Interposta.Info

Azərbaycan Prezidenti bir dövlət komitəsini ləğv etdi

Gündəm
 20-04-2018, 19:48     10 470

Prezident İlham Əliyev İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Azərtac"ın verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılsın.

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Əqli Mülkiyyət Agentliyi) yaradılır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilir.

Bu Sərəncamın 3-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilir.

“Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.

Əqli Mülkiyyət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

- Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

- Əqli Mülkiyyət Agentliyinin yenidən təşkili və ləğv edilməsi;

Nazirlər Kabinetinə strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi tapşırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26