Interposta.Info

Amerika İranı hədələdi: Rusiyaya dronlar verilərsə…

Dünya
 19-07-2022, 14:49     285

ABŞ Dövlət Departamenti İranı sanksiyalarla hədələyərək, Rusiyaya pilotsuz təyyarələrin təhvil verilməsinə görə sanksiyaların dünya ölkələri tərəfindən tətbiq ediləcəyini açıqlayıb.

Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: "İstənilən transfer bizdən və ola bilsin ki, dünyanın digər ölkələrindən də sanksiyalara səbəb olacaq. Biz hələ ki vəziyyəti izləyirik”.

ABŞ Dövlət Departamentinin sözçüsü davam edib: "Biz İrandan Rusiyaya pilotsuz təyyarə texnologiyası göndərilməsi ilə bağlı narahatlıqlarımızı müzakirə etdik və bu məsələni yaxından izləyəcəyik. Bizim bütün sanksiyalar qüvvədə qalır və bu xarakterli hər hansı sövdələşmə Rusiyaya və İrana qarşı bir sıra sanksiyalar tətbiqinə səbəb olacaq”.

Vurğulanır ki, ABŞ hökuməti bundan əvvəl İranın Rusiyaya silah daşıya bilənlər də daxil olmaqla yüzlərlə pilotsuz təyyarə göndərməyi planlaşdırdığını açıqlamışdı.

CNN xəbər verir ki, ruslar silah daşıya bilən dronları yoxlamaq üçün son bir ayda ən azı iki dəfə İrana səfər ediblər. Amerika rəsmiləri CNN-ə bildiriblər ki, iyun ayında İran Kaşan hava limanında Rusiyaya Şahid-191 və Şahid-129 pilotsuz təyyarələrini nümayiş etdirib. Hər iki tip dron dəqiq idarə olunan raketləri daşımaq qabiliyyətinə malikdir.

Amerikanın milli təhlükəsizlik müşaviri Cek Sallivan bununla bağlı deyib: "Bizdə İran hökumətinin Rusiya üçün silah daşıya bilən pilotsuz təyyarələr də daxil olmaqla bir neçə yüz pilotsuz təyyarə hazırladığını göstərən məlumatlar var”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26