Interposta.Info

ABŞ və Rusiyaya Cənubi Qafqazda sülh, yoxsa konflikt lazımdır - rəylər

 

Dünya
 26-04-2022, 09:52     232

Murad Sadəddinov: “ABŞ, Rusiya və Fransa öz təsir imkanlarını itirməmək uğrunda mübarizə aparırlar”
Abutalıb Səmədov: “Birləşmiş Ştatlar Güney Qafqazda sülhün olmasında maraqlıdır, ancaq bunu Azərbaycanın maraqlarını gözardı etməklə, ermənilərin beynəlxalq hüquqa zidd olan istəklərini əsas götürməklə reallaşdırmaq istəyir”

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Bakıya səfər edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfirliyin yaydığı məlumatda deyilir: “24-29 aprel tarixlərində Bakıda səfərdə olacaq ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir”.

E.Şofer daha əvvəl Ermənistanda səfərdə olub.

Dövlət Departamenti rəsmisinin Cənubi Qafqaza gəlməsi ABŞ-ın bu bölgədə təşəbbüsü ələ almağa çalışması deməkdir. Amerika bölgəni şəriksiz, yəni Rusiyasız nəzarətə almağı qarşısına məqsəd qoyub? Ehtimallara görə, Avropa İttifaqının vasitəsilə Azərbaycanla Ermənistan arasında sülh prosesinin başladılması da Vaşinqtonun iradəsinin məhsuludur. Bəs gerçəkdən, Birləşmiş Ştatlar Güney Qafqazda sülhün, əmin-amanlığın olmasında maraqlıdırmı? Bunun üçün Qarabağ məsələsi ədalətli şəkildə həllini tapmalıdır. Azərbaycanın işğaldakı torpaqları geri qaytarılmalıdır. Bu, ABŞ-a lazımdırmı? Bu perspektiv Ağ Ev və Pentaqon üçün cəlbedicidirmi? Yoxsa bu təşəbbüslər Rusiyanın qarşısına çıxıb, ona Güney Qafqazda şərik olmaqdırmı?


Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, məlum səbəblərdən - yəni Minsk Qrupunun faktiki olaraq dağılması, fəaliyyətinin dayanması ilə bağlı Cənubi Qafqazda, xüsusilə Ermənistanla Azərbaycan münasibətlərinin tənzimlənməsində ABŞ, Rusiya və Fransa öz təsir imkanlarını itirməmək uğrunda mübarizə aparırlar. Bu dövlətlərin müxtəlif rıçaqlar axtaracağı gözlənilən idi: “Rusiya müharibədən sonra bilirsiniz ki, hələ 44 günlük müharibənin gedişində birbaşa olaraq vasitəçilik etməyə başlamışdı və müharibənin sonunda özünün sülhməramlı qüvvələrini regiona yeritdi. Rusiyanın bu şəkildə önə çıxması, təşəbbüsü ələ alması ABŞ və Fransada qıcıq yaradırdı. Bundan sonra hər iki dövlət öz təsir elementlərini gücləndirmək üçün özlərinin xüsusi nümayəndələrini təyin etdilər. İndi həmin nümayəndələr vasitəsilə regionda fəaliyyətlərini, mövcudluqlarını davam etdirmək istəyirlər. ABŞ nümayəndəsinin Bakıya səfəri bu siyasətin davamı kimi qəbul olunmalıdır.

Onların əsl məqsədinin Cənubi Qafqazda sülh yaratmaq olub-olmamasına gəlincə, bu çoxşaxəli bir sualdır və birmənalı cavab vermək çətindir. Hər zaman böyük dövlətlər kiçik dövlətləri nəzarətlərində saxlamaq üçün konfliktlər faktorundan istifadə ediblər. Ona görə də bu cür konfliktlərin tamamilə aradan qalxması böyük dövlətlərə sərf etmir. Baxmayaraq ki, sözdə onlar hər zaman sülhü dəstəklədiklərini, sülhə çalışdıqlarını bəyan edirlər, əslində sülhün yaranmasına özləri əngəl olurlar. İndi bu açıq şəkildə özünü göstərir. Ermənistan hakimiyyətinə bütün vasitələrlə təsir və təzyiq edirlər ki, Azərbaycanla sülh sazişi imzalamasın".

