Interposta.Info

Balaş Qasımov televiziyalardakı vəziyyəti "Titanik"dəki musiqiçilərlə müqayisə etdi

Gündəm
 27-11-2023, 16:52     27 791


İTV-nin baş direktoru Balaş Qasımov "Kaspi" qəzetinin "Məktəbdə" layihəsində qonaq olub.
"İnterPosta" xəbər verir ki, telekanal rəhbəri hamını narahat edən televiziyaların bugünkü durumu ilə bağlı maraqlı fikirlər səsləndirib. 

"Problem ondandır ki, bu gün televiziya anlamı dəyişib. Sizin aranızda gündə yarım saat televizora baxan çətin tapılar. Bizim vaxtımızda informasiyanı əldə etmək üçün evə gəlməli idin. İnsanlar həyat tərzlərini və planlarını televiziyaya görə qururdular. Elə filmlər və seriallar var idi ki, onların nümayişi zamanı küçələrdə adam olmurdu, hamı evdə oturub gözləyirdi. İndi zəmanə fərqlidir. Hər insanın öz televizoru var: smartfon elə televizordur. İstədiyin verilişi və ya filmi "YouTube”dan izləyə bilərsən. Bu da bizim işimizi çətinləşdirir. Artıq bizim kanalın "YouTube” səhifəsinin bir milyondan yuxarı izləyicisi var. Bu günün göstəricilərinə görə, televiziyaya daha çox 45-50+ yaşlı insanlar, təqaüdçülər baxırlar. Onların daha çox vaxtı olur və izləyə bilirlər. Biz çalışırıq ki, gənclərə də maraqlı olacaq verilişlər istehsal edək”, deyə Balaş Qasımov bildirib.

İTV rəhbəri televiziyanın gələcəyindən ümidsiz danışsa da, meydanda qalmaq üçün mübarizə apardıqlarını da bildirib:

"Bəlkə siz ali məktəbə qəbul olanda televiziya ümumiyyətlə olmayacaq. "Titanik” filminə yəqin hamınız baxmışınız: gəmi batanda artistlər musiqi ifa edirlər ki, təşviş olmasın, amma başa düşürlər ki, hamısı batacaq. Bununla belə, musiqini davam etdirirlər. Mən həmkarlara həmişə deyirəm ki, biz hamımız o orkestrə bənzəyirik. 5-10 ildən sonra hər şey tamam fərqli olacaq. Amma biz də davam edirik".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26