Interposta.Info

Zelenskinin xanımından dünya mediasına açıq məktub: “Bu, dinc əhalinin qətlidir”

Dünya / Manşet
 9-03-2022, 18:12     340

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya dünya mediasının nümayəndələrinə açıq məktub ünvanlayıb.

"İnterPosta" xəbər verir ki, məktub Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Məktubu olduğu kimi təqdim edirik:

"İndi mənə dünyanın hər yerindən media nümayəndələri müraciət edərək müsahibə almaq istəyir. Mən bu məktubumla hər kəsə cavab vermək istərdim. Bu, mənim Ukraynadan verdiyim ifadədir.

Bir həftə əvvəl baş verənlər inanılmaz idi. Mənim ölkəm dinc idi, meqapolislər, şəhərlər və kəndlər həyatla dolu idi.

Fevralın 24-də müharibənin başlanması xəbəri ilə oyandıq. Tanklar Ukrayna sərhədini keçdi, təyyarələr hava məkanımıza soxuldu. Şəhərlər raket qurğuları ilə əhatə olundu.

Mən şahidlik edirəm: Bu işğalı "xüsusi əməliyyat” adlandıran Kreml təbliğatçılarının vədlərinə baxmayaraq, bu, dinc əhalinin qətlidir!

Ən dəhşətlisi isə uşaqlar arasında qurbanların olduğu haqqında oxumaqdır. Axtırkada ölən təxminən səkkiz yaşlı Alisa – hansı ki, babası onu qorumaq üçün özünü sipər etmişdi. Yaxud valideynləri ilə birlikdə gülləbaran edilən kiyevli Polina, 14 yaşlı Arsen haqqında… Paytaxtın bir vaxtlar sakit şəhərətrafı qəsəbəsində şüşə parçası uşağın başına düşdü və atəşlər altında olan təcili yardım onun köməyinə çata bilmədi.

Rusiya bir daha "mülki əhaliyə qarşı müharibə aparmırıq” dedikdə, ilk olaraq bu adları çəkəcəyəm.

Mən şahidlik edirəm: Qadınlarımız və uşaqlarımız bombadan qorunma sığınacaqlarında, zirzəmilərdə yaşayırlar. Yəqin ki, Kiyev və Xarkov metrosundan olan şəkilləri görmüsünüz, burada insanlar uşaqlar və ev heyvanları ilə yerdə uzanıblar. Bu, bəziləri üçün möhtəşəm kadrlar ola bilər, ancaq bir həftədir ki, ukraynalılar üçün yeni dəhşətli reallıqdır. Elə şəhərlər var ki, ailələr bir neçə gündür bomba sığınacaqlarını tərk edə bilmirlər.

Uşaqlarımız zirzəmilərdə dərs keçirlər. Doğum evləri isə yerin altına köçürülməli olduğu üçün uşaqlarımız zirzəmilərdə doğulurlar. Mavi səmanı yox, zirzəminin beton tavanını görən müharibənin ilk uşağı elə işğalın ilk günündə dünyaya gəlib. İndi artıq onlarla uşaq var ki, onlar hələ həyatlarında günəş işığını görməyiblər.

Mən şahidlik edirəm: Bu müharibə dinc əhaliyə qarşı təkcə top atəşinə tutulmaqla aparılmır, daimi müalicə və baxıma ehtiyacı olan insanlar bundan məhrum olunub.

Zirzəmidə insulin yeritmək asandır? Bəs atəş altında astma dərmanı axtarmağa nə deyirsiniz? Hələ həyati vacib kimyaterapiya və şüalanmanın gecikdirildiyi minlərlə xərçəng xəstəsini demirəm.

Yollarımız qaçqınlarla doludur – artıq bir çoxunuz ölkələrinizdə gözləri ağlamaqdan yorğun qadınları və uşaqları görürsünüz. Kişilər onları sərhədə aparır və döyüşmək üçün qayıdırlar. Axı bütün bu dəhşətlərə ukraynalılar təslim olmurlar.

