Interposta.Info

“Kanal 13”-ün fəaliyyətini dayandırmağımızı istəyirlər”

Gündəm
 3-06-2017, 07:40     578

Həbs edilən Əziz Orucovun həyat yoldaşı danışır; “Onun həbsi anası üçün çox ağır oldu”

İyunun 1-də – 30 günlük inzibati həbs cəzasının başa çatdığı gün “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində həbs qətimkan tədbiri seçildi, ona ağır ittihamlarla cinayət işinin başlandı.


Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Ə.Orucovun nədən qəzəbə tuş gəldiyi suallar yaradıb. Bununla əlaqədar ən müxtəlif versiyalara, iddialar səsləndirilir.
Əsas versiyalardan biri “Kanal 13”-ün təsisçisi, Ə.Orucovun qardaşı hazırda Almaniyada yaşayan Anar Orucovla bağlıdır. Onun sərt davranışlarına görə qardaşının cəzalandırıldığı bildirilir.

interposta.info
xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı “Kanal 13” direktorunun həyat yoldaşı və eyni zamanda kanalın əməkdaşı Lamiyə Orucovanın münasibətini aldıq. O, “Yeni Müsavat”a açıqlamasında Ə.Orucovun hazırda harada saxlanılmasından xəbərsiz olduqlarını bildirdi: “Əzizdən heç bir xəbər yoxdur. Vəkil 1 saylı Bakı İstintaq Təcridxanasına görüşə getmişdi. Oradan deyiblər ki, Əzizi heç oraya aparmayıblar. Harada saxlanıldığı barədə məlumatımız yoxdur. O yaxşı jurnalist və yaxşı da rəhbər idi. Kanalda hər zaman dəngələri qoruyurdu. Amma görünür, kanalın fəaliyyətini dayandırmağımızı istəyirlər. Anar və Əziz Orucovlar qardaş olsalar da, ayrı-ayrı fərdlərdir. Bir-birilərinin məsuliyyətlərini də daşımırlar. Hər kəs öz həyatını yaşayır. Anar xaricdə, Əziz isə buradadır, bir-birilərinin işlərinə qarışmırlar. Digər tərəfdən Anarın hansı yanlışlığı olub ki? O və həyat yoldaşım şərəfli, işini bilən jurnalistlərdir. Biz düşündük ki, son gündür azadlığa çıxacaq, amma demə bizə olduqca böyük sürpriz hazırlanırmış, azadlığa çıxmamış Əzizə cinayət işi açdılar. Düzü, baş verənləri şərh etməkdə çox çətinlik çəkirəm. İndiyə qədər Əziz bəyə heç bir xəbərdarlıq olmayıb, hədələnməyib də. Digər tərəfdən düşünmürəm ki, hədələnəcək qədər hərəkətləri olub. Onun azad edilməsi istiqamətində əlimizdən gələni edəcəyik. Artıq bu istiqamətdə işlər də başlayıb. Onun həbsi kanal əməkdaşlarına çox pis təsir elədi. Əziz rəhbərimiz olmaqla yanaşı, həm də dostumuz idi. Onun günahsız yerə barmaqlıqlar arxasında olması çox ağırdır. Bu çox böyük ədalətsizlikdir”.

L.Orucova kanalın fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı yaranan suallara belə aydınlıq gətirdi:
“Son bir ayı Əziz bəysiz davam etdik. Amma 4 ay uzun zamandır. Artıq gücümü tam olaraq müdafiəyə verəcəm. Hələ ki, “Kanal 13”ün fəaliyyəti ilə bağlı bir şey planlaşdırmıram. Hazırda kanal mənim üçün ikinci plana keçib”.

Müsahibimiz Ə.Orucovun həbsdə olduğu son bir ayın Orucovlar üçün ağır keçdiyini qeyd etdi:
“Ailəsi olaraq, onsuz son bir ay bizim üçün çətin keçdi. Əzizin yoxluğu bizim üçün ağır oldu. Anası üçün isə daha ağır oldu. Əzizlə fəxr edirəm, hər zaman fəxr etmişəm. Daim onun yanındayam. Ümid edirəm ki, bu çətin günləri geridə qoyacağıq. Çətin günlərin ömrü az olar, bu da gələr, bu da gedər. Sonluğun yaxşı olacağına inanıram. İnsan elə bir məxluqdur ki, ümid etməkdən başqa çarəsi yoxdur. İnsanın özünün-özünə ümid verməyi belə böyük şeydir. Əzizin həbsi ilə bağlı çox böyük dəstək almışam, almaqda da davam edirəm. Bundan sonra da bu dəstəyin davamlı olacağına inanıram. Çünki Əzizin çox yaxşı dostları var. Bütün jurnalist həmkarlarımıza, dostlarımıza, bu məsələni işıqlandıran və buna davam edən hər kəsə təşəkkür edirəm. Çox sağ olun, var olun. Dəstəyinizi məndən əsirgəməyin. Mümkün qədər bu məsələni böyüdək, ictimailəşdirək. Əziz də tək olmadığını görsün”.

Qeyd edək ki, Ə.Orucov ötən ayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb. Azadlığa çıxmasına bir gün qalmış kanal rəhbəri Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq) və 308.2 (ağır nəticəyə səbəb olan vəzifə saxtakarlığı) maddəsilə ittiham olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26