Interposta.Info

I vitse-prezidentə müraciət edildi:

Gündəm
 17-04-2017, 15:43     915

Mən “erməni trol fabriki”nin, yəni təbliğat təlxəklərinin işinə həsr etdiyim statusumda yazmışdım ki, bu mövzu həm Feysbukda, həm də KİV-də böyük maraqla qarşılanıb. Bu mövzunu xüsusilə qızğın müzakirə edən 20 nəfərdən artıq bir qrup, ermənilərə adekvat və düzgün cavab olacaq, tədbirlər işləyib hazırlamaq və ictimaiyyətə çatdırmağı qərara alıb.

interposta.info
Teleqraf.com-a istinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Sabiq nazir əlavə edib ki, bu mövzuda ciddi müzakirələr aparıb və sonda müzakirədə iştirak edənlərin əksəriyyəti belə qərara gəlib ki, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya müraciət olunsun. Sabiq nazir ölkənin I vitse-prezidentinə edilən müraciətin mətnini də təqdim edib:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva!

Biz, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan cəmiyyətinin müxtəlif siyasi və sosial təbəqələrinin, eləcə də diaspor nümayəndələri, internet və sosial şəbəkələrin aktiv istifadəçiləri olaraq, cəmiyyətimizin və ölkəmizin fundamental maraqlarına toxunan məsələyə diqqətinizi cəlb etmək istərdik.

Ermənistan uzun illər boyu Azərbaycan Respublikasına qarşı silahlı təcavüzünü və torpağlarımızın 20 %-nin ərazisinin işğalını davam etdirir. Bir milyona yaxın soydaşlarımız dinc əhaliyə qarşı aparılan etnik təmizləmənin qurbanı olublar. Ölkəmizə və mentalitetimizin əsasları olan tariximizə, mədəni irsimizə və digər dəyərlərimizə qarşı silahlı təcavüz ilə yanaşı, ildən-ilə sürətlə artmaqda olan böhtan və saxtalaşdırma xarakterli genişmiqyaslı məlumat aqressiyası tədbiq olunur.

Biz daim Ermənistan dövlətinin dəstəyi ilə yüksək səviyyədə təşkil edilən qurumlar tərəfindən internet məkanının bütün seqmentlərinin yalan və saxtalaşdırılmış məlumatlarla doldurulmasının şahidi oluruq. Axtarış sistemlərinin manipulyasiya effektindən (Search Engine Manipulation Effect, SEME) və axtarış zamanı “təklif” effektindən (Search Suggestion Effect,SSE) məharətlə istifadə edərək, ermənilər axtarış nəticələrinin qeyri-obyektiv formada sıralanmasına nail olurlar.

Müstəqil elmi araşdırmalar sübut edir ki, axtarış nəticələrinin birinci səhifədə sıralanması (SEME), eləcə də axtarış sözünün çap edildikdə “təklif” və “avtomatik əlavə etmə” (SSE) sistemləri nəticələrə böyük təsir göstərir və istifadəçilərin fikri ilə manipulyasiya edilməsi məqsədi ilə istifadə oluna bilər.

Nəticə olaraq, dünyanın istənilən yerində istifadəçi tərəfindən axtarış sisteminə “Azərbaycan”, “erməni-Azərbaycan münaqişəsi”, “Qarabağ”, “Xocalı” və digər “teq”lər daxil edildikdə, monitorda görünən ilk axtarış nəticələrinin əksəriyyəti ermənilər tərəfindən saxtalaşdırılmış “faktlar”, “copy-paste” mətnlər və ya videomateriallar olur.

Məsələn, axtarış sistemində “Karabakh” sözü çap edildikdə, Quql “Karabakh war” səhifəsinə keçid təklif edir və bu səhifədə “Decisive Armenian military victory” ("Erməni ordusunun həlledici qələbəsi") vurğulanır. Rus dilində “Карабах” sözü axtarıldıqda isə Quql tərəfindən “xəbərlər” sözü əlavə olaraq təklif edilir və axtarış nəticələrinin birinci səhifəsində Ermənistanın xəbərlər saytlarının siyahısı təqdim edilir.

Ən acınacaqlı vəziyyət isə Azərbaycanın tarixi və ədəbiyyatı barədə ermənilərin rəylərinin hökmranlıq etdiyi Vikipediyanın rus bölməsində müşahidə edilir. Məsələn, bu yaxınlarda böyük ədəbiyyat klassikinin irsindən bizi faktiki məhrum edən “Nizamiyə Azərbaycan xalq şairi statusunun verilməsi üzrə kampaniya” adlı viki-məqalə dərc edilmişdir. Və belə misallar minlərlədir.

Ermənistanın 100 ildən artıq sürən təbliğatının məqsədi açıq-aydındır – ardıcıl, məqsədyönlü şəkildə təkidlə bizi Azərbaycana aid olan hər şeydən məhrum etmək və öz torpaqlarımızdan didərgin salmaq istəyirlər.

Heç birimizin tək başına öhdəsindən gələ bilməyəcəyimiz ciddi təhlükə mövcuddur. Təəssüflə qeyd etmək istərdik ki, ermənilər tərəfindən kütləvi saxtalaşdırmaya qarşı əks-təbliğat aparmağa çalışan dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, diasporanın, gənc siyasi qrupların və digər vətəndaşların strukturu və koordinasiya olunmayan cəhdləri istənilən nəticələr vermir.

Dünyanın istənilən nöqtəsindən axtarış sisteminə ölkəmizə aid olan hər - hansı bir söz, məsələn “Qarabağ” yazan istifadəçinin nəticə olaraq ilk səhifələrdə Azərbaycanın maraqlarına cavab verən saytlara yönləndirən keçidləri görməsi erməni yalanlarına uğurlu qarşıdurmanın yeganə kriteriyası hesab edilə bilər. Təbii ki, bu təsviri və arzuolunan vəziyyət milli mentalitetimizin, milli iftixarımızın və identikliyimizin əsasını təşkil edən bütün anlayışlara da tədbiq olmalıdır.

Azərbaycan cəmiyyəti Sizi ölkəmizin mədəni və tarixi irsinin qorunması və təbliğatı sahəsində böyük xidmətləri olan siyasətçi kimi tanıyır və qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən problemə bir daha diqqət yetirməyinizi və ölkəmizə qarşı aparılan məlumat-təbliğat təcavüzünə effektiv qarşıdurmanı təmin edəcək Sizə birbaşa tabe olan ixtisaslaşdırılmış xüsusi dövlət qurumunun yaradılması məsələsini nəzərdən keçirməyinizi xahiş edirik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26