Interposta.Info

Azərbaycan ermənilərin Kəlbəcərə gəlişini qadağan edib?

Gündəm
 28-04-2021, 09:24     486

Ermənistanın Eçmiadzın nümayəndəsi Vaqram Melikyan Armenpress agentliyi ilə söhbətində aprelin 25-də Azərbaycan hərbçilərinin erməni zəvvarların Xudavəng monastırına daxil olmalarına icazə vermədiklərini bildirib.

Ermənilərin Dadivank adlandırdıqları bu dini kompleks Kəlbəcər rayonunun ərazisindədir. Melikyan deyib ki, Azərbaycan hərbçiləri "epidemiyanı bəhanə gətirərək” Artsax (Qarabağ – red) yeparxiyasının arxiyepiskopu Pargev Martirosyanın, yepiskop Vrtanes Abraamyanın və bir qrup zəvvarın Xudavəng ərazisinə daxil olmalarına icazə verməyiblər.

Melikyanın sözlərinə görə həmin gün monastırda bir rahibin keşişliyə qəbulu mərasimi keçirilməliydi və bu, Rusiya sülhməramlıları ilə razılaşdırılmışdı. Keşiş bunu da əlavə edib ki, onlardan icazəli zəvvar sayının 25-dən 10-a endirilməsi tələb olunub.

Melikyan deyib ki, rahiblər üçün vaxtaşırı gətirilən azuqənin də monastıra ötürülməsinə razılıq verilməyib. Eçmiadzin nümayəndəsi bildirib ki, Azərbaycan tərəfi bununla mərasimi pozmağa çalışıb. Lakin mərasim elə həmin gün Gəncəsər kompleksindəki monastırda keçirilib. Ermənilərin Qandzasar adlandırdıqları monastır Dağlıq Qarabağın Vəngli kəndi yaxınlığında yerləşir.

Azərbaycan tərəfi buranı Kəlbəcər rayonunun, erməni tərəfi isə Ağdərə rayonun kəndi hesab edir. Ərazi hazırda Rusiya sülhməramlılarının və separatçıların nəzarətindədir.

Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən Alban kilsəsinə aid bu monastır 1238-ci ildə inşa edilib. Vaqram Melikyan deyib ki, "Azərbaycanın erməni monastrına dini missiyanı qadağan etməsi” ermənifobiya nümunəsi kimi pislənməlidir.

Azərbaycan tərəfi sözü gedən abidələri erməni yox, Azərbaycan Qafqaz Albaniyasının abidələri hesab edir.

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Bir aydan çox davam edən bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi./azadliq.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26