Interposta.Info

Ermənistanda konsert verməyə hazırlaşan Ququşa sərt təpkilər gəldi

Gündəm
 22-07-2017, 09:38     2 637

Flora Kərimova: “Bir də görəcəksiz ki, Ququş gəlib Azərbaycana, oturacaq başda...”; Firuzə İbadova: “Əgər gedib düşmənlərimə konsert verirsə, deməli, bizə acıq verir”

Azərbaycan əsilli İran müğənnisi Ququşun Ermənistanda konsert verəcəyi ilə bağlı məlumat yayılıb. Sənətçinin öz İnstagram səhifəsində yaydığı məlumata görə, o, avqustun 31-də İrəvanda pərəstişkarlarının qarşısına çıxacaq. 2 sentyabr tarixində isə Tiflisdə konsert verəcək.

Qeyd edək ki, Ququşun konsert turu siyahısında Azərbaycanın adı yoxdur. Onun bu davranışı ictimaiyyətdə böyük etirazla qarşılanıb. Hələ 2011-ci ildə sənəntçinin Bakıda konsert proqramı ilə çıxışı planlaşdırılsa da, son anda sənətçi Azərbaycana gəlməkdən imtina etmişdi. Bəzi iddialara görə, sənətçinin erməni sevgilisi onu bu səfərdən çəkindirib. Həmin ərəfədə ifaçının Azərbaycana qastrol səfərinin təşkilatçılığı ilə məşğul olan İran vətəndaşı, təbrizli Salman Pişnamaz bildirdi ki, Ququşla 2 ildir Bakıya gəlməsi ilə bağlı danışıqlar aparsa da, müğənni hər dəfə vaxtı uzadırmış: “Bunun səbəbini sonradan bildim. Sən demə, Ququşun sevgilisi ermənidir. O, müğənnini özünün gedə bilmədiyi heç bir səfərə buraxmır. İfaçının sevgilisi Ququşu özü olmadan heç yerə buraxmayacağını bildirdi. Üstəlik, cütlük birlikdə Ermənistana səfər etməyə qərar verib”.

Digər iddialara görə, sənətçi əvvəlcədən Ermənistana səfər edəcəyini planlaşdırdığı üçün bu günə qədər ölkəmizə gəlməkdə tərəddüd edir. Onun ansamblında musiqiçilərin böyük əksəriyyətinin erməni olduğu da bildirilir. Ququşun erməni sevdalısı olması çoxdan məlumdur. Yaradıcılığa başlayan andan sənətçi erməni dilində çoxsaylı mahnılar oxuyub. Əslən azərbaycanlı olmasına baxmayaraq, Ququşun repertuarında Azərbaycan dilində mahnı çox azdır. Onların arasında Şəhriyarın sözlərinə Əli Səliminin yazdığı və ilk dəfə Rəşid Behbudovun oxuduğu “Ayrılıq” mahnısını qeyd etmək olar. Azərbaycan dilində çox az sayda mahnı oxusa da, əksinə, bir neçə il bundan əvvəl məşhur Azərbaycan mahnısı olan “Gedək üzü küləyə” mahnısını erməni dilində oxumuşdu. Daha sonra konserti zamanı azərbaycanlılarla bağlı lətifə danışması ölkəmizdə ciddi tənqidlərə, müzakirələrə yol açmışdı. Sosial şəbəkədə tənqid atəşinə tutulan müğənni ittihamlara “Mən özüm azəriyəm” deyə cavab vermişdi.

Bəs əslən azərbaycanlı olan Ququş kimdir?

Əsl adı Faiqə Atəşin olan Ququş 1950-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. O, Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri əvvəlcə Gəncədən Bakıya, daha sonra isə Bakıdan İrana köçüb. Atası Sabir İranda canbaz və əyləndirici artist kimi çalışıb.

Qızı bir qədər böyüdükdən sonra onu da özü ilə birgə səhnəyə çıxardıb, mahnılar oxutdurub. Balaca qızcığazın səsi o qədər valehedici olub ki, sonralar o, şah sarayına və şahanə məclislərə dəvətlər alır, 7 yaşında artıq filmlərə çəkilməyə başlayır. Ququş ləqəbinə gəldikdə isə, əsl adı Faiqə Atəşin olan qızcığaz hələ kiçik yaşlarından o qədər gözəl olub ki, onu Qu quşuna bənzədiblər və o, Ququş kimi tanınmağa başlayıb. Şah sarayındakı çıxışları, şahın xanımı ilə yaxın münasibətdə olan Ququş getdikcə şöhrət qazanmağa başlayır. Beləliklə, Ququş tez bir zamanda İranın ən bahalı müğənni və aktrisası olur. Bütün İran ərazisində kinoteatrların bütün afişalarında daimi olaraq Ququşun çəkildiyi filmlər göstərilirdi. Hətta afişalarda onun çəkildiyi filmlərin adı deyil, sadəcə, “Ququş!” yazılırdı. Onun çəkildiyi filmlərdən “İsti hiss”, “Bita”, “Amerikalı Məməl”, “Nazənin”, “Həmsəfər”, “Darıxma gecəsi”, “Bal ayı”, “Uzun gecə”, “Bu gecə kimsə ağlayır” və sairi göstərmək olar. Onların arasında “Uzun gecə” filmi təkcə İranda deyil, dünyanın bir çox ölkələrdə də şöhrət qazanır. Film sovet dövründə Azərbaycanda da nümayiş olunur.

