Interposta.Info

 

Parklanmaya görə Bakının mərkəzində maşın sayı azalacaq? - “Güzəşt oluna bilər” + FOTO

Dünya
 12-07-2023, 18:12     272

Bakıda vahid parklanma qiymətlərinə görə mərkəzi hissədə avtomobillərin sayının azalacağı versiyası gündəmə gəlib.

Yeni qərara əsasən, Bakının mərkəzi hissəsində parklanmanın bir saatı bir manat təşkil edir. Bunun isə bəzi sürücülər, xüsusən də, burada işləyib səkkiz-doqquz saat avtomobillərini saxlayanlar üçün sərfəli olmayacağı düşünülür. Belə ki, həmin işçilər faktiki ödəniş məbləğinə əsasən, gündəlik səkkiz-doqquz manat ödəməli olacaqlar. Buna görə də həmin işçilərin mərkəzi hissəyə şəxsi avtomobillərlə gəlməkdən imtina edəcəkləri, nəticədə həmin ərazidə nəqliyyat vasitələrinin sayının azalacağı ehtimalı var.

Məsələ ilə bağlı Lent.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, mərkəzi hissədə parklanma edənlər üçün güzəşt oluna bilər. O, həmçinin, mərkəzi hissədə parklanmanın bir saatı üçün bir manat tələb olunmasının çox olmadığını qeyd edib:

“Şəhərin mərkəzində parklanmanın bir saatı bir manat olsa da, orada işləyənlər səkkiz-doqquz saat üçün müvafiq olaraq səkkiz-doqquz manat ödəməyəcəklər. Düşünürəm ki, mərkəzdə işləyənlər üçün güzəştlər tətbiq olunacaq. Zənnimcə, burada sürücülərdən bir neçə saat üçün yuvarlaq məbləğdə ödəniş istəniləcək. Hazırda da bəzi yerlərdə, supermarketlərin dayanacağında və s. bir neçə saat üçün vətəndaşlardan yuvarlaq rəqəmdə ödəniş tələb edirlər. Hansı ki, bundan əvvəl də heç mərkəzdə parklanma ucuz deyildi. Məsələn, saatı iki manata olan yerlər var idi. Tarif Şurasının Bakının mərkəzində parklanmanın bir saatı üçün təyin etdiyi ödəniş elə də çox deyil”.



Ekspertin sözlərinə görə, faktiki qiymətlərə görə, Bakının mərkəzində avtomobil sayının azalması iddiaları əsassızdır:
“Düşünmürəm ki, parklanma qiymətlərinə görə Bakının mərkəzi hissəsinə nəqliyyat axını azalacaq. Xüsusən, şəhərdən uzaqdan gələnlər şəxsi maşınsız, taksisiz gəlməzlər. Onlar avtomobilsiz keçinə bilməzlər. Mərkəzdə avtomobil sayının azalması üçün ictimai nəqliyyat, metro normal işləməlidir. Belə olarsa, insanlar şəxsi avtomobildən, hətta taksidən belə imtina edərlər. Bundan əlavə, vəzifəli şəxslər, əsasən, dövlət qurumlarının rəhbərləri mobilləşməyə üstünlük verməli və moped, velosiped, elektroskuterlərdən istifadə etməlidirlər ki, nümunə olsunlar”.

Sonda Eldəniz Cəfərov bildirib ki, yeni parklanma tarifi səbəbilə bir çox müəssisələr özləri üçün parklanma yaratmağa məcbur qalacaqlar:

“Parklanma üçün vahid qiymət tələbi nəticəsində, fikrimcə, bir çox müəssisələr özləri üçün dayanacaq təşkil edəcəklər. Bu gün bəzi dövlət qurumlarının, hətta bəzi xəstəxanaların belə, parklanma yerləri yoxdur. Parklanma yerləri olmayan müəssisələr mərkəzdən kənara köçürülməlidir”.

Qeyd edək ki, iyun ayının 26-da baş nazirin imzaladığı qərara əsasən, Bakıda parklanma üzrə ödənişlər dörd zonaya bölünüb. Birinci hissə olan mərkəzdə parklanmanın bir saatı üçün qiymət bir manat, zona 1-də - 70 qəpik, zona 2-də - 40 qəpik və zona 3-də - 30 qəpik təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26