Fransanı silkələyən cinayət
Fransada keçmiş senator Joël Geriyo ilə bağlı məhkəmə prosesi ölkədə narkotik vasitəsilə törədilən seksual zorakılıq hallarını yenidən gündəmə gətirib.
"İnterPosta"xəbər verir ki, Paris məhkəməsi onu deputat Sandrin Jossonun içkisinə gizlicə narkotik qatmaqda təqsirli bilib.
68 yaşlı Geriyo 2023-cü ilin noyabrında Jossoya təqdim etdiyi şampan qədəhinə “ekstazi” kimi tanınan MDMA maddəsi qatmaqda ittiham olunub. Məhkəmədə o, içkinin narkotiklə qarışdırıldığını etiraf etsə də, bunu “təsadüf” adlandırıb.
Məhkəmə keçmiş senatoru 1 il 6 ay həbsə, əlavə şərti cəzaya və dövlət vəzifəsi tutmaq qadağasına məhkum edib.
Sandrin Josso bildirib ki, Geriyo onu yenidən seçilməsi münasibətilə Parisdəki mənzilinə dəvət edib. Uzun illər tanış olduqları üçün təhlükə hiss etməyib.
Lakin şampan içdikdən sonra halı qəfil pisləşib, ürək döyüntüləri artıb, bədəni titrəməyə başlayıb. O, mənzili tərk edərək xəstəxanaya gedib. Analizlər qanında yüksək dozada MDMA olduğunu üzə çıxarıb.
“Bir dostun evinə bayrama getmişdim, qorxu içində çıxdım,” – deyə Josso sonradan parlamentdə bildirib.
Hadisədən sonra deputat psixoloji və tibbi məzuniyyət götürüb, iki ay sonra işinə qayıdaraq başına gələnləri ictimaiyyətə açıqlayıb.
Geriyo məhkəmədə bildirib ki, narkotiki guya öz istifadəsi üçün əvvəlki gün hazırlayıb və səhvən həmin stəkanı Jossoya verib.
O, başqa bir senatorun ona MDMA verdiyini, bunu depressiya səbəbindən qəbul etdiyini iddia edib, lakin ad açıqlamayıb.
Araşdırma zamanı məlum olub ki, Guerriau hadisədən bir ay əvvəl internetdə “ekstazi” və zorakılıqla bağlı axtarışlar aparıb. Bu fakt onun “təsadüf” iddiasını şübhə altına salıb.
Bu iş Fransada narkotiklə törədilən zorakılıq hallarına qarşı mübarizədə mühüm mərhələ sayılır. Xüsusilə Jizel Peliko işi ilə ölkədə bu mövzuya diqqət artmışdı. Peliko illərlə huşsuz vəziyyətdə kütləvi zorakılığa məruz qalmışdı.
Josso həmin işdən sonra yaradılan assosiasiyaya qoşulub və parlamentdə xüsusi araşdırmaya rəhbərlik edib.
Hazırlanan hesabatda belə cinayətlərin illərlə görməzdən gəlinməsi, statistik məlumatların azlığı və qurbanlara tibbi yardımın gecikməsi tənqid olunur.
Pelicot işi və Guerriau qalmaqalından sonra Fransa 2025-ci ildə yeni qanun qəbul edib. Artıq zorakılıq yalnız fiziki məcburiyyətlə deyil, razılıq olmadan baş verən istənilən seksual hərəkət kimi tanınır.
Hazırda Fransada belə cinayətlərə görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Oxşar hallar ABŞ-da Bill Cosby, Böyük Britaniyada Filip Yanq işi ilə də gündəmə gəlmişdi. Bu hadisələr göstərir ki, narkotik vasitəsilə zorakılıq təkcə bir ölkənin problemi deyil.
Ekspertlərin fikrincə, Geriyo işi Fransa cəmiyyətində “susmaq mədəniyyətini” sarsıdaraq, qurbanların danışmasına yol açan simvolik prosesə çevrilib.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

