Interposta.Info

Nazarbayevin xalqa müraciəti yayıldı (VİDEO)

 

Dünya / Manşet
 18-01-2022, 16:42     287

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev yanvarın əvvəli hadisələrindən sonra ilk dəfə susqunluğunu pozaraq baş verənlərə münasibət bildirib. Çoxlarının artıq ölmüş hesab etdiyi ümummilli liderin videomüraciəti yanvarın 18-də internetdə yayılıb.

Nazarbayev videoda deyir: ""Yanvar hadisələri bütün Qazaxıstanı sarsıtdı. Məqsəd... ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi”.

Siyasətçi hadisəni "hamımız üçün dərs olan faciə” adlandırıb. O, "müstəqilliyi göz bəbəyi kimi qorumağa” və "bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini” aşkar etməyə çağırıb. Nazarbayev həmçinin həlak olanların ailələrinə başsağlığı verib.

Nazarbayev onun şəxsiyyəti ilə bağlı "çoxsaylı müraciətlərə” də cavab verib. Açıqlamalardan belə çıxır ki, o, 2019-cu ildən prezidentin səlahiyyətlərini Kasım-Jomart Tokayevə verərək təqaüdçü olduğu üçün vəziyyətə qarışmağı və hətta ictimai məkanda görünməyi lazım bilməyib. O, şayiələrin əksinə olaraq xalqı vətəndə qalacağına inandırıb.

"Mən Qazaxıstanın paytaxtında haqqım çatan istirahət edirəm və heç bir yerə getməmişəm", - Nazarbayev əmin edib.

Bundan əlavə, Nazarbayev hakimiyyət böhranı və elitaların mübarizəsi ilə bağlı şayiələri təkzib etməyə çalışıb. Belə ki, o, Tokayevin "tam hakimiyyətə sahib olduğunu”, tezliklə "Nur Otan” partiyasının sədri seçiləcəyini bəyan edib, çünki onun sözlərinə görə, "elitada heç bir münaqişə və ya qarşıdurma yoxdur”.
Monoloqun sonunda Nazarbayev Qazaxıstan xalqına öz xidmətlərini xatırladıb: "30 ildir ki, mən Vətənimiz naminə yorulmadan çalışıram”. O, nailiyyətləri sadalayıb: "sərhədləri möhkəmləndirdim”, "mütərəqqi islahatlar apardım”, "müstəqil Qazaxıstan qurdum”, sosial-iqtisadi sahədə yaxşı nəticələr əldə etdim, "Qazaxıstan tanınan və mötəbər dövlətə çevrildi”. Nazarbayevin sözlərinə görə, onun məqsədi həmişə ölkə üçün sabitlik və əmin-amanlıq olub və bütün xalq "bu davamlı dəyərləri qorumalıdır”. O, prezidentin ətrafında birləşməyə və onun islahat proqramını dəstəkləməyə çağırıb.
"Sizə, əziz həmvətənlər, cansağlığı və firavanlıq arzulayıram!” - deyə siyasətçi yekunlaşdırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26