Avstraliyanın paytaxtında yeni koronavirusa görə fövqəladə vəziyyət elan edilib
Avstraliyanın Kanberra şəhəri administrasiyası və Viktoriya ştatının hökumət orqanları yeni koronovirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan bu ərazilərdə fövqəladə vəziyyət elan ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Viktoriya ştatında fövqəladə vəziyyət hələlik dörd həftə müddətinə tətbiq ediləcək. Regionun Baş Naziri Daniel Endryus bəyan edib ki, fövqəladə vəziyyət ona ehtiyac duyulan dövrədək davam edəcək. Bununla əlaqədar atılacaq addımlar çərçivəsində ştatın hökuməti 500-dən çox iştirakçının qatıldığı tədbirləri ləğv etmək, yeni gələnləri 14 gün müddətinə karantinə yerləşdirmək hüququna malikdir.
Viktoriya ştatının ardınca Kanberra hökumətinin başçısı Endryu Barr da paytaxt ərazisində bir həftəlik fövqəladə vəziyyət elan olunduğunu bəyan edib.
Xatırladaq ki, Avstraliyanın hakimiyyət orqanları yeni koronovirusun yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görüb. Martın 16-dan başlayaraq, bu ölkəyə yeni gələnlərin hamısı 14 günlük müddətə özünü cəmiyyətdən təcrid etməlidir. Avstraliyada bu günədək 250 yeni koronavirusa yoluxma halı qeydə alınıb. İndiyədək 23 nəfərin həmin xəstəlikdən sağaldığı, lakin 3 nəfərin vəfat etdiyi bildirilir. Hazırda Avstraliya sərhədləri Çin, Cənubi Koreya və İrandan gələnlər üçün bağlıdır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26