Interposta.Info

İsveçdə daha bir azərbaycanlı seçkilərdə qalib gəlib

Gündəm
 11-09-2018, 18:19     10 514

İsveçdə keçirilən parlament və bələdiyyə seçkilərində daha bir həmyerlimiz səs çoxluğu ilə qələbə qazanıb.

Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürkün BakuPost-a verdiyi xəbərə görə, sözügedən ölkədə yaşayan soydaşımız Turan Əliyev "Mərkəz” Partiyasından Partille bələdiyyəsinə üzv seçilib.

Onun sözlərinə görə, Turan Əliyev bir ildir ki, partiyada fəaliyyət göstərir. Hazırda bələdiyyədə partiyanın idarə heyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək.

"Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib”, - deyə jurnalist qeyd edib.

Hazırda İsveçdə 290 bələdiyyə var. Partille bələdiyyəsində 51 üzv var. Onların hər biri səsvermə hüququna malikdir. Turan Əliyev də səsvermə hüququnu özündə daşıyacaq və qərarların qəbul olunmasında iştirak edəcək.

Qeyd edək ki, İsveçdə bələdiyyələrin cəmiyyətdə rolu böyükdür və qərarların qəbul olunmasında kifayət qədər təsir imkanları var.

Məlumat üçün bildirək ki, Turan Əliyev 1983-cü ildə Naxçıvanda anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili fakültəsini bitirib. Universiteti bitirəndən sonra İsveçə köçüb.

Dünən isə azərbaycanlı xanım Aylin Fazelianın Sosial-Demokrat Partiyasından İsveç parlamentinə deputat seçildiyi barədə xəbər yayılmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26