Interposta.Info

.

Gündəm
 27-01-2017, 07:36     616

.
“Vəliyev Mirzə Dövlət oğlu - Sovet İttifaqı Qəhrəmanı.

Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. Cəbhəyə könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu.

interposta.info bildirir ki, Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında verilmişdir. Qusar rayonu N.Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub. Qusar rayonunda adına küçə vardır.”

Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyev haqqında yazılanları vikipediyadan götürmüşük. Məqsədimiz heç də onun keçdiyi ömür yolunu işıqlandırmaq deyil. Bu haqda çox yazılıb. Söhbət bu qəhrəmanın Nabranda qoyulmuş bəxti gətirməyən büstündən gedir.

Biraz keçmişə qayıdaq. 42 il öncə Nabran fəalları və əhalisi yığılıb kəndin dənizə baxan hissəsində əlli sot torpağı abadlaşdırdılar. Sonradan buraya Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin büstünü qoydular. Bu təşəbbüsün başında Nabranın sabiq icra nümayəndəsi Solmaz Əlağayeva dururdu. Uzun illər xaçmazlılar mayın 9-da abidəni yad edib onun önünə gül dəstələri düzürdilər. O vaxtadək ki, dünyada faşizmə qarşı mübarizə aparanların reytinqi aşağı düşdü. Alış-veriş başladı. Nabranda indiyədək də davam edən torpaq alverindən ən çox əziyyət çəkən rəhmətlik Mirzə Vəliyevin büstü oldu. 2005-ci ildə kiminsə bu abidənin yerinə gözü düşdü. Pulunu verib büstqarışıq əlli sot torpağı aldı. Abidəni tulladı kəndin ortasına. Yerində də mağaza və otel tikdirdi. Faşistlərlə döyüşdən qorxmayaraq qəhrəmancasına həlak olan Mirzə Vəliyevin büstünün qulaqlarını və burnunu yerindən qopardılar. Solmaz Əlağayeva da bütün bunlara dözməyib şikayətlərə başladı. Yerli icra və bələdiyyə orqanları gördülər ki, deyəsən vəziyyət qəlizdir. Tezbazar büstə qulaq və burun düzəldib qoydular Nabran kənd klubunun həyətinə. Nə isə. İl-dövran keçdi. Deyilənə görə, təxminən dörd il bundan öncə yenə də kiminsə gözü bu abidənin yerləşdiyi əraziyə düşdü. Əvvəlki iş adamından nümunə götürüb büstqarışıq torpağı aldı. Büstü isə yenə də atdı kəndin ortasına.Bu dəfə də Solmaz xanım başladı şikayətə. Çarələri kəsilib büstün üst-başını rəngləyib qoydular Nabran kənd əsas məktəbinin həyətinə. İndi orada durur.

Buradaca yazını tamamlamaq olardı. İndi yenə də söz-söhbət gəzir ki, bu kişinin büstünün yerinə gözü düşən var. Babalı deyənin boynuna. Birdən oldu da. Çünki Mirzənin “gəzən büstü” xeyirverəndir. Haraya qədəm qoyursa müştərisi çıxır. Yeri gəlmişkən, Nabranın yerli dövlət orqanlarına bir məsləhətim də var. Hansı torpaq gec satılırsa aparıb qoysunlar bu kişinin büstünü ora. Amma biraz insaflı olsunlar. Qazandıqları 5-10 manatın 1-2 manatını da büstə xərcləsinlər. Yoxsa bu “makler büst” sıradan çıxar və xeyrini görməzlər.

Ən gənc Sovet İttifaqı Qəhrəmanlarından biri olan , 21 yaşında faşistlərlə ölüm-dirim savaşında canını qurban verən Mirzənin büst məsələsi Nabranda az qala lətifəyə çevrilib. Bütün bunlar bu gün torpaqlarının bir hissəsi ermənilərin əlində olan insanların, xüsusilə də, gənc nəslin gözü qarşısında baş verir. Onlara hansı vətənpərvərlikdən və igidlikdən danışaq, cənablar? Nabrandasa möhtəşəm villa tikdirənlərin gücü hər şeyə çatır. İçərilərində dövlət adamları da var, iş adamları da. İstəsələr Xəzəri okeana çevirərlər. Onların nə vecinə ki, Mirzə kim olub, büstü niyə qoyulub, abidəsi niyə küçəbəküçə gəzir. Təki torpaq qamarlasınlar. Meşələri zəbt etsinlər, boylarından üç dəfə hündür hovuz tikdirsinlər, Xəzərin nərə balığından və kürüsündən ləzzətlə yeyib “zaqarlansınlar”. Nabrandır da, düşmənlə təmas xətti deyil ki. Amma Qarabağda dəniz yoxdur. Orada da ermənilər işğal etdikləri torpaqlarımızda yekə-yekə hovuzlar tikdirib “zaqarlanırlar”. Onların bunlardan bircə fərqi var. Daşnaklar burdakıların dədə-baba torpaqlarında “zaqarlanır”.

Mətləbdən uzaq düşdüm. Mən bilmirəm Mirzə Vəliyevin büstü Xaçmazda hansı dövlət orqanının balansındadır. Bəlkə də havada asılı qalıb. Bunu rayonun başbilənlərindən soruşmaq lazımdır. Rayon mərkəzini müxtəlif heyvan heykəlləri ilə “Junqli”yə döndərən başbilənlərdən. Yəqin yadlarına düşmür. Yoxsa bunlar da Mirzənin büstünü gətirib qoyardılar sata bilmədikləri torpaqlara. Həm işləri “xod” gedərdi, həm də bu büst söhbəti Nabrandakıların yaddaşından silinərdi. Nöqtə qoyum?

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26