Təcavüzkar Rusiya Ukrayna şəhərlərini asanlıqla ələ keçirəcəyini düşünürdü. Amma gözlənilmədən o, təkcə Ukrayna ordusunun deyil, bütün vətəndaşların müqaviməti ilə qarşılaşdı. Ukraynadilli və ya rusdilli, müxtəlif siyasi əqidədən, dindən, millətdən olan ukraynalılar işğaldan əvvəl heç vaxt olmadığı kimi birləşdilər.

Kremlin təbliğatçıları lovğalanırdılar ki, ukraynalılar onları "azadlıqlarına qovuşduranları" gül-çiçəklə qarşılayacaqlar. Amma ukraynalılar onları molotov kokteyli ilə qarşılayır.

Hücuma məruz qalan şəhərlərin sakinləri sosial şəbəkələrdə koordinasiya quraraq evləri mühafizə edir, tənhalara kömək edir, yemək hazırlayır, müdafiəçilər üçün dərman və sursat toplayır. Onlar sadəcə apteklərdə, mağazalarda, nəqliyyatda, kommunal xidmətlərdə öz işlərini görürlər ki, həyat davam etsin və qələbə qazanılsın.

İndi bütün ukraynalılar orduya çevrilib, hamı könüllü olub. Bu isə təcavüzkarın planlarını məhv etdi. Hamısına təşəkkürlər!

Mən şahidlik edirəm: Təcavüzkar gizlətsə də, rus hərbçilərin itkiləri minlərlədir. Biz rus anaları üçün "qaynar xətt” yaratmışıq ki, oğullarının Kremldə deyildiyi kimi təlimdə deyil, Ukraynanı işğal etməyə çalışarkən öldüklərini öyrənsinlər.

Mən şahidlik edirəm: Ukrayna sülh istəyir! Lakin Ukrayna özünü müdafiə edəcək və heç vaxt təslim olmayacaq.

Və bizə lazım olan səmanı bağlamaqdır! Nəhayət, ağ əlcəklərinizi çıxarın, onsuz da neytral qala bilməyəcəksiniz. Çünki Putin növbəti dəfə sizə hücum edə bilər. Səmanı bağlayın, yerdə isə biz özümüz onun öhdəsindən gələ bilərik.

Atəşin kəsilmədiyi, insanların dağıntılar altında qaldığı və artıq bir neçə gündür zirzəmilərdən, hətta yemək almaq üçün çıxa bilmədiyi şəhərlərdə humanitar yardımın gətirilməsi və dinc sakinlərin təhlükəsiz yerə getməsi üçün bizə təhlükəsizlik dəhlizləri lazımdır.

Fürsətdən istifadə edib bizə humanitar yardımın edilməsi üçün müraciət edirəm və bu yardımı edənlərə, həmçinin bizim qadın və uşaqlara sığınacaq verənlərə minnətdarlığımı bildirirəm. Və Ukraynaya dəstək üçün meydanlara çıxan ölkə sakinlərinə minnətdarlığımı bildirirəm. Biz bunu görür və qiymətləndiririk!

Əziz digər ölkə KİV nümayəndələri, sizə müraciət edirəm: Bizdə baş verənləri göstərməkdə və həqiqəti danışmaqda davam edin. Hətta hücum etmə faktını təkzib edən Rusiya Federasiyasının başlatdığı informasiya müharibəsində hər bir şahidlik çox vacibdir. Və bir də bu məktubumla dünyaya çatdırmaq istəyirəm ki, müharibə Ukraynadadır, "haradasa oralarda” deyil. Bu müharibə Avropada və Avropa İttifaqının sərhədindədir. Ukrayna artıq sabah sizin dinc şəhərlərə işğalçı məqsədlə girə biləcək gücün qarşısını alır.

Nüvə müharibəsinə başlayacağı ilə hədə-qorxu gələn Putini saxlamasalar, dünyada təhlükəsiz yer ümumiyyətlə qalmayacaq. Mən bilirəm, bütün bunlar dəhşətli yuxu kimi səslənir. Bu, bizim yeni reallığımızdır. Biz bunu yaşayırıq və bilmirik, bu nə qədər davam edəcək. Amma biz mütləq qalib gələcəyik!

Biz birik və bizim silahımız var. Bu, birlik adlanır. Ukraynaya sevgi birliyi. Yaşasın Ukrayna!”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26