Interposta.Info

 

“İran televiziyaları terrorçudan müsahibə almaqla onun günahsız olduğunu sübut etmək istədilər” - ŞƏRH + FOTO

Dünya
 28-01-2023, 17:02     172

“Tehranda Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş terror hadisəsi dövlətə qarşı müdaxilə cəhdi kimi dəyərləndirilir və ciddi narahatlıq doğurur. Bu cür hadisələrin diplomatik orqanlara qarşı həyata keçirilməsi həm də beynəlxalq hüququn kobud şəkildə pozulması anlamına gəlir”.

Bunu ötən gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu Oxu.Az-a şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib.

Politoloq hesab edir ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş bu terror hadisəsi bir çox məqamları ortaya qoyub:

“İlk olaraq yayılan videogörüntülərdən aydın olur ki, bir neçə şəxsin iştirakı ilə həyata keçirilmiş bu hadisəyə polis çox loyal münasibət göstərirdi və onun qarşısını almaq üçün heç bir tədbir görmədi. İkincisi, hadisədən sonra İran rəsmiləri bunu məişət zəminində baş verən insident kimi izah etməyə çalışdılar. Üçüncüsü, İran televiziyaları terrorçudan müsahibə almaqla onun günahsız olduğunu sübut etməyə cəhd göstərdilər.



Qeyd olunan bu və bu kimi məqamlar bir daha hadisənin məqsədyönlü, planlaşdırılmış və birbaşa sistemli şəkildə yuxarıdan idarəolunan terror aktı olduğunu deməyə əsas verir. Silah gəzdirməyin və ondan istifadənin mümkünsüz olduğu İran kimi bir ölkədə bir neçə şəxsin səfirlik önündə terror hadisəsi törətməsinin təsadüfi olmadığı məlum olur. Deməli, bu terror aktı həm də beynəlxalq ictimaiyyətin İran barədə irəli sürdüyü ehtimalların, şübhələrin əsassız olmadığını bir daha göstərir. Məhz son günlərdə İranla Azərbaycan arasında müxtəlif formada gərginliyin müşahidə olunması və İranın Azərbaycanı təhdid etməsi, güc nümayiş etdirməsinin heç bir nəticə verməməsi, görünür, İranı Azərbaycanı terrorla hədələməyə sövq edib”.

Həmsöhbətimiz onu da əlavə edib ki, Azərbaycanın Ermənistanla münasibətlərdə prinsipiallıq nümayiş etdirməsi, güzəştə getməməsi, habelə İranın özünə düşmən hesab etdiyi dövlətlərlə münasibətlərini daha da möhkəmləndirməsi ona qarşı mübarizənin İran üçün uyğun olan yolla həllinə təkan verib:

“Azərbaycan isə İranla münasibətlərin hər zaman beynəlxalq hüquq normaları və qarşılıqlı anlaşma şəraitində həllinə tərəfdar olduğunu bəyan edib və buna tərəfdar olduğunu göstərib. Düşünürəm ki, hazırkı məqamda bu terror hadisəsinin həyata keçirilməsi qəbuledilməzdir və münasibətlərin sonrakı taleyinə kölgə salacaq. İranın bu addımı beynəlxalq ictimaiyyətin, onsuz da, ona qarşı yaxşı olmayan münasibətlərinin daha da pisləşməsinə, beynəlxalq imicinin, nüfuzunun daha da zədələnməsinə, dövlətlərin ona qarşı hücumlarına rəvac vermiş olacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26