1979-cu ildə İranda baş verən İslam İnqilabı digər sənətçilər kimi Ququşun da həyatını qaraldır. İran hakimiyyəti onun bütün fəaliyyətinə qadağa qoyur, ev dustağı edir, hətta çəkildiyi filmləri məhv edir. Bu səbəbdən də 2000-ci ildə Şimali Amerikaya mühacirətə gedir. Əslən azərbaycanlı olan Ququş ölkəmizdə də hədsiz dərəcədə sevilir.

Lakin “Mən özüm azəriyəm” deyən azərbaycanlı sənətçi bu və ya digər şəkildə Azərbaycana sevgisini nümayiş etdirməyib. Əksinə, erməni faşistləri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhranı qəbul etməyərək İrəvanda konsert verməyə hazırlaşır. Halbuki Zəhranın qətlinə ermənilərin özlərindən də reaksiya verildi. Moskvada yaşayan erməni qadın Oksana Altunyan Bakıya gələrək Zəhranın və onun nənəsinin məzarını ziyarət etdi, ermənilərin mülki vətəndaşlara qarşı aqressiyasını pislədi.
Beləcə, azərbaycanlıların qətlinə susqunluq göstərən Azərbaycan əsilli müğənninin Ermənistana olacaq səfəri ictimaiyyətdə etirazlara səbəb olub.

Azərbaycanın məşhur müğənnisi, xalq artisti Flora Kərimova bununla bağlı “Yeni Müsavat”a danışıb:

“Sizcə, Soso Pavliaşviliyə etiraz edəndə səsimiz çatdı, saxlaya bildik?! Kim bizimlə hesablaşdı? Bir də görəcəksiz ki, Ququş gəlib Azərbaycana, oturacaq başda, hamı da onun haqqında təriflər deməyə, yazmağa ki, kökü azərbaycanlıdır. Ona deyil, bizlərə ayıb olacaq ki, o adam öz millətini danır, üzümüzə tüpürür, biz isə onun Azərbaycan kökənli olması ilə fəxr edəcəyik, öyünəcəyik. Guya Azərbaycan millətinin ondan başqa istedadı yoxdur. Xahiş edirəm ki, SSRİ xalq artisti Zeynəb Xanlarovadan bu haqda soruşasız. Onda əgər heç olmasa az da olsa milliyyətçi hissi varsa, sözünü desin”.

Əməkdar artist Firuzə İbadova: “Bu məsələ birmənalı deyil, həm də siyasi xarakter daşıyır. Ququş dünyada çox məşhur bir ifaçıdır, öz ifaçısının şəhzadəsidir. Bilirəm ki, onun kökü azərbaycanlıdır. Vaxtilə babaları Azərbaycandan köçüb İrana gediblər. Zamanında o, Bakıya konsert verməyə gəlməli idi. Hətta konsertdə mənim də iştirakım nəzərdə tutulmuşdu, yəni Ququşla birgə səhnədə ifa etməli idik. Onun sevgilisinin və ya ərinin hansı millətdən olduğu haqda məlumatsızam, lakin bilirəm ki, o, azərbaycanlıdırsa və 2 yaşlı Zəhranı qətlə yetirən faşistlərə konsert verəcəksə, mən bunun əleyhinəyəm. Bu cür müğənnilər heç Azərbaycana gəlməsin. Əgər gedib düşmənlərimə konsert verirsə, deməli, bizə acıq verir. Mən şəxsən bunu qəbul etmirəm, çünki azərbaycanlı qızıyam”.

Əməkdar artist Nüşabə Ələsgərli isə Ququşu azərbaycanlı hesab etmədiyini dedi: “Mən konkret olaraq onu heç vaxt azərbaycanlı hesab etməmişəm. O, İranda böyüyüb, farsca mahnılar oxuyub. Bilirsiz ki, İranda yaşayan azərbaycanlılar arasında Ermənistana turist kimi səfər edənlər var. Onların yalnız adı azərbaycanlıdır. Əgər onların içərisində heç olmasa az da olsa Azərbaycan sevgisi olsaydı Ermənistana getməzdilər. Ququş da müğənnidir, ömür boyu İranda yaşayıb, sonra Amerikaya gedib, əri də ermənidir. Onun nəyini qınayaq axı, mən onu azərbaycanlı hesab etmirəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26