Interposta.Info


Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə

Dünya
 Dünən, 15:58     24

Almaniyanın Bavariya əyalətinin paytaxtı Münhen son illərin ən ağır quraqlıq böhranı ilə üz-üzə qalıb. Şəhərdə gündəlik su istehlakının rekord həddə çatması səbəbindən bələdiyyə su istifadəsinə dair sərt məhdudiyyətlər tətbiq edib.
Goldmedia.az xəbər verir ki, Münhen Bələdiyyəsinin yaydığı məlumata görə, şəhərdə gündəlik su istehlakı yenidən 360 milyon litri ötüb. Halbuki adi dövrlərdə bu göstərici təxminən 300 milyon litr təşkil edir.
Yaranmış vəziyyətlə əlaqədar içməli, yeraltı və səth sularından istifadəyə qənaət məqsədilə məcburi tədbirlər qüvvəyə minib.
Yeni qaydalara əsasən, şəxsi üzgüçülük və dekorativ hovuzların doldurulması, qazon və yaşıl sahələrin suvarılması, avtomobillərin kommersiya avtoyuma məntəqələrindən kənarda yuyulması, həmçinin terrasların, damların, həyətlərin və yolların su ilə təmizlənməsi qadağan edilib.
Bundan əlavə, evlərin həyətlərinin və bağ sahələrinin saat 09:00-dan 19:00-dək suvarılmasına da icazə verilməyəcək. Yalnız suya qənaət edən damcı suvarma sistemlərindən istifadə bu məhdudiyyətlərdən kənar saxlanılıb.
Qərara əsasən, göllərdən, çaylardan və kanallardan su götürmək də qadağan olunub.
Münhenin meri Dominik Krauze bildirib ki, quraq keçən qış və yaz ayları şəhərin su ehtiyatlarına ciddi təzyiq göstərib. O, sakinləri tətbiq olunan qənaət tədbirlərinə ciddi əməl etməyə çağırıb.
Məhdudiyyətlərin 2026-cı il avqustun 1-dək qüvvədə qalacağı, quraqlığın davam edəcəyi təqdirdə isə müddətin uzadıla biləcəyi bildirilib.
Qeyd edilib ki, qadağaları pozan fiziki və hüquqi şəxslər 50 min avroyadək cərimə oluna bilərlər.
Goldmedia.az 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26