Interposta.Info

Moskva merinin erməni rəngi -

Gündəm
 24-01-2018, 10:01     10 445

Rusiya paytaxtında zibil qutularının üzərində Azərbaycan bayrağının rənglərinin olması ciddi etirazlar doğurdu

Sosial şəbəkələrdə Moskvada zibil qutularının Azərbaycan bayrağının rənglərinə boyanması ilə bağlı məlumatlar paylaşılıb. Bu barədə məlumatı Moskvada yaşayan soydaşımız Pərviz Səfərov özünün facebook səhifəsində paylaşıb. O, zibil qutularının fotolarını Rusiya paytaxtındakı “Mega” Ticarət Mərkəzində çəkdiyini qeyd edib. Bu təxribatda Moskva meri Sergey Sobyaninin də iştirakı mümkün hesab edilir.

İddia olunur ki, zibil qutusunun üstündə yazılmış “Svet imeet znaçenie” (“Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir.

Kiçik araşdırma apararaq öyrəndik ki, əslində rəngli zibil qutularına təkcə Moskvada deyil, elə Bakının özündə də rast gəlmək olur. Şəhərin bir çox yerlərində müxtəlif rənglərdə zibil qutularına rast gəlinir. Bu zibil qutularının fərqli rənglərdə olan hər gözünə müvafiq zibil atılır. Yəni məsələn, şüşələr göy rəngli gözə, kağızlar sarı rəngli qaba və sairə atılır. Hər birinin üzərində də “şüşə”, “kağız” deyə qeydlər yazılır. Lakin Bakıda olan zibil qabları konkret olaraq bizim bayrağımızın rənginə boyanmayıb. Adətən burada sarı, çəhrayi, göy rənglər üstünlük təşkil edir. Moskvada isə açıq şəkildə bizim bayrağımızın rənglərinin zibil qutusunun üzərinə həkk olunması qəsdən edilmiş hərəkət kimi qiymətləndirilir. Məsələyə elə sosial şəbəkələrdə münasibət bildirənlər hesab edirlər ki, burada erməni diasporunun da əli var. Çünki daha əvvəllər də ermənilər tərəfindən Azərbaycanın atributlarına qarşı bu cür iyrənc addımlar atılıb.

Məsələ ilə bağlı öncə Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmağa cəhd etdik. Lakin əksər hallarda olduğu kimi nazirliyin mətbuat xidməti zənglərimizə cavab vermədi.

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə report.az-a bildirib ki, zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir: “Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək”.

Deputat hesab edir ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır: “Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq. Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır”.

A.Mirzəzadə qeyd edib ki, bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz: “Təxribatı törədənlərin məqsədi Azərbaycanda Rusiyaya qarşı narazılıq yaratmaqdır. Ola bilər, buna Rusiyadan yeni silahların alınması səbəb olub. Xaricdəki erməni diaspor dairələri bunu etməklə iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar. Çox istərdim ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olsun, bunu etməyə cəhd edənlər cəzalandırılsın. Problemin həlli uzanarsa, rəsmi müraciət edəcəyik. Amma əminəm ki, bu, elə bu gün həll ediləcək”.

“Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bu cür məsələlərdən hiddətlənməli deyilik. E. Hüseynovun fikrincə, ermənilərin də məqsədi elə budur ki, biz belə məsələlərə reaksiya verək: “Məsələn, dolmanın davasını etmək ermənilərə sərf edir. Sabah onlar köftənin də davasını apara bilərlər. Bu cür yollarla millətin fikri əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsindən ayrılır, yemək davasına keçir. Bu cür gedişatlar isə ermənilərin istəklərinə uyğundur. Amerika kimi super dövlətin bayrağını hətta alt paltarlarına, ayaqqabılara belə vururlar. Ancaq görürük ki, Amerika bundan qıcıqlanıb, reaksiyalar bildirmir. O baxımdan düşünürəm ki, belə məsələləri ictimailəşdirmək və gündəmə gətirmək lazım deyil. Əgər o cür boyayıblarsa, yenə də burada bir məqama diqqət etmək lazımdır. Belə ki, əslində rənglərin də müəyyən standartı var. Azərbaycan bayrağında da bu, belədir. Yəni rəngin tündlüyünün nə qədər olması standartlarla təsdiq olunub. Bundan başqa, bayrağın eninin, uzunluğunun da standartları qeyd olunaraq, təsdiqlənib. Ona görə də indi reaksiyalar vermək ucuz vətənpərvərlik kimi qiymətləndirilə bilər. Zibil qablarında müəyyən standartlar da var. Ola bilər ki, Moskvada həmin yerdə standartları təsdiq etdiriblər. Ola da bilər ki, hansısa əraziyə baxan müvafiq qurum standartdan kənar zibil qablarını bu cür boyatdırıb. Standart əsasən zibil qablarının tutumu, hansı növ zibilin atılması ilə bağlı olur. Bu cür də bölgülər edilir. Rəng məsələsini isə təsdiq etdirirsən. Bu zaman rənglər yoxlanılır və daha sonra təsdiq edilir”.

interposta.info
Moskva merinin erməni rəngi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26