Interposta.Info

Könül Xasıyeva: “İki ildir kirayədə yaşayırdım...” FOTO

Gündəm
 28-10-2017, 08:16     11 160

interposta.info xəbər verir ki, tanınmış jurnalist Aytəkin Alxaslı məşhur xanəndə və muğam ustası Könül Xasıyevadan yazdı
Ötən gün Azərbaycanın Birinci vitse -prezidenti Mehriban xanım Əliyeva tərəfindən mənzil hədiyyə edilən xalq artistimiz Könül Xasıyevadan olacaq bu yazım.
Mətbuatdan çox yaxşı bilirdim ki, onurğa iflicindən əziyyət çəkən gözəl muğam ustası ev problemi də yaşayır. Bilirdim ki,evini oğlunun müalicəsi üçün sataraq kirayədə yaşayır. Könül Xasıyevaya ölkənin birinci xanımı tərəfindən ev bağışlanılması xəbərinə bir vətəndaş,bir qələm əhli kimi çox sevindim.Sevindim ki,mənzil şəraiti normal olmayan sənətçinin canı bundan sonra rahat evində dinclik tapar.
Və beynimdən Könül Xasıyevadan, onunla bağlı tələbəlik xatirələrimdən, çoxunun bilmədiyi Şəki ilə bağlı xatirələrdən yazmaq keçdi. Budur,artıq yazıram. Hər kəsin, xüsusən qələm sahiblərinin şəxsi arxivi olur. Bu günlərdə şəxsi arxivimdən Könül Xasıyeva ilə bağlı bir sənəd tapdım. Bu, 16 aprel 1981 -ci ildə keçmiş Şəki şəhər komsomol komitəsinin birinci katibi Tofiq Yusifovun o vaxt Şəki şəhərindəki 12 nömrəli məktəbin şagirdi Könül Xasıyevanı şəhər üzrə keçirilən "Şən və hazırcavablar klubu"nda fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif etməsi barədə sənəd idi. Düzü,əvvəl fikirləşdim ki ,necə olub ki, bu sənəd məndədir? Sonra xatırladım ki, 1985 -ci illərdə Bakıda tələbə olan dayım qızı Tangizlə Könülgilə getmişdik. Onda tələbə olan, kirayədə qalan Könül Xasıyeva Tangizlə dost olublar, mən də jurnalistika fakültəsində oxuduğumdan yazı hazırlamaq üçün bu fəxri fərmanı özümlə götürmüşdüm. O zaman konservatoriyada oxuyan Könül Xasıyevanı yalnız onda görmüşəm və sonradan əlaqəmiz olmayıb. Mehriban xanımın bu məşhur muğam ustasına ev bağışlaması xəbəri respublikada hamını sevindirdiyi kimi, Könülün və mənim doğulduğumuz Şəkidə də xüsusi rəğbətlə qarşılanıb. Onu sevənlər Mehriban Əliyevaya dönə-dönə minnətdar olduqlarını deyiblər. Dayım qızı Tangiz deyir ki, Könülü hamı gözəl muğam ifaçısı kimi tanıyır, o həm də heç nəyi-xüsusən yaxşılığı unutmayan gözəl bir insandır.Tangiz Məmmədova deyir ki, Könül Xasıyeva oğlu Kazımın 1 yaşını Şəkidəki şadlıq saraylarından birində keçirib. Şənlikdə özünün də iştirak elədiyini söyləyən qohumum deyir ki, Könül Şəkidə heç kimin xeyrindən-şərindən qalmayıb. Buna misal olaraq Tangiz belə bir misal çəkdi. Həyat yoldaşı Umar Məmmədovla ilk övladları Rəmzinin bu il avqust ayının 26-da Şəkidə toyunu ediblər.Həmin məclisdə mənim bacı və qardaşlarım da ailəvi iştirak ediblər. Toy başlayanda Tangizə xəbər gəlib ki, bəs, Könül Xasıyeva toya gəlib.Tangiz deyir ki,mən onu toya çağırmamışdım, xəstə olduğu üçün narahat etmək istəməmişdim, o isə mənə borclu qalmaq istəməyib ,öyrənəndə ki, oğlumun toyudu, dəvətsiz gəlib toyumuza. O, mənə həmin gün həyatımın ən böyük sürprizini