Interposta.Info

Tanınmış jurnalistdən Ramil Usubova müraciət:

Gündəm
 13-01-2017, 17:23     608

Tanınmış jurnalistdən Ramil Usubova müraciət:

"Şərq" qəzetinin əməkdaşı, tanınmış jurnalist Tahirə Məmmədqızının avtomobilinin qarət olunmasından bir həftə keçsə də, hələlik cinayəti törədən şəxsi saxlamaq mümkün olmayıb.

interposta.info xəbər verir ki, məsələ ilə bağlı Ölkə.Az-a danışan həmkarımız bunları deyib:

"Hadisə baş verdiyi bir həftəyə yaxındır. Həmin gün Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişəm. Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları gəldilər, avtomobilimin nə vəziyyətdə olduğunun şahidi oldular, ərizə yazdım. Ancaq o gündən indiyə kimi bir nəfər mənimlə əlaqə yaradıb heç bir məlumat verməyib. Bu öz yerində. Mənə qəribə gələn odur ki, "Azərbaycan" nəşriyyatı şəhərin mərkəzi küçələrindən birində yerləşir, strateji binalardan sayılır. Belə bir yerdə, belə saatda oğurluğun olması məni həm jurnalist, həm vətəndaş kimi təəccübləndirir. Kimsə şəhərin mərkəzi küçəsində, axşam saat 7-də oğurluq edə bilirsə, deməyə söz qalmır. Həmin vaxt maşında olsaydım, xəsarət yetirilsəydi, açıqlama bu olacaqdı ki, həmin şəxs kamera görüntülərində yoxdur.

Polis bildirir ki, maşında əl izləri var, axtarırıq. Həbs olunmuş insanların əl izləri nazirliyin bazasında olur. Əgər maşınımı qarət edən şəxs nə vaxtsa həbs olunmayıbsa, deməli, gün ərzində digər insanların maşınlarına da xəsarət yetirilə bilər".

T.Məmmədqızı məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib:

"Sizin sayt vasitəsilə cənab Ramil Usubova müraciət edirəm. Ramil Usubov Azərbaycan mətbuatına kifayət qədər diqqət yetirən insandır. İnanıram ki, bu müraciətim diqqətdən kənar qalmayacaq. Tək qadınam, övlad böyüdürəm, həyatım təhlükədədir. Bundan sonra polisə necə güvənə bilərəm? Oğrunun tapılmasını tələb edirəm. Həmin gün izahatımda dəymiş ziyanı polisə tam deyə bilməmişəm. Ümumilikdə 500 manat civarında ziyan dəyib. Ancaq indiki halda həyatımın təhlükədə olmasından daha çox narahatam. Hər gün eyni yerdə maşın saxlayıram və heç kim zəmanət vermir ki, sabah mənim özümə xəsarət yetirilməyəcək".

Jurnalist sözügedən hadisənin ona qarşı təxribat olduğunu da istisna etmir:

"Çünki orada məndən başqa əlli nəfərin maşını var idi. Bəs niyə məhz mənim maşınım? Ola bilər ki, son zamanlar haqqında yazdığım sənətçilər yazımdan narazı qalmışdılar. Əksər müğənnilərin sənət deyil, toy üçün çalışdıqlarını bildirmişəm. Kimisə suçlamıram, amma təxribat olduğunu da istisna etmirəm. Efirdə, mətbuatda mübahisə etdiyim sənətçilar var ki, mənimlə düşmənçilik edirlər.

Xatırladaq ki, hadisə yanvarın 6-da axşam saat yeddi radələrində baş vermişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26