Interposta.Info

Etibar Pirverdiyevin işdən çıxarılmasının səbəbi açıqlandı (RƏSMİ)

Gündəm
 4-09-2018, 19:05     10 394

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanıb, Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Qaynarinfo-nun xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından verilən məlumatda deyilir ki, baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə elə həmin gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Baş nazirinin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Azərbaycan Prezidenti tərəfindən Dövlət Komissiyasına təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin baş vermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilib.

Ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılmış, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26