Interposta.Info

Generalın qardaşı oğlunun 4,3 milyonunu mənimsəyən şəxsdən xəbər var

Gündəm
 7-08-2023, 10:04     327

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynov barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses avqustun 9-na təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Rahib Hüseynov "Azərbaycan Dəmiryolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul "atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib. Rahib Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttiham aktına əsasən, Emil Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən qardaşlar "Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır. Zərərçəkmiş qismində tanınan Qoşqar Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğlu, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı oğludur.

Rahib Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə son sözündə məmur övladlarının toruna düşdüyünü deyib: "Arif Əsgərovun oğlu Elnar Əsgərovun, Tovuz icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun oğlunun oyunlarına görə həbsdəyəm. Onlar indi kef edir, mən isə gün sayıram. Elnar ölkəyə gətirdiyi malı dövlətə dəfələrlə baha qiymətə satıb. Mənim adımdan ayrı-ayrı şəxslərdən milyonlar alaraq faiz verib. Arif Əsgərov bu işlər başlayandan sonra həmin adamlara 40 milyon ödəyib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26