Interposta.Info

Avstraliyada yanğınlarda 1 milyarddan çox heyvan tələf olub - FOTO

Dünya
 9-01-2020, 16:01     375

Avstraliyada 2019-cu ilin sentyabrından indiyə kimi davam edən yanğınlarda 1 milyarddan çox heyvan məhv olub.

APA-nın xəbərinə görə, bu barədə Sidney Universiteti məlumat dərc edib.

Sidney Universitetinin Elm və Araşdırmalar Departamentinin professoru Kris Dikman apardığı araşdırmalara əsasən, bir neçə həftə öncə Yeni Cənubi Uels inzibati ərazisində yanğınlarda 800 milyon heyvan məhv olub.

Alim bildirib ki, ümumilikdə Avstraliya ərazisində 1 milyarddan çox heyvan tələf olub.

“Düşünürəm ki, bu qədər böyük bir ərazidə baş verən yanğın ilə müqayisə ediləcək heç bir şey yoxdur. Coğrafi cəhətdən və bu fəlakətin təsirinə məruz qalan heyvanların sayı baxımından bu dəhşətli bir hadisədir. Avstraliyanın biomüxtəlifliyinin son bir neçə onillikdə azaldığını bilirik. Avstraliyada məməli heyvanların yüksək sürətlə tələf olması kifayət qədər yaxşı məlumdur. Bu fəlakət isə bir sıra digər növlər üçün nəsli kəsilmə prosesini sürətləndirə biləcək bir hadisədir”, - deyə o, bildirib.

K. Dikman qeyd edib ki, yanğınlardan sağ qurtulan heyvanlar isə yenidən bu ərazilərə qayıtsalar da, qidalanma üçün heç bir şey tapa bilmirlər.

Professorun tədqiqatı Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) 2007-ci ildə torpaqların təmizlənməsinin Avstraliya vəhşi təbiətinə təsiri barədə məlumatlara əsaslanır. Bu məlumatları başlanğıc nöqtəsi kimi istifadə edərək Sidney Universitetinin əməkdaşları meşələrdə vahid sahəyə düşən heyvanların orta sıxlığını hesablayıblar. Sonrakı hesablamalar yanmış meşənin vahid ərazisində ölən heyvanların sayının təxmini göstəricisini hesablamağa və onu yanğınla məhv edilmiş ümumi əraziyə tətbiq etməyə imkan verib.

Xatırladaq ki, artıq neçə həftədir ki, Avstraliyada davam edən yanğınlar 25 nəfərin ölümünə və hektarlarla yaşıl sahələrin məhvinə səbəb olub. Dünya ölkələri təbii fəlakətlə mübarizə üçün Avstraliyaya yardım təklif edib.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26