Interposta.Info

Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü
 

Gündəm / Paradoks
 31-07-2021, 10:31     2 092

Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib.

"İnterPosta" Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, "Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb.

Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.

"Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiylə əlaqə saxlayıb. Hadisə təsdiqlənib və nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı "Range Rover” markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: "Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır”.

Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.

Qeyd edək ki, X. Kazımlı İmişli rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26