İnsanın xoşbəxt olmasının dörd vərdişi - Louri Dautuayt-Uolş

Sizi nə xoşbəxt edir? Ola bilsin ki, günəşin doğuşunu görmək üçün tezdən durmaq, həftə sonu ailə və dostlarla gəzmək və ya dənizdə üzmək. Bəs elm insanların xoşbəxt davranışı haqqında nə deyir?
"İnterPosta"psixoloq, Mərkəzi Lankaşir Universitetinin baş müəllimi Louri Dautuayt-Uolşun yazısını təqdim edir.
Biz bilirik ki, xoşbəxt olanlar başqaları ilə möhkəm münasibət qurmağa meyillidirlər, fiziki cəhətdən sağlam və öz icmalarının fəal iştirakçılarıdırlar.
Son yeddi il ərzində mən öz psixi sağlamlığımı yaxşılaşdırmağa və bu məsələdə başqalarına ən yaxşı şəkildə necə kömək edəcəyimi başa düşməyə yönəlmiş xoşbəxtlik və rifahla bağlı bir sıra təcrübələr aparmışam. Bəzi strategiyalar oturuşdu, digərləri mənim vəziyyətimdə işləmədi. Ancaq prosesdə öyrəndiklərim aşağıdakılardır.
Təcrübə göstərir ki, bizi xoşbəxt edən və yaxşı əhval-ruhiyyəni qoruyan vərdişlərə sadiq qalmağı bacardığımız vaxtlar olur. Və sonra elə bir an gəlir ki, həyat bizi yıxır və bu bizim rifahımıza təsir edir.
Ancaq yaxşı xəbər budur ki, hamımız gündəlik hərəkətlər vasitəsilə xoşbəxtlik səviyyəmizi artıra bilərik.
1. Hərəkət edin
Bədənim gün ərzində müntəzəm olaraq hərəkət etməlidir. Uzun müddət oturmaq nə bədənimi, nə də ruhumu xoşbəxt edir. Ən azı gündə bir saat sürətlə gəzməyə ehtiyacım var, amma üzgüçülükdən, rəqsdən və yoqadan da zövq alıram.
Daimi fiziki fəaliyyət və məşq özümüzü daha xoşbəxt hiss edən şeylər siyahısında birinci yerdədir, çünki tədqiqat nəticələri davamlı olaraq fiziki fəaliyyət və xoşbəxtlik kimi tanınan artan subyektiv rifah arasında əlaqəyə işarə edir.
Sübut olunub ki, gündəlik yarım saatlıq gəzinti sağlamlığı yaxşılaşdırır. Amma xoşbəxtliklə bağlı araşdırmalar göstərir ki, ürək döyüntüsünü artıran orta və yüksək intensivlikli məşq daha faydalıdır.
Orta intensivlikli məşq - sizi tənginəfəs edən istənilən hərəkətdir: danışmağa davam edə bilirsiz, amma mahnı oxumaq çətinləşir.
2. Ünsiyyətə böyük önəm verin
Ən son xoşbəxtlik araşdırmaları göstərir ki, sosial əlaqələr ümumi rifah və həyatdan məmnunluq üçün vacibdir. Həqiqətən də, dostlar və ailəmlə danışmaq, dinləmək və əylənmək üçün vaxt ayırmaq mənim diqqətimi cəmləməyə çalışdığım bir vərdişdir.
Bununla belə, başqa bir araşdırma göstərdi ki, biz özümüzü bədbəxt hiss edəndə dostlarımız və ailəmizlə daha çox, həyatdan xoşbəxt olanda isə daha az ünsiyyətə meyl edirik. Bu, özümüzü daha xoşbəxt hiss etmək üçün təbii olaraq rahatlıq və dəstək axtarmağımızla əlaqədar ola bilər və yaxşı olduğumuz zaman başqa şeylərlə məşğul oluruq.
Görünür, hər şey tarazlıq məsələsinə gəlib çıxır: əgər təklikdə çox vaxt keçiririksə, mənfi emosiyalar bizi bürüyür və sonra biz özümüzü yüngülləşdirmək və əhvalımızı yaxşılaşdırmaq üçün yoldaşlıq axtarmağa başlayırıq.
