"2018-ci ildə cəbhədə münaqişə hər an alovlana bilər"
Rusiya Beynəlxalq Əlaqələr Şurası (RBƏŞ) 2017-ci ilin xarici siyasi yekunlarını və 2018-ci il üçün proqnozlarını nəşr etdirib. Hesabatda "Rusiya və yaxın xarci ölkələr" bölməsi xüsusilə böyük yer tutub.
Burada Dağlıq Qarabağ münaqişəsi də nəzərdən keçirilib. 2018-ci il üçün hadisələri proqnozlaşdıran rusiyalı ekspertlər Dağlıq Qarabağda lokal hərbi əməliyyatların bərpa riskini kifayət qədər yüksək sayıblar. Onların fikrincə, buna, o cümlədən hər iki ölkədə gələn ilə prezident seçkilərinin nəzərdə tutulması da təsir edəcək.
Hesabatı Qaynarinfo-ya şərh edən politoloq Qabil Hüseynli rusiyalı ekspertlərin proqnozlarında həqiqət payının olduğunu söyləyib. O, həmçinin bildirib ki, Rusiyadakı prezident seçkiləri də Cənubi Qafqazda hərarəti xeyli qaldıra bilər:
"Proqnozlar həmişə olur. Bunlar özünü doğrulda da bilər, doğrultmaya da. Hər halda bu proqnozlarda həqiqət payının olduğu qənaətindəyəm. Çünki əgər danışıqlar prosesi bir nəticə vermirsə, Ermənistan dirənirsə və Rusiya da onun havadarı rolunu oynayırsa, sözsüz ki, belə hadisələrin baş vermə ehtimalı artır. Həmçinin, Rusiyada prezident seçkilərindən sonra hakimiyyətin daha da sərtləşəcəyi, beynəlxalq münasibətlərdə, eləcə də postsovet məkanına münasibətdə daha radikal mövqe tutacağı haqda proqnozlar verildiyini nəzərə alsaq, söyləyə bilərik ki, bəli bu münasibətlər Cənubi Qafqazda da hərarəti xeyli qaldıra bilər. Üstəlik Azərbaycanın da səbri tükənməkdədir. Azərbaycan öz ərazi bütövlüyünə nail olmaq, yurd-yuvasız insanları öz yerlərinə qaytarmaq və torpaqlarımızın vəhşi düşmən tapdağı altında qalmasına son qoymaq üçün ciddi surətdə hazırlaşır. Beynəlxalq hüquq normaları da bizə bu məsələdə yardımçı ola bilər, yəni işğal edilmiş ərazilərin işğaldan azad edilməsi beynəlxalq hüquqda da qanuni norma sayılır. Azərbaycan məsələlərin danışıqlar yolu ilə çözülməsini görmədikdə, təbii ki, əlində olan digər vasitələrə əl ata bilər. Bir şeyi də qeyd edim ki, Azərbaycan çox ehtiyatlı və təmkinli siyasət həyata keçirir və zənnimcə, Dağlıq Qarabağ münaqişəsinin qızışmasında bu münaqişəni yaradan qüvvələrin rolu bəlkə də həlledici rol oynadı".
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da münaqişənin hər an alovlana biləcəyini qeyd edib. O, vurğulayıb ki, nə vaxta qədər ki, danışıqlar prosesində bir irəliləyiş yoxdur, istənilən an cəbhə xəttində lokal toqquşmalar ola bilər:
"Burda yeni heç nə yoxdur. Biz də bilirik ki, danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsində gərginlik olacaq. Bu il də zaman-zaman lokal toqquşmalar oldu. Böyük dövlətlər, o cümlədən də Rusiya Ermənistana təsir etmir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın. Bu, baş verməyənə qədər də istənilən il, istənilən ay cəbhə bölgəsində hər an lokal toqquşmalar ola bilər. Ona görə rusiyalı ekspertlər elə böyük bir sensasiyalı fikir söyləməyiblər. Bunu hamımız bilirik ki, vəziyyət getdikcə gərginləşir, hər iki tərəf silahlanır. Azərbaycan buna məcburdur, çünki başqa yolumuz da yoxdur. Alternativ ancaq odur ki, işğalçıya hərbi təzyiqi artıraq.
Növbəti il keçiriləcək seçkilərin də danışıqlar prosesinə təsir edəcəyi barədə danışırlar. Anlayırıq ki, Azərbaycanda və Rusiyada prezident seçkiləri, Ermənistanda isə taleyüklü parlament seçkiləri keçiriləcək. Niyə taleyüklü?! Ona görə ki, konstitusiyanı dəyişiblər, baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərindən üstün olacaq. Bəli, seçki olan illərdə danışıqlarda irəliləyiş əldə olunmur. Amma dediyim kimi, istisna deyil ki, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. 2016-cı ildə də heç kim gözləmirdi ki, birdən-birə vəziyyət xeyli pisləşə bilər. Çünki o ildə də Azərbaycanda böyük tədbirlər, yarışlar keçirilirdi. Amma təxribat baş verdi və Azərbaycan ordusu bu təxribata cavab verdi. Yəni, seçkilər danışıqları arxa plana atsa da, bu, lokal toqquşmaların qarşısını almaya da bilər".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26