Keçmiş məcburi köçkün şagirdləri üçün yeni imkanlar – Layihə
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində yeni layihənin icrasına başlanılıb. ““Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi 6 ay müddətində Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə icra olunacaq. Layihənin məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili ilə onların peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqla doğru sənət seçiminə dəstək verməkdir. 2 noyabr 2023-cü il saat 10:30-da Kəlbəcər rayon 56 saylı tam orta məktəbin binasında layihənin açılış tədbiri keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri, Kəlbəcər rayon 56 saylı tam orta məktəbin direktor müavini Nizami Əsgərov layihə ilə bağlı şagirdlərə məlumat verib. O bildirib ki, həyata keçirilən layihənin məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyaların təşkili ilə onların peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqdır:
“Altı ay müddətində icra ediləcək layihə çərçivəsində Kəlbəcər rayon 56 saylı tam orta məktəbin VII-IX sinif şagirdlərinin (90 nəfər) İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil ediləcək. Peşə məktəblərində şagirdlərə doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı məlumatlar veriləcək. Şagirdlər peşə təhsili müəssisələrindəki şərait, təhsil imkanları, tədris prosesi ilə əyani məlumat almaq imkanı əldə edəcəklər. Şagirdlər, həmçinin işğaldan azad olunan ərazilərin əmək bazarında daha çox ehtiyac olacaq peşələrlə bağlı da bilgiləndiriləcəklər”.
Tədbirdə daha sonra çıxış edən layihənin eksperti Xalid Kazımov Peşə məktəblərinə qəbul prosesi, peşə məktəblərində mövcud təhsil imkanları ilə bağlı şagirdləri məlumatlandırıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26