Interposta.Info

ABŞ Bakı və İrəvana münasibətini tam ortaya qoydu - Detallar

Gündəm
 26-10-2018, 12:45     10 382

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistanda və Azərbaycanda səsləndirdiyi fikirlərə xüsusi diqqət yetirmək lazımdır. Yəni Ermənistana münasibətdə irəli sürülən şərtlər və təkliflərin heç biri Azərbaycana aid edilmədi. Bolton əksinə açıqlamalarında Azərbaycanın maraqlarını nəzərə alacağını, Azərbaycanın zərər görməsini istəmədiyini dilə gətirdi. Bu, çox ciddi mesajdır.

"İnterPosta" xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Bolton açıq şəkildə Ermənistanın Rusiyanın təsirindən çıxmasa, ABŞ-ın dəstəyini ala bilməyəcəyini rəsmi İrəvana çatdırdı:

“Qərbin dəstəyini almağın yolunun isə Qarabağın həlli prosesindən asılı olduğunu da vurğuladı. Hesab edirəm ki, Bolton təkcə qonşularla münasibətdə deyil, eyni zamanda, Qarabağla bağlı da çox ciddi mesajlar səsləndirdi. Yəni ABŞ Azərbaycanın ziyan görməsini istəmir. Bu aspektdən də hesab edirəm ki, Boltonun səfəri çərçivəsində həm Azərbaycandakı bəyanatları, həm də Ermənistanda səsləndirdiyi fikirlər ABŞ-ın ölkəmizin geosiyasi mövqeyinə, yürütdüyü müstəqil siyasətə verdiyi dəyər kimi qiymətləndirilməlidir. Azərbaycandakı mesajlarına xüsusi diqqət yetirmək lazımdır. Bu mesajlarda ilk növbədə, əvvəlkilərdən fərqli olaraq, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini istədiyi görünür. Daha öncələr “qeyd etməlidir”, “olmalıdır” kimi ifadələr səsləndirilirdisə, bu dəfə məsələ çox interaktiv şəkildə qoyuldu. Yəni bu, ABŞ-ın istəyi kimi ortaya çəkildi. Bildiyiniz kimi, bundan öncə də ABŞ-ın Ermənistanda olan sabiq səfiri Riçard Mills hələ səfir postunda ikən torpaqların Azərbaycana qaytarılmasından danışmışdı. Bu ABŞ-ın mövqeyidir. Təbii ki, Boltonun da fikirlərində, açıqlamalarında bu məqam xüsusi olaraq öz yerini tapdı”.

Analitik vurğulayıb ki, İrana qarşı sanksiyalar məsələsində də ABŞ-ın Ermənistana və Azərbaycana münasibəti eyni olmadı:

“Bolton açıqlamasında İrana qarşı sanksiyaların maksimal səviyyədə tətbiq edilməsindən Azərbaycanın zərər görməsini istəmədiklərini vurğuladı. Bu, Azərbaycanın qonşularla münasibətinə ABŞ-ın sayğı ilə yanaşmasının təzahürüdür. Səbəb isə Azərbaycanın yürütdüyü müstəqil siyasətdir. Yəni ABŞ yaxşı başa düşür ki, Azərbaycan qütblər arasında manipulyasiya ilə məşğul olmur. Bakı yalnız öz xalqının, dövlətinin milli maraqlarından çıxış edərək, münasibət qurur. Bu münasibətlərin əsasında Azərbaycanın ilk növbədə daha çox iqtisadi motivli maraqları dayanır və ölkənin geosiyasi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Ermənistanda isə proses tamamilə başqa bir formadadır. Ermənistan qütblərarası manipulyasiya ilə məşğuldur, eyni zamanda da işğal prosesini qoruyub saxlamaqla regionda sülhə, sabitliyə ciddi zərbə vurur”.

Analitik vurğulayıb ki, Ermənistana münasibətdə ABŞ tərəfindən səsləndirilən fikirlər Ermınistanın etibarsız ölkə olması faktorunu önə çxardı:

“Bolton təkcə hakimiyyətə deyil, Ermənistan cəmiyyətinə də ciddi mesajlar verdi. Eyni zamanda Qarabağ münaqişəsinin həlli ilə bağlı işğalın davam etməsinə ABŞ-ın münasibətinin kifayət qədər neqativ olduğu ortaya qoyuldu. Ermənistanın regional faktorlardan istifadə etməklə regionda müstəqil siyasət yürütmək istəyən dövlətlərə maneə yaratması amili önə çəkildi. Burada söhbət təkcə Azərbaycandan deyil, həm də Gürcüstandan gedir. Yəni Ermənistanın bugünkü fəaliyyəti, həyata keçirdiyi siyasət, Ermənistan sərhədləri çərçivəsində başqa ölkənin hərbi bazalarının mövcudluğu həmçinin Gürcüstanın özünə də müəyyən təhlükə yaradır. Bu aspektdən hesab edirəm ki, Boltonun bütövlükdə səfəri ABŞ-ın regionda baş verən proseslərə münasibətinin kifayət qədər dəyişdiyindən xəbər verir. ABŞ, görünür, Cənubi Qafqazda aktivliyini artırmaq niyyətindədir. Eyni zamanda, Ermənistana başa salmaq istəyir ki, işğal siyasətini davam etdirməklə, qütblərarası manipulyasiya ilə məşğul olmaqla mövcud situasiyadan çıxa bilməyəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26