Interposta.Info

"Tavanın üstündə" oturan hambal kim olub?

Gündəm
 28-07-2017, 12:46     10 604

Biz niyə beləyik və ya niyə belə olduq? Bilmirəm. Axı, hər bir xalq öz yaxşısı və pisi ilə dünya xalqları arasında özünə görə bir xalqdır. Hələ lap uşaq yaşlarımızdan bizə örnək kimi tanıdılan xalq qəhrəmanlarımız, sərkərdələrimiz, şairlərimiz nədən bu gün gözdən, könüldən salınır?
Babək, Şah İsmayıl Xətayi, Qacar, Nizami və XX əsrdə yazıb yaratmış neçə-neçə şair və yazıçılarımız, ümumiyyətlə bütün tarix boyu olan şəxsiyyətlərimiz nədən hörmətdən salınırlar? Əgər hansısa "qələm sahibi" və ya "siyasətbaz"ın bu işdə hasısa məqsədi varsa, bununla özünü "ucaltmaq" istəyirsə, onda vay onun halına.


İxtisasca jurnalist olduğumdan yaxşı bilirəm ki, jurnalist, Jurnalist etikasının təməl prinsiplərinə - obyektivlik, vicdanlılıq və qərəzsizliyə mütləq riayət etməlidir. Yəni "düzü-düz, əyrini-əyri" yazmalıdr. Əlbəttə, insan taxt-tacda əyləşmiş şah da ola bilər, tavanın üstündə oturmuş hambal da... Onu olduğu kimi dəyərləndirmək və ya qiymətləndirmək əxlaqdandır.

Baxın, əsgər xidmətə başlayanda hərbi and, həkim diplom alanda Hippokrat andı, ölkə prezidentləri seçkidən sonra Konstitusiyaya və müqəddəs kitablara and içdikləri halda, amma peşəkar jurnalistlər Jurnalist etikasına and içmədən ona sadiq olacaqlarını özlərinə ən müqəddəs borc hesab edirlər. Ancaq burada bir məqamı unutmaq olmaz; əgər söhbət milli mənafedən gedirsə, bu zaman jurnalistin vətəndaşlıq mövqeyi etikadan bir pillə yuxarıda dayanır və dayanmalıdır!
Əgər özünü dünyaya demokratiya atasıtək təqdim edən ABŞ-ın CNN kimi dünyaca məşhur bir telekanalı istədiyi zaman dövlət mənafeyindən çıxış edə bilirsə, burada heç kimi günahlandırmaq olmaz. Çünki Vətən, torpaq, dövlətçilik, bir sözlə milli maddi və mənəvi dəyərləri qorumaq hər bir vətəndaşın vicdan borcudur.

Sosial şəbəkədə dostluğumda Ozan Yozman (Rüstəm Kəsəmənli) adlı bir ziyalı var. Allah onu həmişə də var etsin... Mən, bu dostumun video söhbətlərinə dəfələrlə qulaq asmışam. Hər dəfə də qulaq asanda ondan nə isə yeni bir şey öyrənmişəm. Ən azı onu öyrənmişəm ki, böyük Səməd Vurğunun "26-lar" poemasında "tavanın üstündə" oturan hambal hansısa bir fərd yox, elə bütöv bir xalq olaraq biz olmuşuq.


Həqiqətən də adam bu ziyalını dinləyəndə elə bilin bizimlə eyni vaxtda - müasir dövrdə yaşayan yox, adı ruhumuza hopmuş tarixi ozanlardan biri, yəni təsəvvürümüzdə olan əsl bir ozan danışır...

Ürəyə yatımlı səs tembri, mövzuya uyğun temp, seçilmiş mənzərə - axar su, ətrafdakı yaşıllıq, əynindəki sadə libas, bir sözlə bütün bunlar hamısı bir-birini tamamlayır.

Ozan Yozmanın məntiqinin güclü olması, poeziyanı duymaq, onu incələmək, obrazları xırdalığına qədər təhlil etmək bacarığı bu hörmətli ziyalımızın gəlimli-gedimli dünyada olan ən böyük varı, dövləti, mülkü, imarətidir desəm, bəlkə də yanılmaram. Adam ona qulaq asdıqca, düzü istəyir ki, elə o, danışdıqca danışsın...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26