Interposta.Info

Azərbaycanda narkomanların sayı sürətlə artır –

Gündəm
 6-09-2018, 09:21     10 514

İstifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb

Ötən il Azərbaycanda 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb. Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, bu barədə Respublika Narkoloji Dispanserdən bildirilib. Qeyd olunub ki, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur. Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar. Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir.

Komissiyanın əsasnaməsin 2.1 bəndində deyilir: “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əsas vəzifələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir”.

Komissiyanın saytında https://nmdk.gov.az/page/index ttp://nmdk.gov.az/page/index yer alan məlumatlardan belə məlum olur ki, 2018-ci ildə komissiya narkomanlıqla mübarizəyə dair işləri davam etdirib. Saytdan oxuyuruq:

“Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarının davamı olaraq, ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirmək məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan lövhələr cari ilin iyun ayının 10-dan Bakı şəhəri üzrə Xəzər rayonu ərazisində, Hüseyn Cavid, Ziya Bünyadov prospektlərində, Ukrayna dairəsində və Koroğlu Rəhimov küçəsində quraşdırılmışdır".

Bundan başqa, komissiya narkotiklərin ziyanı ilə bağlı növbəti SMS-bildiriş mobil operator abunəçilərinə göndərib.

Saytda bu haqda məlumat yer alıb:

“Cari ilin 20 iyul tarixindən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədilə ”Bakcell" MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (DK İşçi Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib. Belə ki, 2018-ci ilin 16 iyul tarixindən 01 avqust tarixinədək ölkə ərazisində fəaliyyət göstərən “Azerfon” MMC, “Azercell Telekom” MMC, “Bakcell” MMC mobil rabitə operatorları tərəfindən sosial mətnli bildiriş sms formasında mərhələli qaydada ümumilikdə 5,5 milyondan çox abunəçiyə ünvanlanmışdır".

“Yeni Müsavat” əməkdaşı komissiyanın gördüyü işlər, sms-bildiriş, poster quraşdırılması yolu ilə narkomanlığa qarşı mübarizənin nə dərəcədə effektiv olması ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyniyə müraciət edib. Bu və digər suallarımızı cavablandıran Rauf Zeyni deyir ki, Azərbaycanda narkomanlığa qarşı dövlət səviyyəsində, dövlət proqramları çərçivəsində mübarizə aparılır: “Əlbəttə ki, bu işlərin görülməsi, tədbirlərin keçirilməsi heç də o demək deyil ki, bu sahədə lazım olan yekun nəticəni əldə etmək mümkündür. Bundan ötrü daha böyük işlər görmək lazımdır. Narkomaniyanın çoxalması, narkomanlığa düçar olan insanların artması əlbəttə ki, xoşagəlməz haldır, amma reallıqdır. Region və dünya ölkələrində dövlət və ictimaiyyət səviyyəsində nə qədər mübarizə aparılsa da, ölkələrdə narkomanlığın artması tendensiyası müşahidə olunur. Azərbaycana gəldikdə isə bu həm də bizim yerləşdiyimiz coğrafi məkanla bağlıdır. Azərbaycan narkotranzitin üzərindədir. Bizim ölkəmizdən keçməklə bir neçə istiqamətə narko-yüklər daşınır. Təbii ki, bu ərazidə narkoticarətin genişlənməsində beynəlxalq narkobiznesmenlər maraqlıdırlar. Biz bunun qarşısını almaq üçün sərhədlərimizi bir qədər də möhkəmləndirməliyik. Dövlət Gömrük Komitəsi bu sahədə çox geniş işlər aparır. Hər il tonlarla narkotikin ölkəyə daxil olmasının qarşısı alınır. Bütün bunlara baxmayaraq yenə də müxtəlif yollarla ”ağ ölüm" sərhədlərimizi aşır".

Rauf Zeyninin təmsil olunduğu komissiya narkotiklərin ziyanlı olması ilə bağlı 5 milyon 500 min nəfərə sms göndərib, küçələrdə poster quraşdırıb. Atılan addımlar real vəziyyətə adekvatdırmı? Belə məzmunlu sms-lərin göndərilməsi əvəzinə narkotik yayanlar, satanlarla bağlı anonim məlumatlandırma sisteminin təşviqi daha doğru olmazdımı?

Rauf Zeyni deyir ki, Dövlət Komissiyası ötən 5 il ərzində xeyli iş görüb: “Görülən tədbirləri dəyərləndirmək lazımdır. Çünki bu görülən işlər, tədbirlər yaxşıdır. Əlbəttə ki, nə qədər belə tədbirlər görülsə, bu bəşəri bəlanın qarşısının alınması üçün azdır”.

Rauf Zeyni rayonlarda, kəndlərdə, qəsəbələrdə narkotik satan şəxslər haqda məlumatlarin tez bir zamanda yayıldığı haqda fikirlərlə razılaşır və deyir ki, hüquq-mühafizə orqanları onların zərərsizləşdirilməsi üçün addımlar atırlar: “Yüzlərlə, minlərlə insan bu əməllərə görə məhkumluq həyatı yaşayır. Bu qədər inzibati tədbirlər görülməsinə baxmayaraq yenə də narkoticarəti davam etdirənlər peyda olur. Narkobizneslə bağlı belə bir statistika var; bu biznesə qoyulan 1 dollar sərmayə 2 min dollar gəlir gətirir. Belə bir biznesin qarşısının alınması üçün görülən işlər əlbəttə ki, azdır. Ona görə də narkoticarətlə məşğul olanlarla daha sərt davranılması və bu mübarizənin daha da gücləndirilməsinin tərəfdarıyam”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26