Interposta.Info

Nazirliklərin buza dönmüş “qaynar xətt”ləri

Gündəm
 3-08-2017, 07:25     10 549

“Qaynar xətt” ona görə “qaynar”dır ki, ona “əlimyandı”da zəng edəsən və operativ cavab alasan. Yəni “qaynar xətt”lər vətəndaşlarla daha rahat və çevik formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran suallara dərhal cavab vermək məqsədilə yaradılıb. Amma Azərbaycanda dövlət idarələrinin, nazirlik və təşkilatların adı qaynar olsa da, çoxdan buza dönmüş telefon nömrələri var. Bu nömrələrin nə vaxtsa zənglərə operativ cavab verdiyini isə artıq heç kim xatırlamır.

Dövlət idarələrində şikayətlər üçün yaradılmış “qaynar xətt”lərdən virtualaz.org-a dəfələrlə şikayətlər daxil olub. Şikayətçi Pərviz Muradov deyir ki, dövlət orqanlarının “qaynar xətt”lərinin yarıtmazlığından əziyyət çəkir. “Biz adi şikayətimizi çatdırmaq üçün heç bir dövlət orqanlarının “qaynar xətt”inə düşə bilmirik. Xüsusən də, “Azəriqaz”-ın, Bakı Şəhər İcra Hakimiyyətinin və digər orqanların “qaynar xətt”inə etdiyimiz müraciətlərə cavab ala bilmirik. Yaxşı, bəs necə edək, hər şikayətdən ötrü dövlət başçısına məktub yazaq? Niyə hər kəs öz üzərinə düşən işi görmür?”, - deyə şikayətçi haqlı olaraq soruşur.

Bölgələrdə yaşayan sakinlər “qaynar xətt”lərdən daha çox narazılıq edirlər. Onlardan biri deyir ki, problemlərini həll etməmələri bir yana qalsın, mobil telefondan edilən zənglərə xeyli pul xərcləməli olurlar: “Ən çox pulumuzu tutan Təhsil Nazirliyinin “qaynar xətt”i - 146-dır. Hər dəfə ora zəng edəndə balansımı yoxlayıram, 5 manatdan azdırsa, artırıram. Yoxsa heç bir əlaqə alınmır. Nəticədə şikayətimizə çarə tapa bilmirik, arada konturumuz da gedir…”.

“Qaynar xətt”lərlə bağlı digər problem ondadır ki, telefon xəttinin o biri başında əyləşən şəxslər birbaşa problemin həllində vətəndaşa kömək edə bilmirlər. Onlar vətəndaşın müraciətini yalnız qeydə almaqla kifayətlənirlər...

Qurumların “qaynar xətt”ləri korrupsiya ilə bağlı anonim şikayətləri qeydə almırlar. Ekspertlər deyirlər ki, əslində "qaynar xətt" xidmətində peşəkar, vətəndaşların problemlərini dinləyib onları yönləndirmək qabiliyyəti olan şəxslər fəaliyyət göstərməlidir.

“Qaynar xətt”lərin necə işlədiyini müəyyənləşdirmək üçün özümüz araşdırma apardıq. Məlum oldu ki, həqiqətən də, Bakı Şəhər İcra Hakimiyyətinin 492-63-11, Təhsil Nazirliyinin 496-34-82; 496-37-61 nömrələri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655, Səhiyyə Nazirliyinin 9103(0) “qaynar xətt”i, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 433 63 51 və 433 63 52, Bakı Hava Limanının 497-27-27, Əmanətlərin Sığortalanması Fondunun 941, Kənd Təsərrüfatı Nazirliyinin 1652 saylı “qaynar xətt”i zənglərə cavab vermir və ya əksər hallarda “məşğul” olur.

Ədliyyə Nazirliyinin 430 11 55 saylı nömrəsi “qaynar xətt” kimi fəaliyyət göstərsə də, bu nömrənin “təəssüf ki, daxil olan zəngləri qəbul etmədiyini” öyrəndik.

Ən çox şikayət olunan “Azəriqaz”ın 104 qəza xidmətidir ki, bu nömrə də sanki caz həvəskarları üçün nəzərdə tutulub. Çünki qəza xidmətinə zəng edən abonent üçün operatorla əlaqə yaranana qədər caz səsləndirirlər. Əlbəttə ki, sonda əlaqə yaranmır və problemi başından aşan şikayətçi neçə dəqiqə səbri çatırsa, musiqi dinləyir.

Zənglərə daha operativ cavab verən qurumlar isə güc strukturlarıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 161, Daxili İşlər Nazirliyinin 102, Vergilər Nazirliyinin 195, Fövqəladə Hallar Nazirliyinin 112, Yanğın xidmətinin 101, “Təcili Yardım”ın 103 “qaynar xətt”i həmişə işləyir. Bu nömrələrin xidmətindən sakinlər arasında hər hansı narazılıq yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və “Azərsu” ASC-nin 955 “qaynar xətt”ində problemi necə həll edəcəklərini bilməsələr də, heç olmasa dinləyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168, Ombudsman Aparatının uşaq hüquq pozuntusu ilə bağlı 916, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 963 saylı “qaynar xətt”indən də zənglərimizə zavab aldıq.

Xatırladaq ki, "qaynar xətt" nömrələrinin yaradılması Azərbaycan Respublikası prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da təsdiq olunub. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planına dövlət orqanlarında “qaynar xətt”lərin yaradılması, bu barədə ictimaiyyətin məlumatlandırılması və “qaynar xətt”lərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi daxildir. Amma...(Virtualaz.org)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26