yaşatdı, heç ağlıma gəlməzdi ki, çağırsam belə, o, xəstə-xəstə məclisimizə gələr. Amma Könül Xasıyeva gəldi, necə gəldi?Bacım Gültəkin deyir ki, həmin toyda Könül hamını kövrəltdi, ata-ana haqda elə muğam çəkdi ki, hamımızın gözü yaşardı.Yaşarın, Oqtayın, Cəsarətin, Qulamın, Kəmalənin, Brilyantın və toyda olan hər kəsin... Toyda təmənnasız oxuyan Könül Xasıyeva toy sahiblərinin etirazına baxmayaraq gedəndə öz nəmərini də atıb,"nəmərsiz olmaz" -deyib və bir daha təbrik edərək gedib. Baxın, budur, Könül Xasıyevanın görünməyən tərəfi...Sadəliyi və yaxşılığı unutmaması. Onu yaxından tanıyanlar bu xüsusiyyətlərinə görə daha çox sevirlər.
Dayım qızı Tangiz Könüllə bağlı daha bir toy xatirəsi danışdı mənə. Tələbə vaxtı -1985-ci illərdən söhbət gedir. O vaxt dostluq etdiyimiz Könüllə həyətimizdə kirayədə qalan qazaxlı bir qızın toyuna getmişdik. O qızın adı da Könüldü. Qatarla getmişdik toya.Yaxşı yadımdadır, Könül Xasıyeva həmin toyda bir qan elədi ki... Hələ onda yaxşı tanınmırdı.Aşıqlar vətəni Qazaxda hamı Könülün oxumağından doymurdu, qatara minənəcən onu oxutdular. Bax belə, həyatdır da. İndi oğlunun, özünün ağır xəstəliyi ilə qarşılaşan Azərbaycanın xalq artisti Könül Xasıyeva dövlətin hər cür dəstəyi ilə əhatə olunub. Ona Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mənzil verilməsi xəbərindən sonra “İstipress” olaraq mən də Könül Xasıyeva ilə telefon əlaqəsi yaratdım. Könül Xasıyeva iki ildir kirayədə qaldığını deyərək həddindən çox sevindiyini, ona Heydər Əliyev prospektində hər cür şəraiti olan 3 otaqlı mənzil bağışlandığını dedi. Bildirdi ki,bu gün mənzilin sənədləşmə işləri ilə məşğuldur. Ona göstərilən diqqət və qayğıya görə, Könül Xasıyeva “İstipress” vasitəsilə də prezident İlham Əliyevə, Heydər Əliyev fondunun prezidenti və vitse-prezidenti Mehriban və Leyla Əliyevalara xüsusi minnətdarlıq etdi. Hazırda Leyla Əliyevanın tapşırığı və Hacı Nuranın xüsusi köməkliyi sayəsində əziyyət çəkdiyi onurğa iflicindən müalicəsinin davam etdirildiyini söyləyən xanım sənətçi Hacı Nurana da xüsusi təşəkkür elədi. Onu sevən, müalicəsində kömək edən hər kəsə, hər bir sadə vətəndaşa təşəkkür edən Könül Xasıyeva çoxsaylı tamaşaçılarının qarşısına sağlam çıxmaq üçün də dualar etdiyini, tamaşaçılarını o yanıqlı və gur səsilə sevindirməyə tələsdiyini dedi. Özü də harda?Heydər Əliyev mərkəzində. Axı, ona bağışlanan ev elə Heydər Əliyev mərkəzinin yaxınlığında yerləşir. ÇOX mübarək və amin. Zər qədrini zərgər bilər- deyiminə əsaslanaraq ölkənin birici xanımı Mehriban Əliyevaya da sadə bir vətəndaş kimi təşəkkür etməyi lazım bilirəm. Köməyə ,yardıma, qayğıya çox ehtiyacı olan gözəl sənətçiyə sonsuz sevinc bəxş elədiyi üçün.
Aytəkin Alxaslı, jurnalist

interposta.info

Könül Xasıyeva: “İki ildir kirayədə yaşayırdım...” FOTO
Könül Xasıyeva: “İki ildir kirayədə yaşayırdım...” FOTO
Könül Xasıyeva: “İki ildir kirayədə yaşayırdım...” FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26