Interposta.Info

Generalın məhkəməsi 1 həftəlik təxirə salındı (SƏBƏB)

Gündəm
 4-08-2023, 14:36     429

Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi” üzrə həbs olunan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general Bəkir Orucov, korpusun təhqiqatçısı İntiqam Məmmədov, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədov, döyüş hazırlığı üzrə şöbəsində xidmət edən Ülvi Rəşidov və snayper bölüyündən Ziya Kazımovun cinayət işi üzrə avqustun 3-nə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Hakim bildirib ki, iş üzrə təqsirləndirilən şəxs Ülvi Rəşidovun qızının sağlamlığında ciddi problemlər var, o, bu səbəbdən prosesin təxirə salınmasını xahiş edib. Bu səbəbdən proses 1 həftəlik təxirə salınıb.

Musavat.com xəbər verir ki, Tərtər hadisələri ilə bağlı cinayət işi üzrə icraat təzələnəndən sonra 2017-ci ilin may-iyun aylarında yüzlərlə hərbçiyə qarşı baş vermiş işgəncə halları araşdırılmağa başlayıb. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq çərçivəsində 2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncə hallarının araşdırılması həyata keçirildi. Çünki orada da işgəncələr eyni səbəblərlə həyata keçirilir, hərbçilərdən düşmənə casusluq etmələri haqda bir-birinin, yaxud da özlərinin əleyhinə etiraf ifadələri almağa cəhd göstərilirdi.

Bəkir Orucov da Beyləqan hadisələri ilə əlaqədar məsuliyyətə cəlb olunub. Lakin o, ittiham üzrə özünü günahkar bilmir. Qeyd edir ki, əksinə, o, səlahiyyətləri çərçivəsində işgəncələrin qarşısını almağa çalışıb. Bu barədə II Ordu Korpusunun komandiri Mais Bərxudarova dəfələrlə məlumat verməklə sorğulama işinin prokurorluq orqanının aparmalı olduğunu deyib. Mais Bərxudarov isə göstərişin Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan gəldiyini deməklə sorğulama prosesinin davam edirilməsinə şarait yaradıb. Beyləqan hadisələrilə əlaqədar 63 nəfər zərərçəkmiş qismində tanınıb.

İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb, müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri, İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərin heç biri ittiham üzrə özünü təqsirli bilmir.

General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib.

2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ həbs-qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26