Binəqədi əhalisi yollarda qalıb - Avtobuslar 45 dəqiqəlik yolu 1,5 saata gedir
Aylardır, təmirə dayanan Binəqədi şossesi Binəqədi və ətraf ərazilərin sakinlərinin səbrini daşırmaq üzrədir.
BakuPost.az xəbər verir ki, yolda gedən təmir işləri səbəbindən avtobuslar dolanbac və uzun yollarla 45 dəqiqəlik yolu 1 saat 30 dəqiqəyə, bəzən daha çox müddətə qət edir, dayanacaqlara vaxtında gəlmir. Yolun noyabrın sonu təhvil veriləcəyi ilə bağlı vədlər verilsə də, dekabrın 7-dən etibarən Binəqədi şossesinin 4 yol ayrıc olan və Rəsulzadə qəsəbəsindən Azadlıq metrosuna kimi olan hissəsi də tamamilə bağlanıb.
Digər yol istifadəyə verilmədən, bu yola da asfalt çəkilməyə başlanılması əhalini sözün əsl mənasında yollarda qoyub. Belə ki, Azadlıq metrosuna kimi gedən avtobuslar sərnişinləri dördyoldakı körpünün altında boşaldır. İnsanlar metroya kimi olan kilometrlərlə yolu piyada getməli olur. Həmçinin geri qayıdarkən də qayıtmağa avtobus tapılmır. Digər şəhərdaxili marşrutlar isə 20 yanvar yolu ilə gedərək, 1 saata "Vorovskiy” dairəsi deyilən yerə çatır, oradan Azadlıq prospekti ilə marşruta davam edir.
Binəqədi sakinlərinn sözlərinə görə, avtobuslar həmin yerə çatana kimi ən az 1 saat vaxt lazım olur. Axşam geri qayıdanda isə avtobuslar yarı yola kimi gəlir, sonra yenidən geri qayıdıb eyni yolu qət edərək 20 yanvara çıxıb, Bakı-Sumqayıt yoluna girməli olur. Bu isə ağzına kimi dolu avtobusdakı sərnişinlərin eyni yolu 2 dəfə dövr etməsi deməkdir. Binəqədi sakinləri artıq 1 ildən çoxdur ki, yol problemi yaşayır.
Rəsmi orqanların təklif etdiyi alternativ yollar insanlara "cəhənnəm əzabı” yaşadır.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı BakuPost.az-a açıqlamasında bildirib ki, Rəsulzadə qəsəbəsinin yolu yeni həftənin ilk gününə kimi açılacaq: "Binəqədi yolunun aylardır, təmirə bağlanan hissəsində isə 80% işlər yekunlaşıb. O yolun da açılmasına sayılı günlər qalıb.
Yolun 24-dekabra kimi bağlı qalacağı və həmin tarixdə açılacağı ilə bağlı yayılmış informasiya doğru deyil. Xüsusən Rəsulzadədən Azadlıq metrosuna kimi olan hissə o qədər müddət bağlı qala bilməz”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26