Interposta.Info

Prezident: “Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərb endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir”

Gündəm
 28-11-2017, 22:52     10 452

“Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir”

“Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərb endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir”.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, bu il köçkünlərin həyatında digər önəmli hadisə baş vermişdir: "Uzun fasilədən sonra Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində indi son addımlar atılır. Birinci mərhələdə biz bu il 50 evin istifadəyə verilməsini qeyd etmişik. Mən o mərasimdə iştirak etmişəm. İndi isə əlavə 100 evin tikintisi başa çatıb və tezliklə o evlərə də Cocuq Mərcanlı kəndinin sakinləri yerləşəcəklər. Orada da bütün infrastruktur yaradılıb, məktəb, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində digər yerlərdə yaşayan Cocuq Mərcanlı sakinləri imkan yarandıqca öz doğma kəndinə qayıtmışlar. Onlar bu arzu ilə yaşamışlar və artıq bu arzu həyatda öz əksini tapdı. Onlar bu arzuya çatdılar. Ona görə Cocuq Mərcanlının bərpası çox böyük rəmzi məna daşıyan bir hadisədir".

"Eyni zamanda, Cocuq Mərcanlının bərpası aprel döyüşlərinin uğurlu nəticəsi hesabına mümkün olmuşdur. Keçən il Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərb endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir və bundan sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olmuşdur. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir", - Prezident İlham Əliyev qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26