Digər tərəfdən, özümüzü məmnun və xoşbəxt hiss etdiyimiz zaman, başqalarına dəstək olmaq ehtimalımız daha çoxdur. Bununla belə, dostlar və ailə ilə vaxt keçirmək həm qısa, həm də uzun müddətli perspektivdə xoşbəxtliyi artırır.
3. Minnətdar olmağı məşq edin
Həyata baxışımız və hadisələri qiymətləndirmə tərzimiz də xoşbəxtlikdə böyük rol oynayır. Araşdırmalar göstərdi ki, daha optimist olmaq və minnətdarlıq hissini inkişaf etdirmək mənfi emosiyaların qarşısını ala və xoşbəxtliyi artıra bilər.
Gün ərzində baş verən xoş anları və hadisələri saymaq və ya bu gün minnətdar olduğum şeyləri sadalamaq kimi gündəlik minnətdarlığı məşq etmək mənə daha müsbət düşünməyə və daha xoşbəxt hiss etməyə kömək edir. Siz bunu müxtəlif yollarla edə bilərsiniz, məsələn, minnətdarlıq gündəliyini tərtib etmək və ya bunları smartfona yazıb saxlamaq.
"Üç xoş hadisə" çox vaxt çəkməyən sadə bir məşqdir, lakin bunu vərdiş halına gətirsəniz, nikbinliyinizi artıracaq. Sadəcə hər gün üç xoş və uğurlu hadisəni qeyd edin və onların nəyə görə xoş olduğu barədə düşünün.
Başqa sözlə, minnətdarlıq təcrübəsi və minnətdarlıq hissinin inkişafı ümumiyyətlə, təsirli olur və həyata daha müsbət münasibətin formalaşmasına kömək edir. Minnətdarlıq həm də daha böyük mənzərəni görməyə və çətin anlarda daha dözümlü olmağa kömək edir.
Siz həm də başqalarına sadəcə təşəkkür etməklə - bu gün nəyə görə minnətdar olduğunuzu söyləməklə və ya təşəkkür mesajları göndərməklə minnətdarlığı daha təbii şəkildə həyata keçirə bilərsiniz. Yenə də bu, əhəmiyyətsiz görünə bilər, lakin bu, həqiqətən də vacibdir, çünki araşdırmalar göstərdi ki, gündəlik minnətdarlıq yüksək səviyyəli müsbət emosiyalar və daha yüksək sosial rifahla əlaqələndirilir.
4. Ev heyvanları ilə vaxt keçirin
Ev heyvanlarım ailə həyatımızın ayrılmaz hissəsi olmaqla yanaşı, gündəlik xoşbəxtliyimin tərkib hissəsidir. İtlərimin sayəsində gəzintiyə çıxmaq mənim üçün daha asandır. Tədqiqatlar göstərir ki, itlər sahiblərini daha aktiv olmağa həvəsləndirir və bunu edərkən həm it, həm də insan birlikdə hər ikisini daha xoşbəxt edən xoş bir təcrübə yaşayırlar.
Mən çay içib kitab oxuyanda pişiklərimin yanımda oturmasını da çox sevirəm. Tədqiqatlar göstərdi ki, ev heyvanları nəinki sağlamlıq və mənəvi rahatlıq kimi bir çox faydaları təmin edir, onlar həm də depressiya və narahatlığı azalda, xoşbəxtliyi artırmağa və özünə inamı yüksəltməyə kömək edə bilər.
Araşdırmalarım belə nəticəyə gətirib çıxarır ki, xoşbəxtliyin əsas komponentləri həm zehni, həm də fiziki olaraq sosial əlaqələr və fəaliyyətdir. Və gündəlik vərdişlərin və istəklərin köməyi ilə həyatınızı yaxşılığa doğru dəyişməyə çalışaraq, onu daha xoşbəxt və daha dolğun edə bilərsiniz.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26