Interposta.Info

Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi

Gündəm
 9-02-2021, 12:15     359

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Neftçala rayon prokurorluğundan daxil olan xəbərə görə, həmin tədbirlərdən biri kimi, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26