduğunu söylədi: “Çelsi” ilə oyunda “Qarabağ”ın məğlubiyyəti də gözlənilməz olmaz, qələbəsi də. İlk oyunda “Çelsi” “Qarabağ”ı ciddi rəqib kimi qəbul etmirdi və 0-6 hesabı ilə qalib gəldi. İlk oyuna klubumuz da psixoloji və taktiki olaraq hazır deyildi. Amma “Atletiko” oyunlarından sonra artıq “Qarabağ”ı ciddi rəqib kimi qəbul etməyə başlayıblar. Bu dəfə yanaşma daha ciddi olacaq. Bu mənada bizi çox ağır bir oyun gözləyir. Düzdür, “Qarabağ” oyuna daha rahat çıxacaq, çünki üzərində təzyiq yoxdur. Buna baxmayaraq, qazandığı iki xal komandanı çox ümidləndirib. Komandanın Avropa Liqasına keçmək şansları qalır. Bu mənada o, bu oyuna mütləq xal qazanmaq üçün çıxacaq. Amma unutmayaq ki, “Çelsi” üçün də bu oyun çox vacibdir. Ümumiyyətlə, qrupda vəziyyət çox qeyri-müəyyəndir. Heç bir komanda xal itirmək istəmir. İstənilən halda “Çelsi”ni oyunun favoriti sayıram"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26