Ekspertin sözlərinə görə, istər Rusiya, istərsə də ABŞ və Fransa Dağlıq Qarabağ probleminin mövcud olmaması faktını inkar edirlər və problemin olmasında maraqlarını gizlətmirlər: “ABŞ Konqresi Azərbaycan ərazisi olan Qarabağda olan separatçı qondarma quruma maliyyə yardımı göndərir. Bu, sülhə xidmət etmək deyil, sülhə əngəl olmaq, separatizmi dəstəkləmək və bu vasitə ilə bölgədə təsirini saxlamaq məqsədi güdən davranışdır. ABŞ Cənubi Qafqazda uzunmüddətli sülhün yaradılması işinə mənfi təsir göstərir. Amerika burada sülhü deyil, öz maraqlarını dəstəkləyir. Həmçinin Rusiya və Fransa da öz maraqlarını dəstəkləyirlər. Bu ölkələrin arasında bölgədə tək hakim güc olmaq uğrunda mübarizə gedir. Vaşinqton Qarabağ məsələsində Rusiyanın təşəbbüsü ələ almasını görür və bu prosesdə kənarda qalmaq istəmir. Xüsusi nümayəndənin Ermənistana və Azərbaycana səfəri də bununla əlaqədardır. ABŞ bu regionda Türkiyənin təsir imkanlarının artmasına da qıcıqla yanaşır. Türkiyənin nüfuzunun artmasının qarşısını almaq istiqamətində addımlar atır. Bir sözlə, haqqında söhbət gedən səfər sırf ABŞ-ın öz maraqlarını həyata keçirməsi üçün edilən səfərdir və sülhə xidmət etmir. Rusiya və ABŞ Ermənistanın boğazından əllərini çəksələr, o zaman sülh sazişi imzalanar və bölgəyə davamlı sülh gələr”.

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferin regiona səfəri Azərbaycana yaxşı heç nə vəd etmir və ciddi narahatlıq doğurur. Bu da ilk növbədə Bayden administrasiyasının tutduğu qeyri-konstruktiv və açıq ermənipərəst mövqe ilə əlaqədardır. Bu fəallığın əsas məqsədinin zəiflədiyi güman edilən Rusiyanı regiondan tədricən sıxışdırıb çıxarmaq olduğu şübhə doğurmur: “Əgər ABŞ Azərbaycana və Ermənistana münasibətdə ədalətli mövqe tutsaydı, təbii ki, biz buna sevinərdik və bu planların baş tutması üçün əlimizdən gələn yardımı göstərərdik. Ancaq təəssüf ki, dünyanın supergücü qətiyyən ədalətli davranmır və Azərbaycana, bütövlükdə türk dünyasına qarşı hər birimizdə-Qərbin 5-ci kolonu istisna olmaqla - hiddət doğuran addımlar atmaqda davam edir.

Bizi narahat edən əsas məsələlərin bir neçəsini sadalayaq:

Birincisi, ABŞ-ın Türkiyəni regiona və Azərbaycan-Ermənistan münaqişəsinə yaxın buraxmaq istəməməsi və onu hər vasitə ilə uzaqlaşdırmaq cəhdləri.

Hələ ikinci Qarabağ müharibəsinin son günlərində ABŞ prezidentinin köməkçisi Robert O"Brayen bəyan etmişdi ki, “Türkiyənin sülhyaratma və vasitəçilik prosesində iştirakı barədə verilən ”uğursuz təkliflər" ABŞ və Ermənistan üçün qəbuledilməzdir!".

Eyni mövqeyi 17 noyabr 2020-ci il tarixdə Parisdə fransalı həmkarı ilə görüşdən sonra dövlət katibi Pompeo da sərgiləmişdi və bəyan etmişdi ki, “Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa danışıqlarda Rusiya və Türkiyənin yeganə vasitəçi olmasına imkan verməyəcəklər!”

İkinci narahatlıq doğuran məqam ABŞ-ın dəfələrlə Qarabağ münaqişəsinin həll olunmadığını bəyan etməsi və Qarabağa yüksək status verilməsini tələb etməsidir. 2021-ci ilin fevralında Müdafiə Nazirliyinin tabeliyindəki qurumlardan birində keçirilən müzakirələrdən sonra “Azərbaycan üçün Deyton sazişi” təklifinin verilməsi ciddi narahatlıq doğurmaya bilməz. Çünki bu təklifə bənzəyən və 1998-ci ilin noyabrında təqdim olunan “Ümumi dövlət” variantı məğlub durumda olan Azərbaycan rəhbərliyi tərəfindən qətiyyətlə rədd edilmişdi. İndi 44 günlük müharibədə qazanılan möhtəşəm qələbədən sonra ABŞ müzakirəsi belə mümkün olmayan belə bir təklifi səsləndirməyə cəsarət edir".

A.Səmədov qeyd etdi ki, gerçəkdən, Birləşmiş Ştatlar Güney Qafqazda sülhün, əmin-amanlığın olmasında maraqlıdır. Ancaq çox təəssüf ki, bunu Azərbaycanın ədalətli mövqeyini, maraqlarını gözardı etməklə, ermənilərin beynəlxalq hüquqa zidd olan istəklərini əsas götürməklə reallaşdırmaq istəyir. Biz isə bununla razılaşa, buna imkan verə bilmərik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26